Abşeron Rayon Məhkəməsində qonşusunu döyməkdə təqsirləndirilən Kamal Səmədovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Korrupsiya.az-ın əldə etdiyi məlumata görə, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.
İttihama görə, hadisə 11 may 2022-ci il tarixdə, saat 21 radələrində Abşeron rayonu ərazisində qeydə alınıb. Belə ki, Kamal Səmədov qonşusu, zərərçəkmiş Qalib Məmmədovu (şərti) onun yaşadığı evdə qızına qarşı seksual xarakterli hərəkətlər etməsi səbəbi ilə döyüb. Həmin vaxt təqsirləndirilən şəxs əli və ayağı ilə qonşusunun sifət nahiyəsinə zərbələr vurub. Nəticədə o, Qalibə burun sümüyünün birtərəfli yerdəyişməsiz sınığı və baş beyinin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə beyin travması xəsarətləri yetirib. Məhkəmə istintaqı zamanı tərəflər barışmış, zərərçəkmişin şikayət və tələbə olmamışdı.