Ali Məhkəmədə Lənkəran rayonunun Şirinsu kənd orta məktəbinin sabiq direktoru Zeynəb Əhmədovanın barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, kassasiya şikayəti və ona əlavə qismən təmin edilib, Şirvan Apellyasiya Məhkəməsinin çıxardığı qərar dəyişdirilib. Məhkuma Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə görə, Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsi ilə eyni Məcəllənin 46.2-ci maddəsi tətbiq edilərək 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasından azad edilib. Şirvan Apellyasiya Məhkəməsinin qərarından – Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən, cinayətlərin məcmusu üzrə əsas və əlavə cəzaların təyin edilməsinə dair müddəalar xaric edilib. Zeynəb Əhmədovaya Cinayət Məcəlləsinin 311.1-ci maddəsi ilə təyin olunan 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunub, 2 il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilib. O, həbsdən azad olunub.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. Bildirilib ki, Z.Əhmədovanın barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılıb. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti ilə Şirvan Apellyasiya Məhkəməsinə müraciət edib. Məhkəməsinin qərarına əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm ləğv edilib. Belə ki, Z.Əhmədovun barəsində 4 il 6 ay müddətində azadlıqdan mərhumetmə cəzası çıxarılıb. O, məhkəmə zalında həbs edilib. İttiham aktına əsasən, Z.Əhmədova işlədiyi müddət ərzində müxtəlif cinayətkar üsullardan istifadə edilməklə faktiki olaraq tədris olunmayan dərs saatlarının rəsmiləşdirilməsi yolu ilə və digər qanunsuz vasitələrlə dövlət büdcəsindən ayrılan ümumilikdə 3 min 849 manat məbləğində pul vəsaiti mənimsəməyib. O, həmçinin öz vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə işə qəbul üçün müraciət edən şəxsin tam ştat vahidi üzrə vakant elektrik vəzifəsinə təyin olunması müqabilində 500 manat məbləğində pul vəsaiti və digər maddi neməti rüşvət qismində alıb. İstintaq dövründə Z.Əhmədovanın barəsində Cinayət Məcəlləsinin 179.2.3-cü (Mənimsəmə və ya israf etmə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 311.1-ci (Rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdi.

Paylaş