“Tam səmimi deyirəm ki, bəzi sürücülər elə döyülməlidir”.
Bunu açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı minik avtomobillərinin sürücüləri tərəfindən avtobus sürücülərinin döyülməsi ilə bağlı baş verən hadisəyə münasibət bildirərkən deyib.
Ekspert hesab edir ki, kimsə kimisə aşağılaya, yuxarıdan aşağı baxa bilməz:
“Sükan arxasında hamı bərabər hüquqlara mailkdir. Sürücüdür, hüquq və vəzifələri var. Yalnız operativ nəqliyat vasitələrinin sürücülərinə üstünlük verilir. Sükan arxasında olan digərlərinin isə hüquq və vəzifələri bərabərdir. Avtobusların zolaqları var, onlara üstünlük verilir, çünki ictimai nəqliyyatdır. Onlar üçün bir çox addımlar atılır. Biz hadisələri araşdırarkən görmürük ki, hamısında minik avtomobillərinin sürücüləri günahkardır. Bəzi avtobus sürücüləri arasında çox kobud davrananlar var. Mən özüm dəfələrlə belə halla rastlaşmışam. Qanunda deyilir ki, avtobus dayanacağından çıxan avtobusa yol verilməlidir. Avtobus sürücüsü baxır ki, yanında maşın onun tam bərabərliyindədir, onu keçmək istəyir. Başlayır siqnal verib onu sıxmağa ki, niyə mənə yol vermirsən və s. Sən niyə qışqırırsan, niyə kobud davranırsan ki, səni də düşüb döysünlər?”.
Elməddin Muradlı bildirib ki, hər baş verən hadisənin qanuni tərəfləri var:
“Hər bir halda müraciət edib hadisəni hüquqi müstəvidə həll etmək olar. Elə an olur ki, insan hisslərini cilovlaya bilmir. Hesab etmirəm ki, bunlar düzdür. Hər iki tərəfdə səhv ola bilər. Sadəcə, həmin anda yola vermək də olar, necə olmasa ictimai nəqliyyat sürücüsüdür. Sən təksən, amma avtobusa 50-100 adam var, hərəsi bir evə gedir”.
Elməddin Muradlı avtobusların hərəkətinə nəzarətin vacib olduğunu qeyd edib.
Qeyd edək ki, Bakıda fəaliyyət göstərən 9 saylı marşrut xəttinin sürücüsü Vüsal Bayramov tanımadığı şəxs tərəfindən döyüldüyünü bildirib. Hadisə Yasamal rayonu ərazisində baş verib.