Mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, fevralın 7-də keçiriləcək prezident seçkilərindən sonra hökumətin tərkibi yenidən formalaşacaq. Bu proses həmişə dəyişikliklərlə müşahidə olunduğu üçün hökumət üzvlərindən kimin gedib, kimin qalacağı yenə müzakirə mövzusudur. Yenisabah.az hakimiyyətdəki mənbələri sayəsində vəzifəsini itirəcək hazırkı hökumət üzvlərindən birinin adını dəqiqləşdirə bilib. Elm və təhsil naziri Emin Əmrullayevin yeni hökumətdə təmsil olunmayacağı məlum olub. Gənc nazirin daha təcrübəli elm adamlarından biri ilə əvəzlənməsinə qərar verilib.
Mənbə E.Əmrullayevin “vurulmasını” təhsil sektorunda köklü islahatların aparılmaması ilə əlaqələndirib. Onun sözlərinə görə, imitasiya xarakteri daşıyan islahatlar bu sektorda ciddi dəyişikliyə səbəb olmadığı üçün gənc nazirin yola salınmasına qərar verilib.
Qeyd edək ki, təhsil sahəsindəki problemlər son vaxtlar daha yüksək səslə dilə gətirilir. Artıq Milli Məclisin tribunasında da bu barədə açıq mətnlə danışılır. Ötən gün isə bu məsələ prezidentliyə namizədlərin İTV-də baş tutan debatında əsas müzakirə mövzusu olub. Prezidentliyə namizəd, Milli Məclisin bitərəf deputatı Zahid Orucun problemə geniş yer ayırması təsadüfi sayıla bilməz. Digər opponentləri ilə müqayisədə hakimiyyətin mətbəxinə daha yaxından bələd olan Zahid Orucun öz çıxışında elm və təhsil sektorunda mövcud olan problemlərə geniş yer ayırması, repetitorluq institunun genişlənməsindən danışması, “müəllimlər və şagirdlər məktəbə qayıtmalıdır” məzmunlu bəyanat səsləndirməsi analitiklər üçün uzağagedən nəticələr çıxarmağa əsas verib. Siyasətdə çoxillik staja malik olan Orucun hədəfi düz vurub-vurmadığı isə yaxın vaxtlarda bəlli olacaq.