Mərkəzi Bankın “Maliyyə sektorunun İnkişafına dəstək strategiyası”nda (2024-2026) fərdi investorların kapital bazarlarında iştirakının təşviq edilməsi ilə bağlı müddəa yer alır. Burada fərdi investorların kapital bazarlarına investisiya məbləğini minimum 1 mlrd AZN-ə çatdırmaq nəzərdə tutulur.
İqtisadçı ekspert Elman Sadıqov “Ölkə.Az”a açıqlamasında bildirdi ki, bu, çoxdan gözlənilən məsələ idi: “Ölkə iqtisadiyyatında qiymətli kağızlar bazarı drayver rolunu oynayır. Müasir iqtisadiyyatı qiymətli kağızlar bazarı olmadan təsəvvür etmək olmur. Hətta dövlətlərin borclanması da qiymətli kağızlar vasitəsilə həyata keçirilir. Əhali üçün əlçatan olmayan kapital bazarı məhdud bazardır və korporativ şirkətlər, maliyyə təşkilatları və s. arasında formalaşır. Dar bazar ciddi risklər formalaşdırır. Diversifikasiya zəif, likvidlik nisbətən riskli olur. Kiçik böhranda belə maliyyə iştirakçıları geri çəkilir, bəzən də manipulyativ hərəkətlərə yol verirlər. Bu, dünyanın bir çox ölkələrində olub. Lakin əhalinin kapital bazarına əlçatanlığı həm riskləri azaldır, həm də bazarın əhatə dairəsini genişləndirməklə dərinliyini artırır. Hökumətin büdcə kəsirini bağlama imkanları genişlənir, monetar siyasətin alətlərinin təsir dairəsi artır”.
Görüləcək işlərə gəlincə E. Sadıqov deyir ki, ilk növbədə söhbət istiqraz bazarından gedəcək: “Çünki istiqrazların sistemini qurmaq daha asandır və riskliliyi aşağı olur. Bunlar Maliyyə Nazirliyinin istiqrazları, Mərkəzi Bankın notları və s. ola bilər. İlkin olaraq dövlət istiqrazlarından başlamaq daha rahat olacaq. Bu da aşağı riskli və güvənli qiymətli kağızlar olacaq. İkinci növbədə korporativ istiqrazlara əlçatanlığın təmin olunmasına ehtiyac olacaq. Bu bazar isə artıq formalaşıb: SOCAR, “Azergold” istiqrazları buna nümunədir. Bu zaman yalnız dövlət şirkətləri deyil, böyük özəl şirkətlər də istiqraz buraxa bilər. İstər özəl şirkətlərin istiqrazları, istərsə də, səhmləri ilə bağlı ciddi işlər görülməlidir. Bu da sadə məsələ deyil. Şirkət səhm emissiya etməzdən əvvəl onun maliyyə vəziyyəti ciddi şəkildə yoxlanılmalıdır. Bu, bütün ölkələrdə belədir. ABŞ-də listinqə daxil olmaq üçün çoxlu tələblər var. Şirkət maliyyəyə ehtiyac duyduqda, milyonluq səhmlər buraxıb iflas olduğunu deyə bilməz. Buna görə də, ilk növbədə istiqraz bazarı formalaşdırılıb, əhalinin əlçatanlığı təmin ediləcək. Əhali bunu anlamağa başladıqda şirkətlərə də tələblər qoyulacaq. Şirkətlərdə də bu kültürün formalaşması önəmlidir. Demək olar ki, bir çox şirkətlərdə istiqrazların mahiyyətini tam olaraq dərk etmirlər”.
“Səhmlərin emissiyası üçün şirkətin hesabatlılığının beynəlxalq standartlara uyğun olması, həmin hesabatların düzgün və obyektiv təhlili, şəffaf olması, əmsalların minimum standartlara uyğun olması vacibdir. Daha sonra IPO adlanan səhmlərin ilkin buraxılışını həyata keçirmək olar. Həmçinin şirkətlərin kapitalı da normal səviyyədə olmalıdır. Azərbaycanda real sektorda şirkətlərin kapitalı aşağıdır.
Hər bir halda kapital bazarını formalaşdırmaq çox vacibdir. Sürətli və operativ olmaq, lakin əsassız tələskənliyə yol verib risklər yaradaraq bazarı gözdən salmaq, ciddi itkilərə yol vermək olmaz. Qeyd olunan məsələlər öz əksini taparsa, bazar aktiv və etibarlı ola bilər. Qiymətli kağızlar bazarının etibarlı olması şirkətlərin hesabatlılığından, korporativ idarəetmə standartlarının səviyyəsindən və risklərin idarə edilməsindən asılıdır”, – deyə ekspert əlavə edib.