Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Asim Əliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Hakim Ziya Şirinovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Asim Əliyev məhkəmə iclas zalından həbs olunub.
İttihama görə, Asim Əliyev əvvəllər Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-istintaq idarəsinin Əməliyyat şöbəsinin rəisi vəzifəsində çalışıb. O, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasına baxmayaraq, zərərçəkmiş Pərviz Alıyevə özünü vəzifəli şəxs, yəni Fövqəladə Hallar Nazirliyinin şöbə rəisi kimi təqdim edib, Bakı Şəhər İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsində yüksək vəzifədə işləyən səlahiyyətli tanışının olduğunu bildirib. O, 2023-cü ilin yanvar ayında Bakı şəhəri ərazisində zərərçəkmişin mülkiyyətində olan qeyri-yaşayış sahəsinə dəmir konstruksiyadan ibarət əlavə dəmir köşkün quraşdırılmasına dair icazənin alınması üçün yalan vəd verib. Asim Əliyev bu yolla Pərviz Alıyevin ümumilikdə 57 000 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.