Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən iş adamı Cəfər Əliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Belə ki, onun 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası 5 ilə endirilib.
Qeyd: 1974-cü il təvəllüdlü C.Əliyevin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.
İttihama görə, C.Əliyev tanışı, zərərçəkmiş Sadiq Yusifovdan biznes qurmaq və gəlir əldə etmək adı ilə 145 min dollar (250 min manata yaxın) alıb. Lakin o, vədinə əməl etməyib və Sadiqə nəinki gəlir, aldığı pulları da qaytarmayıb. Bundan sonra S.Yusifov Cəfərdən pulunu tələb edib. Cəfər isə pulu gətirmək üçün Türkiyəyə gedəcəyini bildirib. Bir müddət sonra isə sonuncunun qohumları Sadiqə Cəfərin intihar etdiyini və dəfn edildiyini deyiblər. Lakin qısa vaxt sonra bu yalanın üstü açılıb və Cəfərin yaşadığı məlum olub. Onun barəsində edilmiş şikayət üzrə cinayət işi açılıb.