Bir-birini aldadan kim, başqasının əmlakını mənimsəyən kim, 1 evi 2 adama satan kim…

Dələduzluq aldatma məqsədi ilə qəsdən törədilən hərəkətdir. Dələduzluğun günümüzdə olduqca çox növü yayılaraq, daşınmaz əmlak, sənəd saxtakarlığı, virtual dələduzluq kimi çoxçeşidli cinayət əməlinə çevrilib.

Dələduzların içində kimlər yoxdur ki?

Məsələn, hüquq məsləhətləri verilən qrupların birində paylaşılan bir məlumatda deyilir: “Salam. Mən döşəməsi, pəncərəsi vurulan 100 kvadratlıq evin təmiri üçün 7000 AZN-ə usta danışmışam. Evin mətbəx, hamam-tualet, kombi, santexnik işləri bitmədi, dəhlizi təmir olunmadı, çünki usta işə gəlmədi. Mən zəng etdikdə “yol pulum yoxdur, pulun qalan hissəsini ver” dedi. Həmin vaxtadək ona 4500 AZN pul vermişəm və bildirmişəm ki, qalan məbləği də işi tam bitirənə qədər verəcəm. Razılaşmadım və pulun qalan 2500 manatını vermədim, daha işə gəlməməsini bildirdim. Bununla yanaşı dələduzluq edərək, bəzi əşyalarımı sataraq mənə maddi zərər də vurub. Hal-hazırda ona vermədiyim məbləğ üçün məni məhkəməyə verməklə təhdid edir. Vəkillərdən xahiş edirəm, bunun hüquq tərəfi nədir, nə ola bilər?”

Vəkillərin məsləhəti: “Siz gərək həmin şəxslə podrat müqaviləsi bağlayardınız. Əgər işi tam görməyibsə, siz onu məhkəməyə verib pulu tələb edə bilərsiz. O da məhkəməyə müraciət edə bilər, lakin işi zamanında təhvil vermədiyi üçün iddiası təmin edilməyəcək. Belə vəziyyətlərdə tərəflər arasında müqavilə olanda zərərçəkənin iddiasının təmin olunma şansı daha çox olur”.

Maraqlıdır ki, dələduzluq edən şəxslər arasında vəkil olduğunu iddia edənlər də olur. Məsələn, şikayətçinin yazdıqları: “Bir vəkil məni aldadıb pul alıb, artıq 7-ci aya keçib heç bir iş görməyib, əlimdə müqavilə var və müqavilədə verdiyim pulun məbləği, eləcə də vəkilin imzası, möhürü var. Mən pulu necə geri ala bilərəm?”

Şikayətçinin təqdim etdiyi müqavilə, ümumiyyətlə, vəkil müqaviləsi deyildi. Problem barədə vəkillərin məsləhəti: “Nəzərinizə çatdırım ki, təqdim etdiyiniz müqavilə vəkil müqaviləsi deyil və həmin şəxs Vəkillər Kollegiyasının üzvü deyil. Bununla bağlı aidiyyəti hüquq-mühafizə orqanlarına müraciət edin. Bir daha nəzərinizə çatdırırıq ki, vəkillər əsasən vəkil bürolarında fəaliyyət göstərirlər. Bu qrupda bu barədə cox yazılıb. Ölkəmizdə fəaliyyət göstərən vəkillər barədə məlumatı barassociation.az saytından ala bilərsiniz”.

Bank dələduzluğu da çox yayılıb

Bəzən banklardan gələn zənglərdə sizin hər hansı bir tanışınızın kredit öhdəliyini yerinə yetirmədiyini, zaminlik edən şəxslərin öhdəliyi yerinə yetirməsi barədə xəbərdarlıq alanlar olur. Maraqlı burasıdır ki, şəxs ümumiyyətlə kimsəyə zamin durmayıb, adıçəkilən banka ümumiyyətlə getməyib. Bununla bağlı da olduqca çox şikayətlər var.

Məsələn: “Mənə mütəmadi bankdan zəng edirlər, +99410 ilə başlayan telefon kodu idi. Bir çox uzaq qohumun kredit götürdüyünü, məni zamin yazdığını, banka nömrəmi verdiyini deyir. Dediyi adamlar kredit götürdüyünü təsdiq edir, amma məni zamin kimi yazdırmadıqlarını da deyir, hətta yazdırsa belə bunun üçün məndən icazə alınmayıb, heç bir sənədə qol çəkməmişəm. Davamlı zəng gəlir, “həmin şəxsə xəbərdarlıq edin ödəsin, ya da özünüz ödəyin, məhkəməyə veriləcəksiniz, siz də gəlməli olacaqsız” və s. deyir zəng edən şəxs. Danışıb söndürür, geri zəng edəndə də davamlı məşğul olur nömrə, ona görə əlaqə saxlamaq olmur. Bu nə dərəcədə doğrudur, belə bir şey mümkündür ki, icazəm olmadan mənə zəng etsinlər və ya zamin kimi qeyd etsinlər?”

Zərərçəkmişə verilən hüquqi məsləhət: “Hər hansısa sənədə qol çəkmədiyiniz müddətdə heç nəyə görə məsuliyyət daşımırsınız. Narahatlığa heç bir əsas yoxdur.”

Sosial şəbəkənin dələduzları

Qeyd edək ki, sosial şəbəkələr həyatımıza bu qədər pərçimləndikdən sonra dələduzluq da onlayn müstəviyə keçdi. İnsanların mərhəmətindən, inamından və etibarından sui-istifadə edən fırıldaqçıların sayı getdikcə artır. Qanunvericiliyə əsasən, dələduzluq cinayət əməli hesab olunduğu halda bəzi vəziyyətlərdə edilən şikayətlər cavabsız qalır.

Cinayət Məcəlləsinin 178-ci maddəsində göstərilir ki, aldatma və etibardan sui-istifadə etməklə özgə əmlakını mənimsəmə dələduzluq faktıdır. 500 manatdan 5 min manatadək və daha yüksək məbləğdə olan dələduzluq faktları cinayət işinin açılması üçün əsasdır. 500 manatadək olan dələduzluq hallarında isə cinayət işi başladılmır. Bu, xırda talama hesab olunur və inzibati tərkib yaradır. Zərərçəkmiş şəxslər bununla bağlı yalnız polis orqanlarına və məhkəməyə müraciət edə bilərlər.

Məsələ burasındadır ki, bir çox hallarda dələduzluğu sübut etmək də olmur. Çünki tərəflər arasında müqavilə və ya hər hansı bir əqd olmur. Bəzən də kiçik dələduzluq hallarında polisin tələbi ilə dəymiş ziyan ödənildiyi üçün iş məhkəməyə getmir. Lakin bir problem də var ki, kiçik dələduzluq hallarında polis heç də həmişə məsələni nəzarətə götürmür.

Dələduzluq niyyətləri daha çox işə düzəltmək, asan yollarla gəlir əldə etmək, biznes fəaliyyəti, əmlakın birdən çox adama satılması və bir sıra digər adlar altında gizlənir. Sosial şəbəkə fırıldaqçılığı arasında ən çox yayılan növlərdən biri bank kartları ilə bağlıdır. Dələduzlar müxtəlif insanlara bank adından zəng edir və ya mesaj yazır, kartın və hesabdakı məbləğin təhlükədə olduğunu bildirir, habelə sosial şəbəkələrdə yardım kampaniyası üçün paylaşılan kartların təhlükəsizlik kodunu əldə edir və talayır. Bu tələyə, əsasən, yaşlı nəsil düşür, çünki texnoloji yeniliklərdən, təhlükəsizlik tədbirlərindən, virtual fəaliyyət göstərən dələduzlardan xəbərsiz olurlar. Bir çox yaşlı insan bank hesabı ilə birlikdə təhlükəsizlik kodunu, habelə kartın şifrəsini yad adamlara verir.

Dələduzluqla bağlı qanun yumşaqdır?

Azərbaycan qanunvericiliyinə əsasən, cinayət işi əsasında cəzalandırmanın tətbiqi üçün minimum 500 manat məbləğində dələduzluq faktı olmalıdır. Ziyan 500 manatdan az olduqda şəxs inzibati məsuliyyətə cəlb olunur. Daha az məbləğli dələduzluq halları üçün ciddi cəza mexanizmləri mövcud olmadığı üçün də dələduzlar bundan sui-istifadə edir.

Qanunvericilikdə inzibati həbslə bağlı olan inzibati tənbeh nəzərdə tutulub. İnzibati tənbehin tətbiqetmə müddətinin artırılması ilə bağlı müzakirələr aparılmağa ehtiyac var. Bir çox hüquqşünas xırda talama ilə bağlı inzibati xətanın maddi hüquq normasının sanksiyasının artırılmasını daha doğru olacağını hesab edir.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə – 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya 360 saatdan 480 saatadək ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu məcəllədə nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır.

Mülkiyyət əleyhinə digər cinayətlərdən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlakın sahibi olan şəxs öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Yəni burada məcburetmə halı yoxdur, etibaretmə halı var və bundan sui-istifadə etmə halı mövcuddur. Buna görə də bu cinayətin törədilməsini sübut etmək, cinayətin subyektiv cəhətini- motivini müəyyən etmək olduqca çətindir.

Dələduzluq cinayətinə görə vurulmuş ziyanın məbləğindən, cinayətin, tək və ya qrup halında, ilk dəfə və ya təkrar törədilməsindən və s. hallardan asılı olaraq cərimə cəzasından tutmuş 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzasına kimi müxtəlif cəzalar nəzərdə tutulub. Dələduzların qurbanına çevrilməmək üçün pul və əmlaklarınızla bağlı sövdələşmələr zamanı diqqətli olmağınız və peşəkar vəkillər ilə məsləhətləşməyiniz tövsiyə olunur.

Səsqazeti

Paylaş