Bir qrup Bərdə rayon sakini Ulus.Az-a müraciət edib

Onlar Maliyyə Nazirliyi və Təhsil Nazirliyinin birgə komissiyasının təşkil olunmasını xahiş edirlər

Sakinlər deyirlər ki, buna səbəb Bərdənin Piyadalar kəndində yerləşən uşaq bağçasının fəaliyyətinin yoxlanılmasına yaranan zərurətdir.

Sakinlər bildirirlər ki, Piyadalar kəndində fəaliyyət göstərən bu təhsil ocağı el arasında “Zaurun bağçası” adlanır.

Məlum olub ki, həmin bağçanın belə adlanmasının səbəbi Bərdə Rayon İcra Hakimiyyətində (RİH) Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zaur Bəylərovun nəzarətində olmasıdır.

Belə ki, həmin təlim-tərbiyə müəssisəsinin işində ciddi nöqsanlar var. Z.Bəylərovun yaxın qohumu olan Adilə Quliyevanın direktorluq etdiyi Piyadalar kənd bağçasında nə davamiyyət, nə uşaqların sayı düzgün göstərilir, nə də dövlət tərəfindən verilən qida təminatı aidiyyatı üzrə istifadə edilir.

Sakinlər bildirirlər ki, hər iki nazirliyin yoxlaması nəticəsində uşaqlara veriləcək qidaların mənimsənildiyi ortaya çıxacaq. Eyni zamanda bağçaya gələn uşaqların sayı şişirdilib. Əslində, bağçada 5-10 uşaq olsa da, rəsmi hesabda 80-90 nəfərin adı göstərilir.

Bərdə sakinləri Ulus.Az-a deyirlər ki, bağçada işləyənlər də Adilə Quliyevanın yaxınlarıdır.

A.Quliyevanın həm qidaların mənimsənilməsi, həm uşaq sayının şişirdilməsində yol verdiyi mənimsəmələrə görə heç kəsdən çəkinmir. O, yaxın ətrafında bildirir ki, qohumu Zaur Bəylərov onu himayə edir.

Onun qardaşı İldırım Quliyev də Mənzil İstismar İdarəsinin rəis müavini vəzifəsinə Zaur Bəylərovun hesabına gətirilib. Bağçanın kollektivi isə qohumlardan təşkil olunub və hər gün 80-90 uşağın yeməyi silinir.

Dövlətdən gələn ərzaqlar, “ölü can”ların hesabındakı əmək kartlarına vurulan maaşlar mənimsənilir. Z.Bəylərovun bacı-qardaş qohumları məhz onun sayəsində arxayın fəaliyyətdədir.

Bundan başqa, icra nümayəndələri hər ay məcbur qalıb tələb olunan pulu vaxtında Z.Bəylərova çatdırırlar, bəziləri isə işindən imtina etmək istəyəndə Z.Bəylərov onları ilişdirməklə, prokurorluğa dosye göndərməklə təhdid edir. Yada salaq ki, Z.Bəylərov Novruz bayramında icra nümayəndələrinin başına oyun açmışdı.

Onların hər biri 5 hinduşka, 50 yumurta, 10 toyuq, 5 kilo mal əti və 5 qaz-ördək Z.Bəylərovun təsərrüfatına göndərmişdi. Guya bu ərzaq tədarükü Prezident Administrasiyasındakı rəsmilərə çatır.

Paylaş