Vasif İmanovun SOCAR şefinə milyonluq hədiyyəsi narazılıq yaradıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Prezidenti Rövnəq Abdullayevin mənimsədiyi milyonlar hesabına ölkənin bir sıra rayonlarında ucaltdığı villalar, istirahət mərkəzlərinin sayı hər keçən gün çoxalmaqdadır.
SOCAR şefinin vasitəçiliyi ilə bəzi rayonlara təyin olunan icra başçıları onun arzularını gerçəkləşdirmək üçün istənilən qanunsuz əməlləri törətməkdən çəkinmirlər. Onlar şeflərinə xoş gəlsin deyə ölkənin varını talamaqla Rövnəq Abdullayevə sadiq olduqlarını göstərməkdədirlər.
Bu mənada Pirallahı rayon icra başçısı Vasif İmanov daha çox canfəşanlıq edənlərdəndir. Rövnəq Abdullayevin yaxını sayılan icra başçısı Pirallahı rayonunda şefinə böyük torpaq sahələri hədiyyə edib. Bununla yanaşı Artyom adasına girişdə, dənizin kənarında yuz hektardan artıq ərazi zəbt olunaraq SOCAR prezidentinin mülklərinin siyahısına salınıb. Həmin ərazidə Rövnəq Abdullayevin analoqu olmayan villası var ki, bunu görənlər milyonların hara xərcləndiyini anlamamış deyillər. Villanın hektarlarla ərazini əhatə etməsi və dənizə doğru uzanması Rövnəq müəllimin proyektidir. Nəzərə alsaq ki, yüz milyonluq villada dənizə açılan mənzərədən başqa, SOCAR şefinin balaca gəmisi, idman zalı, özünə xidmət edən restoranı və digər xidmət obyektləri var.

Pirallahı icra başçısı bununla kifayətlənməyərək şefinə digər hədiyyələr də verib. Lakin ölkə başçısının son tapşırığı icra başçısını narahat edir. Hamının Rövnəq Abdullayevin villası kimi tanıdığı və gercəkdə SOCAR şefinə məxsus olan obyektin sökülmə təhlükəsi yaranıb. Belə ki, Prezidentin son tapşırığından sonra dənizkənarı obyektlərin siyahıya alınması başlayıb. Pirallahı icra başçısı isə öz şefinin obyektlərini bu siyahıya salmayıb və ölkə rəhbərliyinə yalan məlumatlar verməkdədir. Bu yolla həqiqətləri gizlətməyə cəhd edən Vasif İmanovun yalanlarının üstü açılmaqdadır. Belə ki, rayon sakinləri qanunsuz tikintilərlə bağlı ölkə başçısına müraciətlər hazırlayırlar. Onlar qeyd edir ki, Rövnəq Abdullayevin zəbt etdiyi ərazidə tikdirdiyi villaya görə yol bağlanıb və SOCAR şefinin arzusunu gerçəkləşdirən icra başçısı onalrın etirazlarına məhəl qoymur.
Hazırda mövzu ilə bağlı araşdırmalarımız davam edir və ətraflı məlumat verəcəyik.
(ealliq.info)

Korrupsiya.az

Paylaş