“Qoy bizə maneə törədən məmurlar öz “məktəb illəri”nə də nəzər salsınlar”

İntiqam Həsənov: “Mənə “azaltdığım” rəqəm barədə maliyyə arayışı təqdim etmək əvəzinə, işi böyüdüb şirkətə zərbə vurmaq istəyirlər”

Bu günlərdə Enerji Gömrük İdarəsinin süründürməçiliyi ilə bağlı “Rovel Trading” şirkətinin direktoru İntiqam Həsənovun və türkiyəli sürücü Bülent Öztürkün şikayətlərini dərc etmişdik.

Belə ki, “Rovel Trading”in iyunun 29-da Türkiyədən gətirdiyi, akkumlyator yüklənmiş TIR hələ də Binəqədi gömrüyündədir və gömrükçülər malın boşaldılmasına, sürücünün ölkəsinə qayıtmasına icazə vermirlər.

Bu barədə QAFQAZXEBER.AZ-a fikir bildirən B.Öztürk bildirmişdi ki, Enerji Gömrük İdarəsi Türkiyənin Azərbaycandakı Səfirliyinə faksla sürücünün malı depoya boşaldıb qayıtmasının mümkün olduğunu yazsa da, Binəqədi gömrüyündə ona “icazə yoxdur” deyirlər.

“Rovel Trading”in direktoru İntiqam Həsənov isə QAFQAZXEBER.AZ-a bildirib ki, ötən ilin oktyabrında Enerji Gömrük İdarəsi onun şəriki Həmid Vəkilovun şikayətlərindən sonra, “Rovel Trading”i də hədəf seçib.

“Həmid Vəkilov DGK-ya məktub yazaraq, Səfər Mehdiyevin bacanağının oğlu, idarənin maliyyə şöbəsinin rəisi Rəfael Niftəliyevin diplomu və harda təhsil alması barədə məlumat istəmişdi. Buna dair Nazirlər Kabinetinin qərarı da var və o qərarda “olmaz” deyə bir söz yoxdur.

Lakin DGK nəinki sorğuya cavab vermədi, əksinə, öz oxlarını “Rovel Trading”ə də qarşı yönəldi, guya malların depodan “itməsi” barədə süni məhkəmə iddiası açdı.

İndi isə şirkətimizə qarşı növbəti “səlib” yürüşünə başlayıblar.

Enerji Gömrük İdarəsinin rəis müavini Anar Həsənovla növbəti görüşdən sonra, məhz bu qənaətə gəldim”, – deyə İ.Həsənov vurğuladı.

Onun sözlərinə görə, Anar Həsənov hər hansı maliyyə arayışı təqdim etməkdən boyun qaçırıb: “Anar müəllim dedi ki, invoysu 10 min manata qədər azaltmısınız. Mənsə rəsmi arayış istədim və fərqi ödəyə biləcəyimizi dedim. Çünki TIR-ın hər gün gömrükdə qalmasına görə, biz Türkiyədəki nəqliyyat şirkətinə əlavə cərimə ödəməli oluruq, malı çatdıracağımız müştərilərə də borcumuz var. Lakin Anar Həsənov bu barədə “yuxarı”dan göstəriş gəldiyini, işi böyüdərək istintaqa verəcəklərini dedi.

Mən bu işin uzanmasına etiraz etdikdə, Anar Həsənov bildirdi ki, komissiya yaradılıb, araşdırma gedir.

Bu məsələ nə qədər qəlizdir ki, 2 həftə araşdırma gedir?

Nə qədər məbləğ azaltmışıqsa, onu rəsmi şəkildə göstərmək mümkün deyilmi?”.

Şirkət rəhbəri sual edir ki, görəsən, bu yaxında invoys məbləğini azaltmaqla bağlı adı açıqlanan 30-a yaxın iri şirkət barəsində də istintaq aparılırmı?

“Enerji Gömrük İdarəsi bizimlə bağlı araşdırma aparmaqdansa, ötən illərdə öz əməkdaşlarının rəsmiləşdirdiyi invoyslara da nəzər salsa, yaxşı olar.

Qoy bizə maneə törədən məmurlar öz “məktəb illəri”ni də yada salsınlar.

Məqsəd bizim şirkətə zərbə vurmaq, bir vergi ödəyicisini sıradan çıxarmaqdır. Biznesmenə “cinayətkar” kimi baxılması absurddur. Bu, cənab Prezidentin də siyasətinə ziddir. Əgər bizim səhvimiz varsa, onu düzəldə bilərik. Lakin ünvanımıza səsləndirilən ittihamlar, mətbuat xidmətinin açıqlaması belə, heç bir əsasa malik deyil”, – deyə İ.Həsənov vurğuladı.

O əlavə etdi ki, Enerji Gömrük İdarəsi ilə “Rovel Trading” arasındakı çəkişmələr məhz Rəfael Niftəliyevin törətdiyi süni əngəllərdən sonra başlayıb: “Biz tələb edirik ki, Rəfael Niftəliyevin təhsili barədə məlumatları açıqlasınlar. Bilək ki, bizim işimizə hər vəchlə süni əngəl törədən, hər sənədimizdə bir “əmma” tapan şəxs harda təhsil alıb”.

Təəssüf ki, yenə də DGK mətbuat xidmətinin mövqeyini öyrənə bilmədik.

Paylaş