2015-ci ildən başlanan postneft dönəmi icra hakimiyyəti strukturlarının fəaliyyətinin məcrasını dəyişib

Palitika.Az-ın İqtisadiyyat Şöbəsinin verdiyi xəbərə görə, neft gəlirlərinin azalması yerli icra orqanlarının dotasiyalardan məhrum edilməsi ilə nəticələnib.

Bu gün bir çox rayon icra hakimiyyətləri dotasiyasız yaşayır. Hələ bir müddət əvvəl prezident bəyan etmişdi ki, dövlət kifayət qədər yardım edib, indi RİH-lər özlərini saxlamalıdırlar. Bu siyasət 2017-ci ilin sonunda da davam etdirilir.

2018-ci ilin dövlət büdcəsinin gəlirlərinin tərkib hissəsi olan yerli gəlirlər 651 milyon manat proqnozlaşdırılır ki, bu da cari illə müqayisədə 4 milyon manat çoxdur.

Maliyyə nazirinin müavini Azər Bayramov deyib ki, 33 rayon və şəhər özlərini daxili resursları hesabına təmin etməli olacaqlar.

Gələn il də rayon və şəhərlərin yerli xərclərinin 424 milyon manat təşkil edəcək. Bu da cari illə müqayisədə 3 mln. manat çoxdur.

2018-ci ildə xərclərini öz gəlirləri hesabına təmin edəcək 33 rayon və şəhər var. Onların adları açıqlanmasa da, 33 icra başçısının nəfəsinin kəsildiyini, daha dəqiq desək korrupsiya bulağının quruduğunu əminliklə söyləmək olar.

Natural ifadədə isə maliyyə yardımının məbləği əvvəlki ilə nisbətən 1 milyon manat azalaraq 73 milyon manat olacaq.

Ona görə də RİH və ŞİH strukturları daxili resursları gücləndirmək məcburiyyətində qalacaq ki, bu da işsizliyin azalmasına, aqrar sektorun, sahibkarlığın inkişafına ciddi təkan verəcək.

Prezidentin 2015-dən etibarən yürütdüyü bu siyasət çox ciddi effekt verməkdədir və bir növ tətikləyici rol oynayır.

Çünki büdcədən ayrılan pullarla, dotasiya ilə yaşamağa öyrəşmiş icra başçıları müxtəlif tenderlər hesabına maxinasiyalar edərək dövlətin pulunu mənimsəyirdilər.

İndi bu imkanlar məhdudlaşıb və gələcəkdə İH strukturu anlayışı formal, əhəmiyyətsiz, səlahiyyətsiz bir instituta çevriləcək.

Nəticədə İH-lərinin ləğvi gerçəkləşəcək. Necə ki, bir ara bunu deputatlar da dilə gətirirdilər.

Palitika.Az-ın İqtisadiyyat Şöbəsinin əldə etdiyi xəbərə görə, gələcəkdə digər rayonlar da 33 şəhər-rayona qoşulacaq.

Hökumətdən və büdcədən asılılıq sıfıra endirilməlidir. Avropa və ABŞ-da yerli idarəetmə orqanları özlərini daxili hesablarına saxlayırlar.

Bu baxımdan İH başçıları yerlərdə əhali, sahibkarlarla əlbir olub işləməli, onlara dəstək verməli, yeni-yeni iş yerlərinin açılmasına şərait yaratmalıdır.

Əldə etdiyimiz siyahıya görə, sözügedən 33 bölgə sırasında Lənkəran, Ağcabədi, Beyləqan, Saatlı, Zərdab, Sabirabad, Bərdə, Yevlax, Gəncə, Gədəbəy, Şamaxı, İsmayıllı, paytaxtın bir neçə rayonu və s. daxildir.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin nəticələrinə və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışında bu barədə açıq mesajlar vermişdi.

“Keçən il müşahidə olunan mənzərə deməyə əsas vermir ki, 2016-cı ildə dünyada iqtisadi böhran başa çatacaq. Belə olan halda biz daha da səmərəli işləməliyik və iqtisadi inkişaf templərini daxili resurslar hesabına, düşünülmüş siyasət, islahatlar, o cümlədən struktur islahatları nəticəsində təmin etməliyik. Buna ehtiyac var. Ümumiyyətlə, daha da çevik, operativ idarəetmə mexanizmi işlənməlidir. Bəzi hallarda bəzi qurumlar bir-birinin fəaliyyətini təkrarlayırlar. Buna yol vermək olmaz”, – deyə ölkə rəhbəri vurğulamışdı.

Beləliklə, prezident struktur islahatlarının anonsunu vermiş oldu. Vurğulayaq ki, islahat paketində bir sıra incə mətləblər də yer ala bilər. İslahatlar zərfində siyasi sistemlə bağlı məqamlar da mövcuddur.

İstisna edilmir ki, əsasən iqtisadi sahəni əhatə edəcək həmin təkliflər paketində siyasi sistemlə bağlı məqamlara da yer ayrılacaq.

Belə ki, siyasi sistemi birdən birə dəyişmək istəməyən hakimiyyət həmin məsələdə mümkün qədər rasional davranmağa üstünlük verib.

Dövlət başçısının çıxışı onu deməyə əsas verir ki, həmin siyasi islahat əsasən icra hakimiyyətlərini, nazirlikləri və qismən digər sahələri əhatə edəcək.

Bir neçə nazirliyin birləşdirilməsi ilə yanaşı növbəti mərhələdə hər bir nazir tez-tez əyalətlərə gedərək, əhalinin vəziyyəti ilə maraqlanmalı olacaq. Bu, artıq yeni siyasi texnologiyanın işə düşməsi anlamına gəlir.

Paylaş