Virtualaz.org saytının redaksiyasına müraciət edən zərərçəkmişlər deyirlər ki, dələduz şəbəkəsinin əsas üzvləri Almaniyaya qaçıb. Onları aldadaraq pullarını mənimsəyən “makler” Məzahir Nəsirov da Almaniyadadır. Nəsirov cəmiyyət sədri və icra hakimiyyəti arasında vasitəçi olub, pulu da onun vasitəsilə veriblər. İnterpol tərəfindən axtarışa verilsə də, onun Almaniyadan gətirərək cinayət məsuliyyətinə cəlb olunması yubadılır.

“Məzahir mənə dedi ki, gözdən əlillər üçün tikilən binada aztəminatlı ailələr üçün mənzillər nəzərdə tutulub. Bunun üçün əlillərin yataqxanasında qeydiyyata düşmək və cəmiyyətə üzv yazılmaq lazımdır. 2012-ci ildə pul verib yataqxanada qeydiyyata düşdüm”, -zərərçəkmişlərdən Fariz Qəribov bildirib.

Zərərçəkənlərin şikayəti Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsində araşdırılıb. İttiham üzrə ifadə verən cəmiyyət sədri S.Abdullayev yalnız 18 nəfərin yataqxanada qeydiyyata götürüldüyünü təsdiqləyib. Digərlərinə verilən arayış isə saxta olub.

Zərərçəkənlər deyirlər ki, onlara Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən mənzil növbəsinə götürülmələri ilə bağlı sərəncam da verilib. Sərəncamı icra başçısı imzalayıb, məhz buna görə də Nəsirova inanıblar.

“Məzahir mənə dedi ki, bina hazır olandan sonra püşkatma keçiriləcək. Nərimanovda çoxları Məzahiri icra başçısı Abdin Fərzəliyevin adamı kimi tanıyırdı. Hətta ev almaq istəyən qohumlarına da kömək edəcəyini dedi. Sərəncamdan sonra inandım, 8 nəfər yaxın qohumunu da onunla görüşdürdüm. Ümumilikdə Nəsirova 270 min manat vermişik”, – F.Qəribov deyir.

Digər zərərçəkmiş Hicran Mehdiyeva da eyni üsulla aldadılıb. Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Mehdiyevanın yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsi ilə bağlı sərəncam imzalayıb. Sərəncamda ev növbəsinə götürülmə icra hakimiyyətinin sənədlərlə və vətəndaşların müraciəti şöbəsinə həvalə edilib. Hansı ki, həmin şöbəsinin əməkdaşı Yomətdin Şixəliyev hazıda dələduz kimi məhkəmə qarşısına çıxardılıb.

Şikayətçilərin sözlərinə görə, Məzahir Nəsirovun villası satılıb, 18 nəfərə 750.500 manat zərər ödəyib. Onlar icra başçısı Fərzəliyevin də məhkəməyə gətirilməsini tələb edirlər.

Paylaş