Həbsdən çıxan REAL partiyası sədri İlqar Məmmədov parlament seçkilərində iştiraka hazırlaşır

Cahan.info xəbər verir ki, 5 il əvvəl Milli Məclisi zoopark adlandırmış REAL sədri fikrini dəyişib.

Vaxtilə heyvanxana adlandırdığı parlamentdə təmsil olunmaq niyyətindədir. İ.Məmmədov feysbukda yazıb ki, erkən parlament seçkilərilə əlaqədar REAL-ın strategiya layihəsini hazırlayır: “Strategiyamız hazır olmalıdır – istədiyimiz və zərurətini əsaslandırdığımız belə bir seçki təyin olunsa da, olunmasa da.

Sənəddə toxunduğum mövzulardan biri, seçkiyə qədər məhkumluğumun götürülmədiyi təqdirdə, yəni namizədliyimin irəli sürülməsinə imkan verilmədiyi təqdirdə atacağımız addımlardır.

Kütləvi aksiya təklif edirəm ki, potensial seçicilərimin sayından xəbər verən bir toplantı görək və göstərək. Eyni zamanda, başqa yolları da araşdıra bilərik. Sənədi REAL-ın təsdiqinə çıxaracam və kəsinliklə bilirəm ki, qərar ən doğru qərar olacaq – təklifim keçsə də, keçməsə də”.

REAL sədri müxalifətin keçirdiyi mitinqlərin hakimiyyətin maraqlarına xidmət etdiyini dediyi halda, özü aksiyalar hazırlıq fikrindədir. Bu sürətlə mövqe dəyişikliyinə heç avtomobil tab gətirməz, yolda aşar. Artıq AXCP üzvləri də REAL-a və onun sədrinə irnoik statuslar yazmaqdadırlar.

AXCP üzvü Natiq Ədilov yazıb: “Yenə də hörmətli İlqar bəyin məntiqinə görə onun deputat olmağı 150 nəfər siyasi məhbusun azadlığa çıxmasından daha önəmlidir.

İlqar bəy iddia edir ki, 150 nəfər siyasi məhbusa azadlıq tələbilə mitinq keçirmək səhv, “İlqar Məmmədov deputat olsun!” tələbilə mitinq keçirmək isə düzdür. Nə deyim? Kaş ki, belə bir əndirabadi məntiqin arxasında sadəcə eqoizm olaydı…”

Cəbhəçi Elçin Rüstəmli də yazıb ki, İlqar Məmmədov növbədənkənar parlament seçkisinə hazırlaşır: “Deyib ki, strategiya yazır, başı qarışıqdır, ona görə fb da az görünür. Yadıma Cəbhədə məşhur olan əhvalat düşdü.2005-ci il seçkiləri ərəfəsi, Xəqani 33, ADİF-in otağı.

Xaladdin İbrahimli kompüterdə nəsə yazır.MSK-ya getməyə hazırlaşan rəhmətlik Həsən Kərimov kostyumunu geyinmək üçün tələsik otağa girir.

Onların arasında belə bir dialoq olur:

– Nə yazırsan ay Xaləddin?

– Seçki platforması yazıram ay Həsən…

– Yaz, yaz, qadan alım, qırıldıq batdıq, gör neynirsən…

Allah Həsən bəyə rəhmət eləsin!”

Cahan.info xəbər verir ki, İ.Məmmədovun bu sürətlə mövqe dəyişkənliyi AXCP-nin əlinə arqumentlər verib.Onsuz da tez-tez konflikt yaşayan, bir-birini ittiham edən real-çılar və cəbhəçilərin qovğası indi daha da qızışıb.

Son bir neçə ayda, xüsusilə sonuncu prezident seçkiləri ərəfəsində başlayan qalmaqallar, sosial şəbəkə söz-söhbətləri bu və ya digər şəkildə tərəflərin qarşılıqlı ittihamları ilə müşayiət olunur.

Soyuq münasibətlərin çərçivədən çıxmasının əsas səbəblərindən biri kimi seçki ərəfəsində AXCP sədri Əli Kərimlinin “Milli Şura” sədri Cəmil Həsənli vasitəsilə “Şura”da təmsil olunmayan müxalifət təşkilatlarını birgə mitinq keçirmək təklifinə REAL-dan verilən birmənalı rədd cavabı oldu. Təbii ki, bu rədd cavabının da səbəbi olub.

Bəllidir ki, hər iki tərəf daim bir-birlərini günahlandırmaqla özlərini vəziyyətdən çıxarmağa çalışıblar.Yadınızdadırsa, bir müddət əvvəl sosial şəbəkələrdə Əli Kərimli ilə REAL-ın sədri İlqar Məmmədova virtual səsvermə kampaniyası başladılmışdı və bu kampaniyada İ.Məmmədov Ə.Kərimlini xeyli üstələmişdi.

Bunun ardınca AXCP və REAL qruplarının bir-birlərini ən ağır ittihamlara məruz qoymaları onsuz da gərgin olan vəziyyəti daha da gərginləşdirir.

Bütün bunlardan sonra daha çox simasızlıq təsiri bağışlayan Ə.Kərimlinin REAL-ı “Milli Şura”nın mitinqlərinə dəvət etməsi qətiyyən səmimiyyət təsiri göstərə bilməzdi.

Məsələ həm də ondadır ki, tərəflər daim bir-birlərini hakimiyyətə işləməkdə günahlandırmaqla, necə deyərlər, vəziyyətdən çıxmağa çalışıblar.Burada da məqsəd özlərini daha çox müxalifətçi göstərmək olub.cahan.info

Paylaş