“Azenko” ASC-nin “İnşaat məmulatları” sexinin fəhlələri tərəfindən Hurriyyet.org-un redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə müraciət edən şikayətçilər yazır:

“Möhtərəm cənab Prezident!

Hörmətli Mehriban Xanım!

Hörmətli cənab Nazir!

Yazıb Sizə bildiririk ki, 2009-2010-cu illərdən “Sumqayıt Texnologiyalar Parkı” MMC-də müxtəlif işlərdə çalışmış, üzərimizə düşən vəzifələri vaxtında və məsuliyyətlə yerinə yetirmişik. Əvvəllər əmək müqaviləmiz hər dəfə 3 aylıq bağlanıb və artırılıb, sonradan isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən, 5 ildən artıq müddətə işlədiyimiz üçün əmək müqaviləmiz müddətsiz hesab edilmişdir. Cari ilin avqust ayında rəhbərlik tərəfindən bizə bildirildi ki, öz xahişimizlə ərizə yazıb işdən ayrılsaq, bizi “Azenko” MMC-də işlə təmin edəcəklər, əks halda bizi işdən çıxaracaqlar. Biz də hüquqlarımızı bilmədiyimizdən bir gündə 20-30 nəfər rəhbərliyin istədiyi kimi ərizə yazdıq. Lakin yeni işlə təmin olunanda bizimlə 3 aylıq əmək müqaviləsi bağladılar, 2 ay keçəndən sonra isə bildirdilər ki, “sizinlə əmək müqaviləsi uzadılmayacaq və müddət bitən kimi işdən azadsınız”. Onda biz başa düşdük ki, bizi aldadıb tələyə salıblar ki, kompensasiya ala bilməyək.

İndi də bizə deyirlər ki, “istəyirsiz məhkəməyə verin, istəyirsiz lap gedin Prezidentin, Birinci vitse-prezidentin qapısında oturun şikayət edin, xeyri yoxdur, ağlınız var idi aldanmazdız”. Belə məlum olur ki, STP rəhbərliyi bizi ələ salır, insanların hüquqlarına, əmək qanunvericiliyinə əhəmiyyət vermir. Ona görə də Sizə şikayət etməkdən başqa çıxış yolumuz qalmayıb. Xahiş edirik, STP rəhbərliyinin bu özbaşına və qanunsuz hərəkətlərinə qarşı tədbir görülməsi, əmək hüquqlarımızın bərpa olunması üçün göstəriş verəsiniz.

Hörmətlə:

Quluyev Qulu

Meybullayev Mahir

Mahmudov Yalçın

Kəlbiyev Yusif

Hacıyev Ramin

Nəcəfov Valeh

Camaldunov Almir

Musayev Ülfət

Mehdiyev İslam

Əliyev Ramin

Cəfərov Fikrət

Babayev Tofiq

Zərbəliyev Fəqan

Əlirzayev Akif

Ağayev Rüfət

İsrafilov İsrafil

Əsədov Faiq

Rəsulov Emin

Tarverdiyev Elşad

Nağıyev Vüqar

Məmmədov Əli

Nəzərov Çiqəli

Zeynalov Rəşad”.

Paylaş