Hər iki sabiq nazir vəzifədən çıxarıldıqdan sonra “ali məktəbə” belə düşə bilmədilər; kimlər hökumətdən hələ də maaş alır…
1993-cü ildən bu günə qədər Azərbaycanda yüksək dövlət vəzifələrində işləmiş və sonradan postlarını bu və ya digər səbəblərdən itirən şəxslər daim gündəmdə olublar. Sabiq dövlət məmurları arasında vaxtilə həbsdə olanlar, xarici ölkələrə səfir göndərilənlər var. Keçmiş iri ranqlı dövlət məmurlarının harada olmaları, məşğuliyyətləri hər zaman maraq doğurur.
2018-ci ilin aprelində keçirilən prezident seçkisindən sonra da bir neçə nazirliyin rəhbəri dəyişdirildi. Kənd təsərrüfatı naziri Heydər Əsədov vəzifəsindən azad edildi, onun yerinə İnam Kərimov nazir təyin olundu. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovu Rövşən Rzayev əvəzlədi.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov da vəzifəsini itirdi. Onun yerinə bu vəzifəyə Sahil Babayev təyin olundu. Baş nazir Artur Rəsi-Zadə, onun müavinləri Elçin Əfəndiyev, İsmət Abbasov və Abid Şərifov da yeni hökumətdə yer almadı. Bu il də nazirlik və komitələrdə xeyli kadr dəyişiklikləri olub.
Bu dəyişikliklər sırasında ən diqqətçəkəni apreldə baş nazir təyin edilən Novruz Məmmədovun işdən çıxarılması oldu. N.Məmmədov hakimiyyətə sadiq kadrlardan olduğu üçün komandadan kənarda qalacağı az ehtimal edilir. Modern.az saytı yazır ki, N.Məmmədov Azərbaycan Dillər Universitetinə prorektor təyin olunacaq. Qeyd edək ki, keçmiş baş nazir fransız dili üzrə mütəxəssisdir.
N.Məmmədov Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun Avropa dilləri fakültəsinin fransız dili şöbəsini bitirib. 1992-1993-cü illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun hazırlıq, 1993-1997-ci illərdə isə fransız dili fakültələrinin dekanı vəzifəsində çalışıb. 1995-1997-ci illərdə pezidentin fransız dili üzrə tərcüməçisi olub. 1997-ci ilin aprel ayında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri təyin edilib.
Bəs bundan əvvəl hansı sabiq nazirlərə vəzifə verilib, kimlər hakim komandadan birdəfəlik uzaqlaşdırılıb?
Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Milli Aviasiya Akademiyasının Dünya iqtisadiyyatı kafedrasında müdir vəzifəsində işləyir. Xatırladaq ki, Səlim Müslümov 1995-ci ildən bəri hazırkı iqtidarın komandasında yüksək vəzifələr tutub. Belə ki, o, 1995-ci ilin iyulundan 2000-ci ilin martınadək Maliyyə Nazirliyində idarə rəisi vəzifəsində çalışıb. 2000-ci ilin martında Dövlət Gömrük Komitəsinin sədr müavini təyin edilib. 2002-ci ilin 17 dekabrında Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsinə gətirilib. 2013-cü ildən 2018-ci ilin 21 aprelinə kimi isə əmək və əhalinin sosial müdafiəsi naziri işləyib.
Səlim Müslümov ötən ilin sentyabrında Milli Aviasiya Akademiyasının Dünya iqtisadiyyatı kafedrasına müəllim vəzifəsinə işə götürülmüşdü. Eks-nazir iqtisad elmləri doktoru, professordur.
Nazir kürsüsündən sonra ali məktəbə təyinat alanlardan biri də sabiq kənd təsərrüfatı naziri Heydər Əsədovdur. Prezident İlham Əliyev bir müddət əvvəl Heydər Əsədovun Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb.
H.Əsədov 1959-cu il oktyabrın 24-də anadan olub. 1978-ci ildə Bakı Sovet Ticarəti Texnikumunun mühasibat uçotu fakültəsini, 1983-cü ildə isə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Uçot-iqtisad fakültəsini bitirib.
2018-ci ilin aprelində vəzifəsindən azad olunan Dövlət Gömrük Komitəsinin sabiq sədri Aydın Əliyevin hansı işlə məşğul olması ilə bağlı bilgi yoxdur. O, harada işləyəcəyi ilə bağlı suala “Hələ bilmirəm və bunu gələcək göstərəcək. Bir müddət istirahətimə üstünlük verəcəm” deyə, cavab verib.
Yaş həddinə görə bu yaxınlarda təqaüdə göndərilən baş nazirin keçmiş müavini Hacıbala Abutalıbovun Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) işləyəcəyi bildirilirdi. Xatırladaq ki, 75 yaşlı sabiq vitse-premyer 31 ildir Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda “Yarımkeçiricilərin kvant elektronikası” laboratoriyasının müdiri postunu tutur. O, həmin vəzifəyə 1988-ci ildə təyin edilib. Amma AMEA bu xəbəri təkzib etdi. H.Abutalıbovun hazırda harada olduğu bilinmir.
Baş nazirin daha bir müavini Əli Həsənovun da vəzifədən azad edildikdən sonra harasa təyinatı yoxdur. İnandırıcı olmasa da, iddia olunur ki, Ə.Həsənov işdən çıxarılmasına baxmayaraq bir neçə vəzifəni hələ də icra etməkdə davam edir. O, hazırda Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədridir. Eyni zamanda Əli Həsənov Yeni Azərbaycan Partiyasının sədr müavinidir.
Mərhum prezident Heydər Əliyevin vaxtında yüksək dövlət vəzifəsinə gətirilən sabiq məmurlardan da yazmaq gərəkir. 2008-ci ildə iqtisadi inkişaf naziri nazir postunun itirən Heydər Babayev həm də hakimiyyətdən uzaqlaşdırıldı. Uzun müddət yüksək postlar tutmuş sabiq maliyyə naziri Əvəz Ələkbərov vəzifədən çıxarılandan sonra elmi araşdırmalarla yanaşı, özəl sektorda da fəaliyyət göstərir.
İlham Əliyevin prezidentliyə gəlişindən sonra – 2004-cü ilin iyulunda milli təhlükəsizlik naziri general-polkovnik Namiq Abbasov elə həmin il Azərbaycanın Özbəkistandakı səfiri təyin edildi.
2012-ci il oktyabrın 31-də prezident İlham Əliyev Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Namiq Abbasovun vəzifəsindən geri çağırılması barədə sərəncam imzalayıb. Səfir vəzifəsini tərk edəndən sonra təqaüdə çıxan Namiq Abbasov hazırda Bakıdadır.
18 ildən çox müdafiə naziri olmuş general-polkovnik Səfər Əbiyevə də vəzifədən çıxarıldıqdan sonra heç bir vəzifə verilmədi.
Bu sırada sabiq nəqliyyat naziri Ziya Məmmədov da var.
15 il təhsil naziri işləmiş Misir Mərdanov isə işsiz qalmayıb. O da Elmlər Akademiyasının Riyaziyyat İnstitutuna rəhbərlik edir.
“Yeni Müsavat”