Sabiq MTN naziri Eldar Mahmudovun dostu, biznes ortağı olan Çingiz Əsədullayevin adı keçən cinayət işi ilə bağlı yeni təfərrüatlar məlum olub. Çingiz Əsədullayevin rəhbəri olduğu “AGbank”da öz dostunun saxta qızıllar girov qoyaraq külli miqdarda kredit götürməsi işinin maraqlı məqamları üzə çıxıb.

korrupsiya.az-ın xəbərinə görə, söhbət hazırda həbsdə olan və Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham edilən Səmimi Eldar Yunis oğlunun cinayət işindən gedir.

Eldar Səmimi barəsində olan cinayət işi üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində davam etdirilir.

Eldar Səmimiyə qarşı elan edilmiş ittihamla bağlı ötən yazımızda ətraflı məlumat dərc etmişdik.

Həmin yazı ilə bu linkdən tanış ola bilərsiniz:

https://musavat.com/news/eldar-mahmudovun-bankiri-olan-sabiq-deputat-cingiz-esedullayevin-adi-daha-bir-cinayetde-teferruat_691110.html

Eldar Səmimi kredit götürdüyü “AGbank”a girov olaraq saxta qızıl-zinət əşyaları qoymaqda suçlanır.

Eldar Səmiminin vəkili Vasif İsrafilov cinayət işinin yeni təfərrüatları ilə bağlı musavat.com-a açıqlama verib.

Vəkil bildirib ki, müdafiə etdiyi şəxsə qarşı irəli sürülmüş ittiham sadəcə kağız yığınıdır, ibtidai istintaq maddi və prosessual normalar kobud sürətdə pozulub:

“Nəzərinizə çatdırım ki, cinayət işinin başlanmasına səbəb “AGbank” ASC-nin Bakı Şəhər Prokurorluğuna ünvanladığı şikayət olub.

Guya bank girov qoyulan əşyaların bir qisminin saxta olmasını müəyyənləşdirib və günahkar şəxslər barəsində cinayət işinin başlanmasını xahiş edib.

Eldar Səmimi 2012-ci ildən banka müraciət edib. Bankla arasında bağlanmış müqaviləyə əsasən banka ümumilikdə 2 milyon 452 min manat dəyərində qızıl-zinət əşyalarını girov qoyub.

Eldar Səmiminin əməlində dələduzluq cinayətinin və ya hər hansı bir cinayətin tərkibi yoxdur. Onun özü bu gün zərərçəkmiş şəxsdir və külli miqdarda qızıl-zinət əşyaları mənimsənilib, bankın əməkdaşları tərəfindən saxtalaşdırılıb”.

Vasif İsrafilov bildirib ki, Eldar Səmimi tərəfindən banka girova qoyulan bütün əşyalar iki dəfə müxtəlif mütəxəssislər tərəfindən yoxlanılıb: “Mən məhkəmədə də bildirmişəm ki, heç bir uyğunsuzluq aşkar edilməyib və bankda saxlanca qoyulub. Üzərindən 6-7 il keçdikdən sonra Eldar Səmiminin iştirakı olmadan açılmış saxlancda saxlanılan xüsusi bağlamaların hansısa səbəbdən saxta olması deyilir.

Qeyd olunan faktlar 2016-cı ildən sonra aşkarlanıb. Maraqlısı budur ki, qızıllar girov qoyulan zaman bankın “İnşaatçılar” filialında məsul vəzifədə işləyən və indi şahid qismində dindirilən Ramil Əsgərov, Ceyhun Mehdiyev və Kərim Manafov 2015-ci ildə bankdan öz ərizələri ilə işdən çıxıblar. Hadisədən bir il əvvəl.

Şahid, zərgər-mütəxəssis Azad Quliyev isə ifadəsində bildirib ki, 2014-cü ildə bankda işləyən qohumu Elnur Musayevlə birlikdə Eldar Səmiminin bankda girov qoyduğu qızılları yenidən yoxlayıb və heç bir problem üzə çıxmayıb. Amma indi ekspert müəyyən edir ki, həmin əşyaların üzərinə qızıl suyu çəkilibmiş.

Eldar Səmiminin əvvəl girova qoyduğu 2 milyon 453 min manat dəyərində 4938 sayda bağlamada həqiqi qızıl-zinət əşyalarını bankdan aldatma yolu ilə çıxarması əsassız ittihamdır. Çünki bankda bu barədə hər hansı bir təhvil-təslim aktı yoxdur, çünki həmin qızıllar bankdan çıxarılmayıb”.

Vəkilin sözlərinə görə, Eldar Səmimiyə verilmiş ittiham öz təstiqini tapmır, onun barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməlidir:

“Bununla bağlı məhkmədə vəsatət də qaldırmışıq. İstintaq zamanı mütəxəsisin Eldar Səmiminin banka 630 min manat borclu qalması haqda gəldiyi nəticə əsassızdır. Mütəxəsis nə Eldar Səmiminin götürdüyü, nə də ödədiyi pulu düzgün hesablayıb. Ayrılmış kredit məbləği ilə hesablama aparıb, lakin cinayət qanunvericiliyinin tələbinə əsasən ancaq götürülmüş məbləğlər, konkret bu halda isə məxaric olan məbləğ hesablanmalı idi. Belə hesablandığında zərər 202 min manat təşkil edir.

Eldar Səmimiyə qarşı daha bir qərəz Nəsimi Rayon Məhkəməsinin qətnaməsində var. Belə ki, Eldar Səmiminin bankda olan və satılması qərara alınmış qızıl-zinnət əşyalarının dəyəri müəyyən edilməyib. 13 ədəd antikvar qızıl sikkənin, 9 ədəd antikvar gümüş sikkənin antikvar olub-olmaması yoxlanılmadan dəyəri lom qiymətinə hesablanıb, brilyant qaşlı, qızıl, əyyarı 750 (130 qr) saatın dəyəri çox aşağı qiymətləndirilib, 432 ədəd qızıl onluq, 23 ədəd qızıl 15 manat və 7 ədəd qızıl 5 manatlıq girovlar müəyyənləşdirilərək qiymətləndirilməyib.

İstintaq orqanı tərəfindən saxta olması qeyd olunan əşyalara verilmiş sertifikatların həqiqiliyini, istehsalçısını, bu formada məhsul istehsal edib etməməsini, edibsə hansı sertifikatın verilməsini müəyyənləşdirməyib. Sadəcə kimyəvi ekspertizanın rəyinə əsaslanaraq sertifikatların saxta olmasını müəyyənləşdirib. Maraqlısı odur ki, istintaq orqanı əşyaların bankda olarkən saxtalaşdırılmasının mümkünlüyünü belə araşdırmayıb”.

Vasif israfilovun sözlərinə görə, Eldar Səmimi istintaqda olarkən öz vəkili ilə də təmin edilməyib. Ona dövlət hesabına vəkil təyin edilsə də bundan imtina edib. Hazırda iş üzrə ekspertiza təyin edilib.musavat.com

Paylaş