Nazirlər Kabinetinin mütəxəssisləri olmasaydı, əhali yəqin ki, hələ də o 190 manatı da nazirlikdən ala bilməyəcəkdi, çünki…
Ölkəmizdə koronavirusla baglı elan olunmuş karantin günlərində, elə əslində demək olar həmişə, fəaliyyəti hamının diqqət mərkəzində olan, müzakirə edilən və çox vaxt da haqlı olaraq tənqid hədəfinə çevrilən ən populyar nazirlik – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir. Prezident cənab İlham Əliyev tərəfindən böyük etimad göstərilərək, belə yüksək vəzifəyə təyin olunanda Sahil Babayevə əhali arasında əməlli- başlı inam yaranmışdı ki, nəhayət, bu nazirlik xalqa xidmət edəcək, köhnə bürokratik qayda-qanunlar aradan qaldırılacaq və… Amma…
***
Apardığımız araşdırmalar göstərir ki, nazirliyin paxırı karantin dövründə tam üzə çıxdı. Yəni, karantin göstərdi ki, Səlim Müslümovun Sahil Babayevlə əvəzlənməsi hələlik heç bir yenilik gətirməyib. Baxmayaraq ki, cənab Prezident nazirə böyük etimad göstərib.
Amma hələki köhnə hamam, köhnə tasdır. Riyazi dillə desək, toplananların yerini dəyişəndə cəm dəyişmir. El dili ilə də deyək, fikrimiz bir az da aydın olsun: Həsən keçəl, ya keçəl Həsən, fərqi varmı?

Prezidentin humanist qərarlarına ögey münasibət…

İndi konkret mətləbə keçək. Karantin dövrundə işsiz qalmış insanlara Prezident cənab İlham Əliyevin sərəncamı ilə 190 manat birdəfəlik yardım verilir. Hamı yaxşı bilir ki, ilk vaxtlar işsiz kimi qeydiyyata düşmək çox ciddi problemə çevrilmişdi. Yeri gəlmişkən, elə bu işsizlik məsələsi də nazirliyin daha bir yalanını üzə çıxardı. Belə ki, karantin dövrünə qədər, məhz nazir S. Babayevin rəhbərlik etdiyi nazirliyin prezidentə təqdim etdiyi rəsmi statistikaya görə, ölkə əhalisi arasında işsizlik yalnız 4 faiz təşkil edirdi. Dövlət tərəfindən karantinlə əlaqədar 190 manat yardımın verilməsi üçün qeydiyyat başlayan da isə, çox maraqlıdır ki, işsizlərin sayı göstərilən rəqəmlər qat-qat çox oldu. Niyə??? Elə nazirliyin yalanının üstü daha pis formada açılmasın deyə, ilk vaxtlar əhalinin işsiz kimi qeydə alınmasında problem yaranmışdı da. İş o yerə çatdı ki, hətta prezident cənab İlham Əliyev müşavirədə belə, təəccüblənərək dedi ki, işsiz əhalinin artım dinamikası şübhə doğurur.

Prezidentin özünü doğruldan şübhələri və Nazirlər Kabinetindən nazirliyə göndərilən mütəxəssis heyəti…

Faktiki işsiz olan əhali isə bəzən 190 manatın onlara verilməməsindən şikayətlənir, bəziləri isə karantin bitsə də, hələ də müraciətinə baxılmadığından şikayətçidir. Bəs əslində nə baş verir? Elə biz də bu məsələ ilə bağlı bəzi araşdırma apardıq və məlum oldu ki, hər şey S. Babayevin rəhbərlik etdiyi nazirliyin ümidinə qalsaymış, ümumiyyətlə, vəziyyət daha bərbad olacaqmış. Nazirliyin öz işinin öhdəsindən düzgün gəlmədiyi, işini düzgün qurmadığı barədə onsuz da indiyə qədər mətbuat dəfələrlə yazıb və ölkə əhalisi, ardı-arası kəsilmədən Prezidentə, Baş nazirə şikayətlər edirdi. Və indi də edilir… Aprel ayında cənab Prezidentin karantin rejimi ilə bağlı əhaliyə yardım üçün ayırdığı 190 manatı, əhaliyə neçə gün ərzində hələ də hazırlayıb çatdıra bilməyən nazirliyin fəaliyyəti Nazirlər Kabinetində də ciddi əsəbi vəziyyət yaradıb. “Təzadlar”a daxil olan məlumata görə, ğ
Baş nazirin xüsusi göstərişi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Nazirlər Kabinetinin böyük bir proqramçı və mütəxəssis heyəti təhkim olunanadan sonra, 190 manatın əhaliyə rahat verilməsinə başlanılıb… Və göndərilən heyətin ƏƏSMN-də işlədiyi müddətdə Nazirlər Kabinetinin rəhbərliyinə də aydın olub ki, nazirlikdə Səlim Müslümovun dövründən bəri heç bir ciddi iş görülməyib və bəzi işçilərin vəzifəsindən çıxarılmasını nəzərə almasaq, demək olar heç bir əsaslı islahat aparımayıb. Belə ki, Nazirlik sistemində vətəndaşların sənədləri, məlumatları elə o Səlim Müslümovun vaxtındakı formada qalıb.
Beləcə, Nazirlər Kabinetindən göndərilmiş həmin qrup, neçə ildən bəri yığılıb qalmış problemləri bir ayda həll edərək, əhaliyə 190 manatın verilməsini olduqca asanlaşdırmalı oldu. Güman ki, bu mərhələdən sonra nazirliyin fəaliyyəti çox ciddi şəkildə, özü də hərtərəfli araşdırılacaq.

Bir-birini təkzib edən fakt və rəqəmlər…

Biz indiyə qədər də KİV olaraq nazirliklə bağlı yüzlərlə şikayət məktubu alırdıq. Vətəndaşlar ən çox sosial yardım və əlillik təyin olunarkən, heç bir məntiq kəsb etməyən 200-ə yaxın suallar verilməsi və bundan sonra əsassız olaraq sosial yardımın təyin olunmasından imtina edilməsi, süründürməçilik, müraciətlərə başdansovdu baxılaması və ya heç baxılmadan bağlanması və s. kimi hallardan şikayətlənirdilər. Məsələn, Yevlax rayon sakini, qəzet və saytda adının çəkilməsini istəməyən, şərti adı A.S-nın sosial yardım müraciətinə verilən imtina səbəbinə nəzər yetirək. Ona verilən rəsmi cavab: “Əmək müqaviləsi bildirişi üzrə informasiya sistemindən əldə edilən məlumata əsasən, ailə üzvü A.S-nın son 12 ayda əməkhaqqısı 2668.66 manat olmuşdur, lakin Ərizə-bəyannamədə bu rəqəm 2700.0 manat göstərilib”. Baxın, yazıq vətəndaş rəqəmi yuvarlaqlaşdıraraq, illik maaşını təxminən 31 manat artıq göstərdiyi üçün ona sosial yardımın verilməsindən imtina edilib. Bu, gülünc deyilmi?
Tovuz rayonundan daha bir sakinə verilən imtina səbəbi ilə tanış olaq. Şərti adı B.V. olan vətəndaşa belə imtina cavabı gəlib: “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təqdim edilən məlumata əsasən, ailə üzvü B.V-nın adında rəsmiləşdirilmiş +99451——— telefon nömrəsi vardır, lakin sizin Ərizə-bəyannamənizdə o bəyan edilməyib”.
Dəhşətdir! Fikir verirsinizmiŞ axı çoxsaylı insanlar var ki, uzun müddət işlətdiyi mobil telefonun nömrəsi bəzən öz adına deyildir. Adam da var ki, bir neçə telefon nömrəsi işlədib və onları çoxdan unudub. Nazirlik isə, vacib işərini buraxıb, kiminsə nə vaxtsa işlətdiyi telefon nömrələrini özü axtarıb tapa bilirdisə, vətəndaşdan niyə soruşurdu? Üstəlik də, bəzən ola bilər ki, ailə üzvlərindən birinin adında gizli nömrə olsun. Nazirlik bunu bütün ailə üzvlərinə açıb bəyan etməklə, hətta cinayətə və ailə dağılmalarına səbəb olduğunun fərqindədirmi?
Ağdaş rayonunun Ləki qəsəbəsindən olan 3 məktəbli uşaq atası, Qarabağ müharibəsi veteranı Mustafayev Rasim Şəmsəddin oğluna verilən imtina səbəbi də çox gülməlidir: “AR Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təqdim edilən məlumata əsasən ailə üzvünüz D.F-nın adında rəsmiləşdirilmiş +99455_______ telefon nömrəsinə son 12 ayda yüklənən balans 49 manat olduğu halda, Sizin Ərizə-bəyannamədə 60 manat yüklənildiyi göstərilib”.
Ay sizi… Maraqlıdır, nazir S.Babayev telefonuna bir ildə nə qədər kontur yüklədiyini yadında saxlayırmı? Ümumiyyətlə, kimsə telefonuna bir ildə nə qədər kontur yüklədiyini düzgün deyə bilərmi? Bu nə biabırçılıqdır? Bu nə hoqqabazlıqdır? Yoxsa, vətəndaş telefonuna kontur yükləmək üçün də sizə müraciət etməlidir? İnsanı bu qədər də ələ salmaq olmaz axı…
***
Ailə başçısı rəhmətə getmiş və 3 məktəbli uşaqla yataqxana künclərində köməksiz durumda qalmış vətəndaş Y.M.Vəliyeva 2 ilə yaxındır ki, ƏƏSMN –nə sosial yardım üçün müraciət etsə də, hamısına da imtina verilir. Özü də bir vətəndaşa verilən imtinalar da müxtəlifdir. Birinci halda səbəb onu göstəriblər ki, ailədə kimsə işləyən olmalıdı, o halda sosial yardım təyin olunur.
İkinci halda imtina ediblər ki, qeyd etdiyiniz nömrə rəhmətə getmiş şəxsin adınadı. Öz adınıza nömrə alın və bir daha müraciət edin.
Üçüncü halda cavab verilib ki, ailə “yetimpulu” deyilən sosial pensiya alır. Siz onu Sosial müavinət kimi yazmısınız. Onun adını “Sosial Pensiya” kimi qeyd edib, bir daha müraciət etməlisiniz.
Dördüncü halda cavab verilib ki, Siz həmin sosial pensiyanı alan şəxs kimi tək özünüzü (ailə başçısını) göstərmisiniz. Əslində uşaqlar da hamısı sosial pensiyaçı hesab olunduğundan, onların hamısını sosial pensiyaçı kimi qeyd edərək, bir də müraciət edin.
Və beləcə imtina səbəbləri sonsuzdur…
Qeyd edək ki, bu ərəfələrdə əhaliyə verilən 190 manatdan da bu ailəyə pay düşmədi ki, siz 4 nəfərə 200 manat “yetimpulu” alırsınız, ona görə sizə 190 manat düşmür. Yaxşı ki, Sabunçu rayonundan deputat seçilmiş Fazil Qəzənfəroğlu yataqxananı himayəyə götürüb, bu bir ay gərginlik dövründə dayanmadan rayonun imkanlı adamlarını o yataqxanaya yönləndirib, əhali bu dar məqamdan birtəhər xilas ola bilib. Deputatın belə dar gündə secicilərinin yanında olması, onlara maddi və mənəvi dayaq göstərməsi olduqca təqdirəlayiq haldır.
***
Ağsudan olan S.B.Babayeva bir ildə 7 dəfə müraciət etməsinə baxmayaraq ki, tənha anadır, öhdəsində körpə uşağı var, təhsili, adında torpaq, mülk, başqa heç nəyi yoxdur, ona görə xahiş edir ki, onu da özünüməşğulluq proqramına cəlb edib, qadın bərbəri peşəsi ilə məşğul olmaq üçün güzgü stolu və kreslo versinlər ki, övladına çörək qazana bilisin. Düz bir ilə yaxındır imtina verilir ki, “Siz Ağsu rayonunda qeydiyyatda olub, valideynlərinizlə birlikdə Binəqədi r. ərazisində kirayədə yaşadığınızdan, bu proqrama cəlb oluna bilməzsiniz: “Bu proqrama ancaq qeydiyyatda olduğunuz rayon üzrə qoşulub, orada fəaliyyət göstərməlisiniz ki, bizim əməkdaşlar mütəmadi olaraq orada monitorinq apara bilsin, ya da Bakı şəhərində qeydiyyata düşməlisiniz”. Təbii ki, vətəndaş valideynlərini atıb, bir kresloya görə gedib tək-tənha Ağsuda yaşaya bilməz. Bakıda isə heç kim öz evinə kimisəni qeydiyyata götürməz. Bu, o deməkdir ki, respublika əhalisinin 50 faizi bəlli və gərəksiz səbəbdən bu proqrama qoşula bilməz. Çünki demək olar ki, ölkə əhalisinin təxminən 50 faizi qeydiyyatı üzrə yaşamır, daxili miqrant kimi yaşayır.
***
Bəli, bütün bunlar, sadəcə insanları əsassız yerə süründürməkdən başqa bir şey deyil. Lakin bunlar ƏƏSMN-də insanlara edilən zülümlərin bəlkə də 10-15 faizidir. Belə yerdə adamı bir sual narahat edir: Görəsən, bu qədər süründürməçilik, əsassız incidilmələr nazirlik işçilərinin savadsızlığından irəli gəlir, yoxsa insanlara olan biganəliyindən? Amma 190 manatın verilməsində yaran problemi Nazirlər Kabinetindən gələn mütəxəssisərin qısa müddətdə aradan qaldırması göstərir ki, bu nazirlikdə bəzi işçilərin savad məsələsi yerində deyil. Bu qənaətimizi aşağıda gətirəcəyimiz faktlar da möhkəmləndirir…

Qarabağ qazisi 190 manatın həsrətində, nazirlik isə…

Şamaxı rayon sakini, 2000-ci il təvəllüdlü Dərvişov Murad Nizami oğlu keçən ilin yay aylarında, Qarabağ bölgəsində əsgəri xidməti zamanı, hərbi tapşırığı yerinə yetirərkən erməni gülləsindən aldığı ağır yaradan komaya düşüb. Onu elə bu halda Bakıdakı Hərbi Hospitala çatdırıblar.Orada həkimlərin iki ay gərgin səyləri nəticəsində M.Dərvişov həyata qaytarılmış və ordudan tərxis edilmişdir. Həmin şəxsin dəfələrlə müraciət etməsinə baxmayaraq bugünkü tarixə qədər də o, ƏƏSMN-dən əlillik dərəcəsi ala bilmir və əlillik ala bilmədiyinə görə ona sığorta da verilmir. Beləcə, Qarabağda vətənin ərazi bütövlüyü uğrunda erməni gülləsindən ağır yaralanıb əlil olmuş şəxs, bu gün hətta müalicəsinə pul belə tapa bilmir və dövlətin bütün dəstəyindən məhrum olub. Niyə? Çünki həmin nazirlik ona cavab verir ki, “Siz Sərhəd Qoşunlarının xəstəxanasında və özü də bir ay müalicə almısınız. Siz Silahlı Qüvvələrin Baş Klinik hospitalında və iki ay müalicə almalı idiniz”.
Burada gülməli olan odur ki, vətəndaş elə nazirliyin yerində olmayan və savadsız işçilərinin tövsiyyə etdiyi həmin hərbi hospitalda və elə onların dediyi müddətdə – iki ay müalicə alıb. Bunlar “Sərhəd Qoşunlarının hospitalı” adını və “bir ay müalicə almaq” sözünü haradan tapıblar, ancaq özləri bilirlər. Axı sənədlərin heç birində belə bir məkan, yəni hospital və 1 ay müddət göstərilmir.
Bu, onu göstərir ki, insan taleyinə cavabdeh olan həmin nazirlik rəsmiləri, sinəsini onların firavanlığı yolunda erməni gülləsinə sipər edən M.Dərvişovun sənədlərinə heç baxmayıblar. Vətən yolunda canını qoyan bu insana qarşı belə hərəkət vicdansızlıq deyilmi? Heç olmasa, belə insanlara qarşı bir az həssas olsanız pismi olar?! Qarabağ qazisi isə düz 8 aydır Şamaxıdan Bakıya gəlib- getsə də, o, nazirlikdə heç kimi başa sala bilmir ki, siz səhvsiniz, mən Sərhəd Qoşunlarının hospitalında müalicə almamışam.
M.Dərvişov axırıncı dəfə 15.01.2020-də qəbulda olub. İmkansızlıqdan tez-tez gəlib gedə bilmir. O boyda nazirlikdə sadə bir faktı anlayan bir insan belə tapılmır… Anası Mehparə Dərvişova o vaxtdan bu yana dəfələrlə o nazirliyə müraciət etsə də ki, “sizə sağ-salamat təhvil verdiyim dağ boyda övladımı ömürlük şikəst edib üstümə atmısınız, pensiya da vermirsiniz, heç olmasa işsizəm, məni özünəməşğulluq proqramına qoşub, bu proqram çərçivəsində 1 inək verin ki, balamın müalicələrini həyata keçirə bilim. 8 aydır ona da, ancaq imtina cavabı verirlər.

Deputatlığa namizəd Cabbar Məmmədovun təkliflər paketi nazirliyi ayağa qaldırdı…

Belə və digər bu kimi halların qarşısını almaq üçün 09.02.2020 tarixdə Milli Məclisə seçkilər zamanı Ağdaş rayonundan millət vəkilliyinə namizəd olmuş Cabbar Məmmədov geniş təkliflər paketi hazırlayaraq, Baş nazirə təqdim etmiş və oradan da Baş Nazirin 08.11.2019 tarixli 09/M 1849 saylı xüsusi göstərişi ilə baxılması üçün ƏƏSMN-ə göndərilmişdir. Həmin təkliflər paketində göstərilirdi ki, sosial yardım müəyyən olunarkən vətəndaşdan 200-ə yaxın məlumatları istəmək və sonra da bu məlumatları təkrarən sistemdən sorğu edib alıb, vətəndaşınkı ilə tutuşdurmaq və fərq yarandığı halda yardım verilməsindən imtina etmək, birbaşa süründürməçilikdir. Vətəndaşın təkcə öz FİN kodunu və Şəxsiyyət vəsiqəsinin nömrəsini təqdim etməsi bəs etməli idi ki, sistem özü araşdırma aparıb,vətəndaşa yardım düşüb düşməməsi barədə qərar versin.
Qeyd edək ki, bu gün əhaliyə verilən həmin 190 manat da məhz C.Məmmədovun təklif etdiyi həmin prinsip üzrə həyata keçirilir. Qeyd etdiyimiz kimi, bunu da C.Məmmədov hələ 6 ay əvvəl Baş Nazirə yazmışdı. Bundan əlavə, onun təkliflər paketində o nazirliyin işini təkmilləşdirmək üçün daha onlarla təkliflər qeyd olunurdu. O cümlədən göstərilirdi ki, ailəyə yardım təyin olunarkən, həmin mənzildə onlarla birlikdə yaşayan ailənin digər üzvlərinin də nəzərə alınması qanunsuzluqdur. Belə ki, AR Qanunvericiliyinə görə, qardaşın və ya atanın 18 yaşına çatmış qardaşa və ya bacıya baxmaq kimi bir öhdəliyi yoxdur. O üzdən bir qardaşın yaxşı gəliri olduğuna görə, onunla bir evdə yaşayan digər bacı və ya qardaşın ailəsini yardımdan məhrum etmək, tam qanun pozuntusudur, sosial ədalətsizlikdir.

Bəs nazirliyin Cabbar Məmmədova cavabı nə olub?

İndi əsl lətifəyə bənzər məqama fikir verin. ƏƏSMN-nin işinin sadələşdirilməsi və yeni idarəetmə mexanizmi ilə bağlı C.Məmmədovun hələ ötən ilin sonlarında Baş Nazirə, oradan isə nazirliyə göndərilmiş təkliflər paketinə bir ay sonra Sabunçu rayonunun Məşğulluq Mərkəzindən zəng edərək bildiriblər ki, “Siz iş üçün müraciət etmisiniz və gəlin sizi işsiz kimi qeydə alaq”.
C.Məmmədov “Təzadlar”a bildiri ki, o, mərkəz əməkdaşına başa salıb ki, “Açın oxuyun görün orda iş barədə nəsə yazılıbmı? Mən nazirliyinizin işini təkmilləşdirmək üçün təkliflər vermişəm və ona da nazirliyin aidiyyətli orqanı baxmalı idi. Sabunçu rayon Məşğulluq Mərkəzinin ona baxmağa heç bir səlahiyyəti yoxdur”.
02.12.2019-cu il tarixdə isə C.Məmmədova Məşğulluq Baş idarəsindən surətini əlavə etdiyimiz 19230688894 nömrəli gülməli bir cavab verilib. “Sən nə çalsan mən yenə heyvagülü oynayacağam” prinsipi ilə yazılan məktubdan sitat: “Məlumat üçün biidiririk ki, Mərkəzin məsləhətçisi tərəfindən Sizin mobil telefonunuza zəng olunaraq Mərkəzə dəvət olunmuşsunuz. Siz Mərkəzdən heç bir tələbinizin olmadığını qeyd edərək Mərkəzə gəlməkdən imtina etmişsiniz. Siz bildirmişsiniz ki, müraciət etməkdə əsas məqsədiniz qanunların və digər normativ hüquqi aktların təkmilləşdirilməsi, müraciətə baxan subyektlərin fəaliyyətinin yaxşılaşdırılması ilə bağlı təkliflərin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müzakirəyə çıxarılmasından ibarətdir. Sizin nəzərinizə çatdırılmışdır ki, qeyd etdiyiniz məsələ Mərkəzin səlahiyyətləri xaricindədir. Sizə boş (vakant) iş yerləri ilə tanış olmaq üçün “e-sosiai” və ya “e-gov.az” portalı vasitəsilə “Məşğulluq” altsistemində (MAS) mövcud olan vakansiyaları mütəmadi izləmək və ya Mərkəzlə əlaqə saxlayaraq əlavə məlumat almaq tövsiyə olunur”.
Bu artıq sözün bitdiyi yerdir və doğrudan da artıq deməyə söz tapmırsan. C.Məmmədov təəsüf hissi ilə “Təzadlar”a bildirir ki, mən artıq bu nazirlikdən heç nə gözləmirəm. Çünki o, deyir, həmdən-həmə, nazirlik isə deyir, dəmdən-dəmə. A kişilər, bu adam deyir ki, xalqa xidmət üçün işinizi asanlaşdıran təklifləri nazirlik səviyyəsində müzakirəyə çıxarın. Halbuki belə təklifləri nazirliyin öz mütəxəssisləri hazırlamalı idilər. Bir vaxta ki, bunu sizin yerinizə hazırlayıblar, ən azından “çox sağ ol” demirsiniz canınız sağ olsun, barı yalandan da olsa, bir cavab yazın ki, baxılacaq. Amma nazirliyin idarəetmə sistemini asanlaşdıran təkliflər paketini, vətəndaşın işsiz olaraq qeydə alıması kimi başa düşmək və bunu da rəsmi cavab olaraq yazmaq biabırçılıqdır, nazirliyin adına böyük bir ləkədir.
Dəhşət adamı bürüyür ki, ƏƏSMN-ə daxil olan hər hansı məktub, müraciət, təklif ümumiyyətlə, oxunmur. Əgər Səlim Müslümovdan qalma bürokratiya nəinki davam edəcək, hətta daha da artacaqdısa, onda hörmətli Sahil Babayev orada indiyə qədər nə işlə məşğul olub? Bəs Prezident cənab İlham Əliyevin “Hər bir məmur xalqa xidmət eləməlidir” tapşırığı necə oldu? Bəlkə prezident həmin tapşırığı verəndə S.Babayev həmin müşavirədə iştirak etməyib?
Daha nə deyək…teref.az

Paylaş