2020-ci ilin yayı Azərbaycan üçün çox mühüm siyasi əhəmiyyətli hadisələrlə tarixə düşdü. Ermənistanın Tovuz istiqamətində hücum cəhdlərindən cəmi bir neçə gün əvvəl Dövlət Təhlükəsizlik Xidməti (DTX) Xarici İşlər Nazirliyində (XİN) sensasion həbslər həyata keçirdi.

3 -10 iyul arasında keçirilmiş əməliyyatlar nəticəsində aralarında idarə rəisləri olmaqla, nazirliyin yüksək rütbəli rəsmiləri korrupsiya ittihamı ilə həbs edildi.

Tovuz hücumu ilə bağlı Nazirlər Kabinetinin iclasında isə Prezident İlham Əliyev XİN-in və nazir Elmar Məmmədyarovun fəaliyyətini sərt tənqid etdi: “Əfsuslar olsun ki, son vaxtlar bizim diplomatiyamız ölkəmizin uğurlu inkişafı ilə uzlaşmır, bəzi hallarda mənasız işlərlə, mənasız danışıqlarla məşğuldur. Düşmən ölkə ilə, bizimlə münaqişədə olan ölkə ilə COVID-lə bağlı hansı danışıqlar aparıla bilər?! Bu, cəfəngiyyatdır. Yəni, nədir, biz Ermənistanla əməkdaşlığamı başladıq?!” Prezident İlham Əliyev ölkədə ciddi hadisələrin baş verdiyi bir vaxtda “evdə işləyirəm”, deyən xarici işlər naziri Elmar Məmmədyarovu vəzifəsindən azad etdi.

Məmmədyarovu kimin əvəz edəcəyi ilə bağlı sualların cavabını isə çox gözləmək lazım gəlmədi. İyulun 16-da Ceyhun Bayramov xarici işlər naziri təyin edildi. C.Bayramovun XİN sisteminə kənardan-Təhsil Nazirliyindən gətirilməsinin əlbəttə ki, səbəbləri vardı. “Kənardan gələn” kardra həm yeni nizam formalaşdırmaq, nazirlikdəki korrupsiya qruplaşmalarını “təmizləmək”, hərtərəfli yoxlamalar aparmaq çətin olmazdı. Təhsil naziri işlədiyi müddətdə C.Bayramov ilk növbədə nazirlik sistemində vəziyyəti sağlamlaşdırmağa, maliyyə xərclərinə nəzarəti şəffaflaşdırmağa nail ola bilmişdi.

Müşahidələrə görə, yeni görəvində də Prezident onun qarşısına ilk növbədə məhz bu vəzifəni qoymuşdu. Dövlət başçısı naziri qəbul edərkən konkret vəzifələri sadalamışdı. “İlk növbədə, nazirlik sistemində vəziyyət sağlamlaşdırılmalıdır, təhlil aparılmalıdır, nöqsanların aradan qaldırılması üçün əməli tədbirlər görülməlidir. Kadr siyasətində şəxsi tanışlıq, rəğbət, dostluq əlaqələri yox, peşəkarlıq, vətənpərvərlik və milli dəyərlər əsas olmalıdır. Peşəkar, Vətənə bağlı olan, bilikli və Azərbaycanın maraqlarını layiqincə müdafiə edə bilən kadrlar önə çəkilməlidir. Nazirlikdə müxtəlif idarələr, o cümlədən rəhbər işçilər arasındakı koordinasiya işləri lazımi səviyyədə təmin edilməlidir. Bizim xarici nümayəndəliklərdə görülən işlər ciddi təhlil olunmalıdır, səfirliklərin işinin səmərəlilik əmsalı müəyyən edilməlidir. Bəzi hallarda bizim səfirliklərimizdə çalışan insanlar öz işinə laqeyd yanaşırlar, passiv olurlar, ölkəmizin maraqlarını lazımi səviyyədə müdafiə və təmin edə bilmirlər Bizim xaricdəki bəzi diplomatlarımız fəaliyyət göstərdikləri ölkələrin elçilərinə çevrilirlər. Buna son qoyulmalıdır. Bu da yanlış kadr siyasətinin təzahürüdür. Bəzi diplomatlar dövlətə xəyanət ediblər, satqınlıq ediblər və bunu gizlətmirlər. Yaşadıqları ölkələrin xüsusi xidmət orqanlarının nəzarətindədirlər. Onlardan pul və təlimatlar alırlar. Bizdə bu məsələ ilə bağlı kifayət qədər məlumatlar var”, deyə, Prezident bildirmişdi.

Aydın idi ki, xarici siyasətin prioritetləri əsas olsa da, nazir Bayramovun əsas vəzifəsi həm də XİN-də kök salmış “korrupsiya pramidası”nın dağıdılması idi.

DTX-nın C.Bayramovun təyinatından təxminən iki həftə əvvəl XİN-də keçirdiyi həbslər burada korrupsiyanın necə kök saldığını açıq göstərirdi. Yada salaq ki, DTX-da başlanılmış cinayət işi üzrə XİN-in İşlər idarəsinin müdiri, nazirliyin Tender Komissiyasının sədri, Konsulluq idarəsinin və digərləri vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma faktlarına görə barələrində həbs qətimkan tədbiri seçilmişdi. Əməliyyatda saxlanılanlar arasında 2007-ci ildən XİN-də “maliyyə açarı” fiquruna çevrilmiş Maliyyə idarəsinin rəisi Lamiyyə Canəhmədova da vardı.

L.Canəhmədovanın həbsi dərhal medaianın diqqətini çəkdi. Məlum oldu ki, o, nazirlikdə “qara kassa”, hətta “əsas söz sahibi olan ledi” kimi tanınır. L. Canəhmədovanın həyat yoldaşı Anar Canəhmədov da XİN-in Amerika ölkələri üzrə idarə rəisi idi və maraqlıdır ki, hələ də həmin vəzifəsində qalır. Anar Canəhmədovun atası haqda da internet resurslarında məlumatlar var. Əslən xızılı olan alim Əhəd Canəhmədovun uzun illər müxalif düşərgəyə yaxın isimlərdən biri olduğu deyilir.

L.Canəhmədovanın XİN-də Maliyyə idarəsinin rəhbəri təyin olunmasında Anar Canəhmədovun Məmmədyarova yaxın dostluq münasibətləri mühüm rol oynayıb. Bu, o idarədir ki, Azərbaycanın lobbiçilik fəaliyyətinə hər il on milyonlarla dollar xərclənirdi. Təsəvvür edirsinizmi, diplomatik fəaliyyətin ən strateji xətti sayılan bu idarəyə pulu eyni evin xanımı ayırır, həyat yoldaşı isə onu xərcləyir…

Məmmədayrovun da bu işdə əlbəttə ki, qazancı vardı. Təsadüfi deyil ki, Məmmədyarovun ABŞ-da oğluna bir neçə milyona ev aldığı faktı üzə çıxmışdı və sabiq nazir həmin pulun mənbəyini açıqlamaqdan imtina etmişdi. Yeri gəlmişkən, iddialara görə, XİN-nin L.Canəhmədovaya tapşırılmış dövlət maliyyəsinin 20 faizi Məmmədyarova çatırmış…

L.Canəhmədova XİN sistemindən xaric edilsə də, sonradan azadlığa buraxıldı. XİN-də maliyyə təftişi nəticəsində L.Canəhmədovanın həyata keçirdiyi maliyyə maxinasiyalarının nazirliyin büdcəsindən təkcə son 5 il ərzində 1.5 milyon manatın mənimsənildiyinə səbəb olduğunu üzə çıxardı. Məlumata görə, xanım Canəhmədova bu vəsaiti “gözüyumulu”, həm də xüsusi çətinlik çəkmədən dövlətə geri ödəyib. Bu isə onu göstərir ki, xanım Canəhmədovanın maliyyə yeyintiləri daha çoxdur, üstəlik hələ müəyyən olunmamış daha böyük məbləğdə maliyyə kanalları varmış.
Nazirlikdə yol verilmiş maliyyə cinayətlərinin və digər nöqsanların hərtətrəfli araşdırılması və həqiqətin üzə çıxarılmasında əlbəttə, nazirliyin yeni rəhbərliyinin qətiyyəti xüsusi rol oynayıb. Amma XİN-də maliyyə-kargüzarlıq sənədlərinin araşdırılması yalnız son 5 illik dövrü əhatə edib. Halbuki qeyd etdiyimiz kimi, L.Canəhmədova 2007-ci ildən bu vəzifədə işləyib. Sözsüz ki, araşdırmalar onun bu sahəyə rəhbərlik etdiyi bütün dövrü əhatə etməli, dövlət büdcəsindən yeyintilərin hamısının qaytarılması təmin edilməlidir.

L.Canəhmədova nazirlikdə çox güclü söz sahibi olub, hətta keçmiş nazir belə onunla üz-üzə gəlməkdən çəkinib. Vəsaitlər isə aşkar, kimsədən çəkinmədən mənimsənilib. Məsələn, mənimsənildiyi müəyyən edilmiş vəsaitlərin 400 min manatı işçilərin əmək haqqı üçün nəzərdə tutulubmuş. XİN-in Mərkəzi Aparatında maaşlar aşağıdır, işçilər isə bayramlarda xüsusi mükafatlara ümid edirlər. Xanım Canəhmədova isə bu vəsaitləri də mənimsəyib, işçilər pulsuz qaldığı halda, həmin vəsait onlara verilirmiş kimi rəsmiləşdirilib.

XİN sistemində işçilərin tez-tez ezamiyyətə getməsi adi haldır. Xarici ölkələrdə tədbirlər, görüşlər və s. Amma ezamiyyətə gedənlərə belə dövlətin ayırdığı ezamiyyət xərcləri verilməyib. Bunun isə bir səbəbi olub: gərək Lamiyyə xanımın “qələminin altından keçəsən”. Bildirilir ki, sabiq idarə rəisi hətta kimdənsə xoşu gəlmirdisə, ona ezamiyyət pulu verməkdən müxtəlif bəhanələrlə imtina edirdi…

Sabiq idarə rəisi cəmi 1000 nəfərlik kollektivi olan XİN-də 100 nəfərlik mühasib qrupu yaradıbmış. Hər səfirlikdə bir mühasib… Onların da “fəaliyyəti” səfirliklər üçün nəzərdə tutulan vəsaiti bəzi səfirlərlə əlbir olub mənimsəməkdən ibarət olub. Bəs, bu mühasiblər kimlər olub? Məlumata görə, onların əksəriyyətinin hətta ali savadları olmayıb, amma onlardan 50-100 min manat rüşvət alınaraq işə götürülüb, bir o qədər də vəsait verib xarici ölkələrə səfirliklərdə işləməyə göndəriliblər. Təbii ki, ölkə seçimi də rüşvətin məbləğinə təsir edib…

Bildirilir ki, sabiq nazir nəzarəti o həddə maliyyə “bossu”na həvalə edibmiş ki, xanım Canəhmədova “ölkənin xarici siyasətində” idarəçiyə çevrilib. Hansı ölkədə yeni səfirliyin açılması məsələsi onun iradəsindən asılı olub.

XİN-də mütləqi-hakim olan L.Canəhmədova açıq şəkildə hamıya bildirirmiş ki, heç kimdən qorxmur, kimin xoşu gəlmirsə, hara istəsə şikayət edə bilər. Onun ölkənin maliyyə sistemində güclü dayaqlarının olması ilə öyündüyü də XİN-də hamıya bəlli faktdır. XİN-nin bütün maliyyə gücünü əlində cəmləşdirən və istədiyi kimi sənədləri saxtalaşdırmaqla milyonlar qazanan Canəhmədovların hətta diplomatlardan toplanan koronavirus yardımlarına da göz dikdiyi xəbəri vardı. Təsdiqlənməmiş iddialar görə, yığılan vəsaitlərin demək olar böyük qismi fonda yatırılmayıb.

Bildirilir ki, XİN-nin hesabına guya səfirlərə iki bina tikib. Binalardan biri XİN-in arxasında, digəri isə “Ağ şəhər”də yerləşir. Maraqlıdır ki, həmin binalardakı mənzillərin yalnız cüzi bir qismində diplomatlar yaşayır. Əksər hissəsi isə kvadrat metri 2500-3000 manata imkanlı adamlara satılıb. Canəhmədovların özlərinin isə həmin binalarda 3-4 mənzili olub.

İndi XİN-də “Lamiyyə erası” başa çatıb, amma onun həyat yoldaşı Anar Canəhmədov hələ də Amerika idarəsinin rəisi vəzifəsini tutur.
Belə bir iddia var ki, Canəhmədovanın nənəsi erməni olsa da, uzun illər belə strateji əhəmiyyətli dövlət orqanında maliyyə idarəsinə rəhbərlik edib. Amma göründüyü kimi, onun işdən və XİN sistemindən qovulması hansısa millətlə qohumluğuna görə deyil, əməllərinə görə olub. Sonadək açılmayan əməllərinə görə həm də…

Musavat.com

Paylaş