Oğlunun cinayət işi üzrə ittihamı yüngülləşdirmək üçün müstəntiqə rüşvət verdiyini iddia edən şəxs sonradan pulu geri aldığını deyir. Bundan sonra isə prokurorluğa verdiyi şikayətin araşdırılmadığını bildirir. 

Vətəndaş Kamal Kamılov “Qafqazinfo”ya müraciət edərək Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşının fəaliyyətsizliyindən narazılığını bildirib. O deyib ki, 16 yaşlı oğlu İsmət Kamılov 2019-cu ildə mübahisə zamanı bir nəfərə bıçaqla yüngül xəsarət yetirib. Faktla bağlı başlanılan cinayət işi Binəqədi Rayon Polis İdarəsinin müstəntiqi Tural Aslanovun icraatına verilib.

İddiaya görə, T.Aslanov bu işlə bağlı ittihamı yüngülləşdirmək üçün K.Kamılovdan 2000 manat pul tələb edib. K.Kamılov bildirir ki, buna görə müstəntiqə ilkin olaraq 500 manat verib, pulun qalan hissəsini isə ödəməyib. İsmət Kamılovla bağlı cinayət işi yekunlaşdırılaraq məhkəməyə göndərilib və hökm çıxarılıb. Daha sonra Binəqədi RPİ-yə gələrək müstəntiq Tural Aslanovun xidməti otağında ona verdiyi 500 manatı alaraq elə idarənin təhlükəsizlik kamerasının qarşısında pulu zərfə qoyub.

Ardınca müstəntiqin rüşvət alması ilə bağlı Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət edərək şikayətçi olub. Həmin zərfi də İdarəyə təhvil verərək bununla bağlı ekspertiza keçirilməsini və pulların üzərində müstəntiqin əl izi olduğunu bildirib. K.Kamılovun sözlərinə görə, bir ildən çox vaxt keçsə də, onun şikayəti ilə bağlı heç bir addım atılmayıb, araşdırma aparılmayıb, heç bir məlumat verilməyib.

Vətəndaş bildirir ki, müstəntiq T. Aslanov hazırda Xətai RPİ-də xidməti fəaliyyətdədir.

***

DİN mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, polis əməkdaşının rüşvət alması ilə bağlı səsləndirilən fikirlər həqiqətə uyğun deyil: “Bununla bağlı iddialar araşdırılıb və öz təsdiqini tapmayıb”.

***

Baş Prokurorluğun Mətbuat Xidmətindən “Qafqazinfo”ya bildirilib ki, vətəndaş Kamal Kamılovun Binəqədi rayon Polis İdarəsinin sabiq müstəntiqi Tural Aslanova rüşvət verməsi barədə müraciəti üzrə Bakı şəhəri, Binəqədi rayon prokurorluğu tərəfindən araşdırma aparılıb: “Müraciətdə göstərilən xüsusatlar öz təsdiqini tapmadığından 04 iyul 2020-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilib. Həmin qərar barədə Kamal Kamilov məlumatlandırılmaqla ona qərardan şikayət vermək hüquqları izah edilib”.

Paylaş