Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları silsilə əməliyyatlar həyata keçirib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirliyin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan, eləcə də, qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxslərin aşkar edilərək cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində əməliyyatlar həyata keçirilib.

Belə ki, nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının Novxanı bağlar massivində həyata keçirdikləri əməliyyat zamanı əvvəllər məhkum olunmuş Qurban Sultanov saxlanılıb. Onun qeyd edilən ünvanda yaşadığı evin həyətinə baxış zamanı yaş vəziyyətdə çəkisi 112 kiloqram olan 2 472 ədəd narkotik tərkibli çətənə kolu aşkar edilib. Həmin şəxsin evindən isə ümumi çəkisi 34 kiloqram 500 qram qurudulmuş marixuana və iki ədəd elektron tərəzi aşkar edilib.

Baş idarənin əməkdaşlarının Sabunçu rayonu Maştağa qəsəbəsində həyata keçirdikləri digər bir əməliyyat zamanı paytaxt sakini Rahim Ağayevin yaşadığı evin həyətinə baxış keçirilib. Əməliyyat zamanı oradan 255 ədəd aqrotexniki qaydada qulluq edilmiş çətənə bitkisi aşkar edilib.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən sonuncu tədbir zamanı isə qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxs tutulub. Əməliyyat zamanı Bərdə şəhər sakini əvvəllər dəfələrlə məhkum olunmuş Azər Süleymanov saxlanılaraq istintaqa təqdim edilib. Onun paytaxt ərazisində yaşadığı evə baxış zamanı bir ədəd “Makarov” markalı tapança, həmin odlu silaha məxsus 35 ədəd patron aşkar edilib.

Qeyd edilən faktlarla bağlı baş idarədə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanılıb və təqsirləndirilən şəxslər barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.

Hazırda qeyd olunan hüquqazidd əməllərin tam və hərtərəfli araşdırılması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Paylaş