Korrupsiya.az xəbər verir ki,“Köhnə yaşayış binalarında “jek”in ev sahibindən mətbəx, hamam otağı və eyvana görə pul tələb etməsi qanunsuzdur.

 

Azərbaycanda “JEK” kimi tanınan Mənzil-İstismar Sahələrinin bugünkü fəaliyyəti cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Əsas narazılıqlardan biri ev sahiblərindən mənzil pulunun tələb edilməsidir. Halbuki 30 noyabr 2018-ci il tarixində “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanuna edilən dəyişikliyə əsasən, bu günə qədər mənzillərdən yığılan xidmət haqlarına tətbiq edilən vahid tarif ləğv edilib. Bu, o deməkdir ki, MİS-lər əhalidən mənzil pulu yığa bilməzlər. Amma bəzi MİS-lər hələ də Sovet dövründən qalmış sistemlə çalışaraq, fəaliyyətlərini mənzil idarəçiliyi ilə bağlı müxtəlif istiqamətlərdə davam etdirirlər.

Mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Yenicag.az-a açıqlamasında bildirib ki, bu gün “Jek”lər fəaliyyət göstərsə də, əsas fəaliyyət növləri ləğv edilib:

“Nəticədə “jek”lərin kommunal pulu yığması da qadağan olunub. Bu baxımdan “jek”in ev sahibindən kommunal pulu tələb etməsi qeyri-qanunidir. Köhnə yaşayış binalarında “jek”in ev sahibindən mətbəx, hamam otağı və eyvana görə pul tələb etməsi qanunvericilikdə yoxdur. “Jek”lər qeyri-qanuni mənzil pulu tələb edirlər, bu da ili 18 manat təşkil edir. Əgər binada mərkəzi istilik sistemi varsa, bu halda əlavə olaraq 5-6 aylıq üçün təxmini 20 manat pul ödənir.

Əslində “jek”lərin fəaliyyətinə ehtiyac var. Bu gün şəhərdəki təmizlik işlərini aparan şəxslər “jek”lərin işçiləridir. Sovet dövründə binaların dam örtüyünün dəyişməsi, təmizlik işləri və ya binada olan hansısa problemə görə vətəndaş birbaşa “jek”ə müraciət edirdi. Ancaq indi elə bir dövlət qurumu yoxdur ki, vətəndaş problemini bildirsin.

Bu gün “jek”lər təkcə binanın həyətini təmizləyir, bloklar isə bərbad gündədir”.

Paylaş