Ermənistanın Baş naziri Nikol Paşinyanın qardaşı oğlu Sipan Paşinyan 2019-2021-ci illərdə “Mənim addımım” fraksiyasından Milli Məclisin deputatı olub, ötən il Ukraynada şirkət yaradıb.

“Korrupsiya.az” xəbər verir  ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.

Bildirilir ki, 2022-ci ildə sentyabrın 13-də Narek Qazaryan və Sipan Paşinyanın “CherWood” MMC Çerkassı şəhərində dövlət qeydiyyatına alınıb. Sahiblər şirkətin 50-50 səhmlərini bölüşüblər. Şirkətin nizamnamə kapitalı 25 min Ukrayna qrivnasıdır.

“CherWood” adı təsadüfən seçilməyib. O, “Cherkasi” və ingiliscə “wood” sözlərindən ibarətdir, buradan şirkətin fəaliyyətinin ağac emalı ilə bağlı olduğu bəllidir. Ukrayna KİV-lərinin məlumatına görə, Paşinyan və Qazaryanın şirkətinin əsas fəaliyyəti təbii ağacın mişarlanması və cilalanması digər fəaliyyət növləri faner və panellərin istehsalı, tikinti taxta konstruksiyalarının istehsalı və dülgərlikdir.

Bundan əlavə,  Ukrayna reyestrində Sipan Paşinyanın vətəndaşlığı və qeydiyyatı ölkəsi Ukrayna kimi göstərilib. Onun və Qazaryan qardaşlarının adlarının qarşısında ünvan kimi Çerkassı şəhərinin Dnepr Qəhrəmanları küçəsindəki yaşayış binalarından biri göstərilir.

34 yaşlı Narek Qazaryan isə Çerkassı Şəhər Şurasının deputatıdır. Ermənistanda dünyaya gələn Qazaryan uzun illərdir Ukraynada ailə biznesi ilə məşğul olur.

Ermənistan mətbuatı Paşinyanın qardaşı oğlu Sipan Paşinyanın aylardır davam edən Rusiya-Ukrayna müharibəsindən fürsət kimi istifadə etməsindən yazıb. Bildirilir ki, müharibəni fürsətə çevirən Sipan qurduğu biznesdən külli miqdarda gəlir əldə edir. Belə ki, Ukraynada dağıdılan evlərin bərpası işləri aparılır. Bərpa işlərində tikinti materiallarından istifadə olunur.

Paylaş