“Bakı küçələri işıqlandırılmır. Xüsusilə, eyni səviyyəli piyada zolaqlarında işıqlandırmanın olmaması gecə vaxtı piyadaların vurulmasına səbəb olur. İşıqlandırma əraziyə düşən işıq axınının miqdarıdır. Normallaşdırarkən bir qayda olaraq, orta üfüqi işıqlandırma nəzərə alınır. Bu göstərici lx (lux-lüks) ilə ölçülür. Bu, bəlkə də ən önəmlisidir. Lüks kvadrat metrə 1 lümendir və işıqlandırmanın parlaqlığı artıq ikinci ən vacib parametrdir. Bu, yol səthindən əks olunan işığın miqdarına verilən addır. Əsas yollar, əsas küçələr və ümumi əhəmiyyətli küçələr üçün bu norma 15-20 lüksdür. Ancaq çox şey nəqliyyatdan da asılıdır. Nəqliyyat nə qədər böyükdürsə, bir o qədər az işıqlandırma tələb olunur. Yolun hərəkət hissəsinin kateqoriyası nəzərə alınmaqla səkilər 2-4 lüks diapazonda işıqlandırılmalıdır. Piyada küçələri təyinatdan asılı olaraq 4 lüksdən 6 lüksə qədərdir. Müxtəlif intensivlikdə olan yerli yollar üçün standart 4-6 lüksdür”.
Bu sözləri açıqlamasında nəqliyyat məsələləri üzrə eskpert Rauf Ağamirzəyev deyib.
Ekspertin sözlərinə görə, paytaxtda yollar elə qurulub ki, sürücünü sürətli sürməyə stimullaşdırır: “Yəni işıqlandırma ilə yanaşı, küçələrdə təhlükəsizlik adacıqları qurulmalıdır. Piyada zolaqları piyada səkiləri səviyyəsinə qaldırılmaqla və işıqlandırmaqla qəzaların qarşısını almaq olar. Bu məsələyə daha geniş baxmaq lazımdır. Yol-küçə şəbəkəsi yenidən ciddi təftiş olunmalıdır. Səkilərin vəziyyətinin bərbad olması piyadaların yolun hərəkət hissəsinə çıxmasına və qəza riskinin yaranmasına gətirib çıxarır. Eyni zamanda bəzi nişanların aşağı hündürlükdə qoyulması sürücülərin geri dönmə zamanı qarşı tərəfdən gələn nəqliyyat vastəsitəsini görməməsinə səbəb olur”.
Qeyd: Bakıda yolların işıqlandırılmasına iki qurum – “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi və Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsi cavabdehdir.