Bakıda “Yaşıl ada” restoranında hesabı ödəməyən müştəri həbs edilib.

1991-ci ildə Ağsu rayonunun Pirhəsənli kəndində anadan olmuş Pirvəli Əkbərov (ad-soyad şərti) 28 fevral 2024-cü il tarixdə “Yaşıl ada” restoranında yeyib-içdikdən sonra hesabı ödəməyib və çıxıb getmək istəyərkən restoranın müdiriyyəti ilə mübahisə edib.

Belə ki, Pirvəli Əkbərov iş yoldaşları ilə birlikdə Nəsimi rayonu, Salamzadə küçəsində yerləşən “Yaşıl ada” restoranına gedib. Orada yeyib-içdikdən sonra hesabın 157 manat olduğunu öyrənib. Bundan sonra restoran sahibi ilə aralarında mübahisə yaranıb. Müştəri hesabı ödəməkdən imtina edib.

Daha sonra hadisə yerinə polis çağırılıb. Restorana gələn polis əməkdaşları onu şöbəyə aparıblar. Bu zaman Pirvəli Əkbərov polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməyə başlayıb. Barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə Pirvəli Əkbərov 15 gün müddətinə inzibati qaydada həbs edilib.

Paylaş