Eks-deputat Elmira Axundovanın Ukraynaya səfir təyin ediləcəyi, hətta bundan ötrü 1 milyon manat rüşvət də verməsi xəbərini eşidəndə, hələ belə bir təyinat yox idi. Hətta jurnalist dostlardan kimsə sosial şəbəkədə yazmışdı ki, özü bu xəbəri təsdiqləmir.

Belə məlumatlar da vardı ki, Elmira Axundova səfir təyinatı məsələsini təkzib etsə də, faktiki olaraq bu təyinat üçün ciddi çabalar göstərir. Özünə toxunulmazlıq, oğluna da Ukrayna vətəndaşlığı almaq üçün bütün qüvvəsini səfərbər edib. Barəsində müxtəlif zamanlarda çox ciddi, sənədli-sübutlu ittihamlar eşitdiyimiz bu deputatın və oğlunun fəaliyyəti diqqətimizi çəkdi, araşdırmağa başladıq. Təkcə media və sosial şəbəkələrdə onlar haqqında yazılanların, nəinki bir, hətta bir neçə ittiham aktına belə yerləşməyəcəyinin şahidi oldum.

Bəli, bəli, təkcə mətbuatda yazılanlar, yayılan səs yazıları, deputat və oğlu barədə böyük bir ittiham aktı tərtib etməyə kifayət edərdi. Bəs onda, hansısa ölkədə bizim dövlətimizi təmsil etmək üçün belə bir adamın namizədliyini kim irəli sürüb? Maraqlıdır, bu qədər müəmmalı və qaranlıq işlərdə adı hallanan biri, başqa dövlətdə bizim ölkəni necə təmsil edəcək? Ən azı Ukraynanın bekar jurnalistlərindən kimsə internetə daxil olub, bu adamın adını yazıb, axtarış versə, qarşısına çıxacaq informasiyalara görə, şəxsən mən utanıb yerə girərdim. Ölkəmi belə adam niyə və necə təmsil edə bilər ki? Gəlin, Ukraynalı həmkarlarımızdan qabaq, yeni səfirimizi mediadakı faktlara əsasən özümüz tanıyaq.Azerbaycanrealligi.com

Paylaş