Ötən gün Şəmkir Şampan Şərabları ASC-nin direktoru Hafiz İbrahimovun facebook səhifəsində paylaşdığı bir statusu saytımızda dərc etməyimiz rayonda ciddi rezonansa səbəb olub.
Xatırladaq ki, həmin statusunda iş adamı rayon Şəmkir İcra Başçısına Koronavirusa Qarşı Mübarizə Fonduna yardım etmək təklifində bulunmuş və ediləcək yardımın mənbəyini də göstərmişdi:
“Hansı mənbələr həsabına yardım edə biləcəyini də cənab başcı Alimpaşa Məmmədovun diqqətinə catdırmagı özümüzə borc bilirik:
Şəmkir cayının qarşısında iki milyon manata tikdirdiyi Qızıl Balıq Yetişdirmə Zavodundan;
Şəmkir bələdiyyələrinin adına götürdüyü 38 milyon kreditdən;
Rayon Sovetinin dördmərtəbəli binasının yerini satdığı bir milyon manatdan;
Uşaq xəstəxanasının beş hektara yaxın yerini satdığı 4.5 milyon manadan;
S. Vurgun kücəsində Prezidentin göstərişi ilə vətəndaşların mənzil şəraitinin yaxşılaşdırlması məqsədi ilə qəzalı olan ikimərtəbəli binanın sakinləri yeni mənzillərə köcürülündən sonra binanın yerini satdığı 230 min manatdan;
Yenə Cənab Prezidentin Sərəncamıyla vətəndaşların mənzil şəraitini yaxşılaşdırmaq ücün üc qəzalı vəziyyətdə olan binanın sakinləri yeni təmir olunmuş mənzillərlə təmin olunmuşdu. Şəmkir icra başcısı və bandası 60 sota yaxın ərazini sotu 10 mindən satdığı vəsaitdən;
İcra Hakimiyyətinin həyətinin bir hissəsini yaxınlıqdakı restorana kabinetlər tikilməsi ücün satdığı vəsaitdən;
Morul arxının kənarını bütövlükdə qanunsuz olaraq-ayrı ayrı iş adamlarına obyekt yeri kimi satdığı vəsaitlərdən”.
Təklif saytımızda yayımlanandan bir gün sonra, yəni bu gün rayondan adını açıqlamayan və özünü iş adamı kimi təqdim edən bir vətəndaş telefon açaraq iddialarla razılaşmadığını dedi və Ovqat.com-u yanlış məlumat yaymaqda günahlandırdı. Biz də öz növbəmizdə iddiaların bizə aid olmadığını, rayonu çox adamdan, bəlkə hətta Alimpaşa Məmmədovdan da yaxşı tanıyan Hafiz İbrahimov tərəfindən irəli sürüldüyünü, İcra Başçısının da cavab haqqı olduğunu xatırlatdıq və ona bu fürsəti tanıdığımızı bildirdik.
İş adamı sonunda bizimlə razılaşdı ki, Hafiz İbrahimovun dilə gətirdiyi faktların nə qədər doğru olub-olmadığına biz qəra verə bilərik; faktı araşdırmaq hüquq mühafizə orqanlarının işidir. Bununla belə, onun fikrincə, Hafiz müəllimin təklifində yüz faiz məntiqi xətalar var. Əsas xəta isə bundan ibarətdir ki, adətən təbii fəlakətlərlə bağlı yardım fondlarına ödənişlər halal zəhmətlə qazanılan gəlirlərdən edilir: “Məhz buna görə də iri məmurlar tərəfindən fonda bütün yardımlar maaşlardan keçirilib. Çünki biz inanclı toplumuq və haramdan yardımların düşüb-düşməyəcəyini bilmirik”.
Yəni iş adamının sözündən belə çıxdı ki, Alimpaşa qaş düzəltmək əvəzinə vurub göz çıxarmamaq xətrinə Hafiz İbrahimovun dediyi mənbələrdən fonda yardım keçirmir. Hafiz İbrahimov isə İcra başçısından bunu istəyir: “Bəlkə onun koronavirusdan əziyyət çəkənlərlə qəsdi-qərəzçiliyi var. Siz niyə onun təxribat xarakterli yazısını dərc edirsiniz. Utanmırsınız?!”
Doğrusu, iş adamının bu fikirləri bizi əməlli-başlı xəcalət tərində boğdu və özümüzdən gələndən sonra xeyli düşündürməyə vadar etdi. Axı, necə olur, haram pulla həccə gedib hacılıq ünvanı qazanmağın düşər-düşməzliyi olmur, amma söhbət kiməsə yardımdan gedəndə bu, düşər-düşməz məsələsinə çevrilir?
İstərdik ki, təkcə Şəmkir camaatını deyil, bütün iri məmurları düşündürən bu suala hörmətli Şeyxülislam Allahşükür Paşazadə həzrətləri cavab versin. Şayət bu qəliz sualın cavabını özü bilməsə (daha keçib, özündən müştəbehlik zamanı deyil), hər halda zəng vurub Bakıdakı İran səfirliyində hesabat verdiyi Həsən Ruhani həzrətlərindən soruşa bilər. Cənab Şeyx unutmasın ki, iri məmurların çoxu onun fitvasını gözləyir. Ölkəmizdə Ziya Məmmədov kimi bir çox milyarder köhnə və təzə məmurlar var ki, sırf bu suala cavab tapa bilmədiklərindən oğulları ilə bərabər məlum fonda cəmi 5 min manat halal maaşlarını ödəyiblər. Şeyx həzrətləri bir “hə” desə, təbii ki, yardımların ardı-arası kəsilməz.
Beləliklə, cənab Şeyx, buyurun, bu suala Siz aydınlıq gətirin: Haram pulla yardım etmək olar, olmaz? ovqat.com