Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin rəisi general Adil Əliyevlə iş adamı Hacı İbrahim Nehrəmli arasında məhkəmə çəkişməsi davam edir. 

Birinci və apellyasiya instansiyalarında uzlaşa bilməyən generalla iş adamı aralarındakı mübahisəni Ali Məhkəməyə daşıyıb. Əhməd Əhmədov iş üzrə hakim təyin edilib.
Bəzi məlumatlara görə, kassasiya şikayətini Adil Əliyev verib. Lakin şikayətçinin Hacı İbrahim Nehrəmlinin olduğunu söyləyənlər də var. Bu barədə dəqiqləşdirmə aparmaq mümkün olmayıb.
Adil Əliyev Hacı İbrahim Nehrəmli ilə yanaşı, onun sahibi olduğu “Avesta Konserni” MMC-ni də məhkəməyə verib.
Adil Əliyevlə Hacı İbrahim Nehrəmli arasında mübahisə 2019-cu ildən davam edir. Həmin vaxt iş adamının mediaya verdiyi açıqlamadan məlum olur ki, Adil Əliyev sonradan “Avesta Konserni” MMC-yə birləşdirilən “Tərəqqi” MTK-nın inşa etdiyi yaşayış binasından 5 mənzil alıb. Adil Əliyevin şikayəti mənzillərin ölçülməsi metodikası barədədir.
Hacı İbrahim Nehrəmli isə Adil Əliyevin şikayətini əsassız hesab edir. İş adamı bu barədə mediaya verdiyi açıqlamalarında generalın ünvanına müxtəlif ittihamlar səsləndirib. Hacı İbrahim Nehrəmli iddia edib ki, Adil Əliyev ona, məhkəmə sisteminə, dövlət ekspertizasına təzyiq edir.
Hacı İbrahim Nehrəmli Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşıdır. O, eyni zamanda məşhur “Xəzər adaları” layihəsinin müəllifi kimi tanınır. Lakin iş adamı bu layihəni sona qədər icra edə bilməyib.
Paylaş