Bakıda yerləşən lombardların birində şok dələduzluq faktı qeydə alınıb.
“Nizami” metrostansiyasının yaxınlığında Zivərbəy Əhmədbəyov küçəsində yerləşən lombardda müştərilərə qarşı dələduzluq edilib. Belə ki, müştərilər borclarını tam ödədikdən sonra qızıllarını geri ala bilmirlər.
Onlara qızılların 15 gün sonra veriləcəyi deyilir, amma bu, icra olunmur. Üstəlik, pul ödənildikdən sonra qızılların təhvil verilməsi üçün 15 gün vaxt istənilməsi də qanuna ziddir.
Qızıllarını heç bir şəkildə ala bilməyən insanlar isə Yasamal rayonu 26-cı Polis Bölməsinə şikayət ediblər. Çox sayda insan “Lombard Xəyal” olaraq tanınan şəxsin onlara kütləvi ziyan vurduğunu söyləyib.
Onların sözlərinə görə, lombarda qoyulan qızıllar qanunsuz şəkildə yoxa çıxıb. Şikayətçilər arasında hətta qızılın müqabilində götürdüyü ssudanı 1 il əvvəl ödədiyini, ancaq hələ də qızıllarını geri ala bilmədiyini deyənlər də var.
Çoxsaylı şikayətlərin ardından sözügedən lombardın qapısını bağladığı, ancaq həftədə bir dəfə fəaliyyət göstərdiyi müşahidə olunur. Maraqlısı isə budur ki, lombard aylıq kredit ödənişlərini qəbul etməyə və açıq olduğu günlər hər şeydən xəbərsiz lombarda üz tutan yeni müştərilərdən qızıl qəbulunu davam etdirir. Hərçənd ki, pulu tam şəkildə ödəyənlərin girov qoyduğu qızıllar onlara təhvil verilmir.
Son möhlət kimi şikayətçilərə qızılların 29 dekabrda geri qaytarılacağı bildirilib. Ancaq şikayətçilər buna inanmırlar. Dediklərinə görə, indiyə qədər onlara dəfələrlə belə zaman deyilib, ancaq qızıllar geri qaytarılmayıb.