Vətəndaşa “kreditli” telefon satan mağaza niyə “NAR” brendindən istifadə edir?

Sənan Xəlilov: “Bu il aprel ayında oğlum üçün nəğd pulla, “təzə” adıyla aldığım telefon iki ay sonra blok olundu”

Mağaza əməkdaşı əməkdaşımıza zəmanətin “Nar Mobile” tərəfindən verildiyini dedi

Nəsimi RPİ 22-ci polis bölməsində şikayətçini ictimai birliyə göndəriblər…

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov iyunun 23-də Qafqaz Xəbər Agentliyinə bildirib ki, Bakıda “NAR” brendindən istifadə edən mağaza vətəndaş Taleh Xəlilovun istehlakçı hüquqlarını pozub.

Onun sözlərinə görə, Azadlıq Prospekti 41 X ünvanında yerləşən bu mağazanın rəhbərliyi heç bir müqavilə imzalanmadan və çek verilmədən, vətəndaş T.Xəlilova başqa bir adamın adına kreditdə olan telefonu “təzə adıyla satıb.

“Aprelin 12-də 375 manata alınan Galaxy J7 markalı telefon iyunun 14-də bloka düşüb. Vətəndaş “Çağrı mərkəzi”ndən öyrənib ki, onun telefonu kredit borcuna görə blok edilib. Çaşqınlığa uğrayan vətəndaş telefonu götürüb mağazaya gedib, lakin mağazada onu dinləmək və zərəri qarşılamaq istəməyiblər. Biz nümayəndəmizi vətəndaşla o mağazaya göndərib, məsələni sülhlə həll etmək niyyətindəyik”, – deyə E.Hüseynov bildirdi.

T.Xəlilovun atası Sənan Xəlilov E.Hüseynovun sözlərini Qafqaznews.az-a açıqladı. O, Mehman Əliyev adlı şəxsin adından (satıcı isə Əzizağa kimi qeyd olunub – red.) sadəcə zəmanət talonu verildiyini dedi: “Mənə “Çağrı Mərkəzi”ndən dedilər ki, “Kontakt Home”yə yaxınlaşın. Orda isə dedilər “bizlik deyil”. Mən gəldim bu telefonu aldığım mağazaya, pulumu geri tələb etdim. Dedilər vermirik, gedin hara istəyirsiniz, şikayət edin. Mən telefona 370 manat, qobura isə 5 manat pul vermişəm. Amma bu telefon “kreditdə olmağa” görə bloklanıb. Buna görə isə məsuliyyəti mağaza daşıyır. Mənə telefonu satanda demişdilər ki, “Nar Mobile” sizə 12 ay zəmanət verir. Problem olsa, dəyişəcəklərini də demişdilər”.

“Siz polisə müraciət etdinizmi?” – deyə soruşduq.

“Mən 22-ci polis bölməsinə getdim, amma orda növbətçilər dedilər ki, bura şikayət etməniz bir nəticə verməyəcək, iş uzanacaq… Mənə məsləhət bildilər ki, Azad İstehlakçılar Birliyinə gedim”, – deyə S.Xəlilov Qafqaznews.az-a qeyd etdi (sözügedən təşkilat ictimai birlikdir, 22-ci polis bölməsi isə dövlət strukturu və DİN-nin bir orqanıdır – red.).

Biz vətəndaşın verdiyi nömrələrə zəng etdik, lakin zəngimizə cavab verən olmadı. Sonda mağazanı taparaq, içəri daxil olduq. Bir xanım vətəndaşın da telefonu qaytarmaq üçün gəldiyini gördükdə, özümüzü alıcı kimi təqdim edərək, satıcı xanımdan “Galaxy J7” smartfonunu soruşduq. Üstündə 440 manat qiymət yazılan telefon, xanımın “Nar Mobile nümayəndəsi” kimi təqdim etdiyi Fəzail adlı şəxsin müdaxiləsindən sonra bizə endirimlə 400 manata təklif olundu.

Biz müqaviləyə baxmaq istədik, lakin satıcı qız “müqaviləni nə edirsiz, zəmanət talonu veririk” dedi, üzərində “NAR” loqosu olan zəmanət talonu göstərdi.

Telefonun bloklanma ehtimalı qarşısında nə edəcəklərini soruşduq: “Mənim əmimoğlunun başına belə bir hadisə gəlmişdi. Yüz faiz bu telefonlar təzədir?”.

Aldığımız cavab isə belə oldu: “Bu telefonlara “Nar Mobile” zəmanət verir.

Sözügedən dialoqun videoyazısı da var, əgər “Azerfon” MMC-nin rəhbərliyi və ya hüquq mühafizə orqanlarına maraqlı olarsa, həmin videoyazını təqdim etməyə hazırıq.

Qeyd edək ki, məsələ ilə bağlı “[email protected]” ünvanına da yazaraq, sözügedən mağazaya “Azerfon” tərəfindən hansı səlahiyyətlər verildiyi barədə sorğu ünvanlamışıq.

Sorğumuza cavab aldıqda, ictimaiyyətə təqdim edəcəyik.

Rüfət Əhmədzadə

Qafqaznews.az


Paylaş