DGK məmurları: Susun…

İş adamı Prezident İlham Əliyevə müraciət etdi

Cənab Prezident!

Mənim sahibi olduğum “Rovel Trading” şirkəti iki ildir qardaş Türkiyədən ölkəmizə akkumlyator gətirərək bu məhsulun satışı ilə məşğul olur. Şirkətdə 20 nəfərə yaxın vətəndaşımız işləyir. Biz dünyada baş verən iqtisadi böhran dövründə çalışırıq ki, ölkəmizdə yeni iş yerlərinin açılmasına kömək edək, qanuni vergilərimizi ödəyək və Sizin uğurlu siyasətinizə iqtisadi sferada dəstək verək. Sözün düzü, Sizin sahibkarlara açıq və qətiyyətli dəstəyiniz olmasaydı ölkədəki iqtisadi mühit çoxdan sıradan çıxmışdı. Və biz iş adamları da məhz Sizə güvənib indiki zamanda böyük risk tələb edən biznes fəaliyyətimizi davam etdiririk.

Möhtərəm Prezident!

Sizin bir müddət əvvəl öz tarixi çıxışınızda biznesmenlərə, iş adamlarına, sahibkarlara üz tutaraq dedikləriniz bizə inam və qüvvət verir: “ Əgər sahibkarların işinə müdaxilələr varsa, onlara bir daha müraciət edib deyirəm ki, dərhal məlumat verin, dərhal səsinizi qaldırın”. Mən Sizin bu çıxışınıza güvənərək dediyiniz kimi səsimi qaldırmaq qərarına gəldim.

Cənab Prezident!

Dövlət Gömrük Komitəsinin bəzi məmurları, konkret desək DGK-nin Baş Enerji Gömrük İdarəsinin rəisi Vaqif İbrahimovun və maliyyə şöbəsinin rəisi Rəfael Niftəliyevin sözün həqiqi mənasında biz sahibkarlara qənim kəsilib. Hər dəfə qiymət uyğunsuzluğu bəhanəsi ilə gətirdiyimiz mallar günlərlə, bəzən həftələrlə saxlancda qalmalı olur. Tələb olunan bütün sənədləri təqdim etsək də, bu şəxslər hər dəfə yeni bəhanə tapıb malımızı sənədləşdirmirlər. Və nəticədə bizim vaxtımız boş yerə gedir, müştərilərimiz qarşısında etimadı itiririk, boş günlərə görə maliyyə itkimiz olur və s. Belə olan halda uğurlu biznes fəaliyyətindən necə danışmaq olar ?

Cənab Prezident!

Konkret olaraq nəzərinizə çatdırım ki, şirkətimizin ünvanına Türkiyə Respublikasından gətirilmiş bir maşın akkumlyator yükü tam qanuni olaraq 29.06.2017-ci il tarixində bəyan edilmiş bütün sənədlərin surəti Enerji Gömrük İdarəsinə təqdim edilmişdir. Enerji Gömrük İdarəsi Gömrük Məcəlləsinin 157-ci maddəsinə (Gömrük bəyannaməsində göstərilən məlumatların yoxlanılması) istinad edirlər. Axı məcəllədə məlumatların yoxlanılmasının müddəti var. Məcəllədə ( 160.1 ) qeyd olunub ki, gömrük rəsmiləşdirilməsi zamanı gömrük orqanlarına təqdim olunan gömrük bəyannaməsində və digər sənədlərdə göstərilən məlumatların malların adlarına, mənşəyinə, sayına və dəyərinə uyğunluğunun yoxlanılması, gömrük bəyannaməsinin təsdiq edildiyi, sənədlərin və malların isə təqdim edildiyi vaxtdan 2 (iki) gündən gec olmayaraq həyata keçirilir. Ancaq təəssüf ki, idarənin əməkdaşları həmin maddənin dəyişməyindən belə xəbərləri yoxdur. Və hələ də köhnə qayda ilə yoxlama müddətini 3 gün hesab edirlər. Hansı ki, 28 oktyabr 2014-cü il tarixli 1094-IVQD nömrəli qanunla 3 gün müddəti 2 günlə əvəzlənib. Bizim şirkət isə artıq 7 gündür ki, sənədləri təqdim edib və dövlətin rüsumunu ödəmişik. Bizə məlum olmayan səbəblər üzündən yükümüz buraxılmır.

Cənab Prezident!

Mənim şirkətimə qarşı gömrük vəzifəlilərinin qərəzinin kökündə başqa bir səbəb də var: mən bir müddət əvvəl gömrük orqanlarında baş verən qanunsuzluqlarla bağlı konkret olaraq Sizə, DGK sədri Aydın Əliyevə və Apellyasiya Şurasının rəhbəri Eldar Nuriyevə müraciət etmişəm. Bu müraciətim DGK-nin Baş Enerji Gömrük İdarəsinin rəisi Vaqif İbrahimovun və maliyyə şöbəsinin rəisi Rəfael Niftəliyevin qəzəbinə səbəb olub və mənə işləmək istəyirsənsə, SUS deyirlər. Bunu necə başa düşək: Prezident deyir SƏSİNİZİ QALDIRIN, DGK-nın idarə rəisi, şöbə müdiri deyir SUSUN.

Möhtərəm Prezident!

Biz iş adamlarının hazırda real durumu yuxarıda qeyd etdiyim kimidir. Sizdən artıq dərəcədə xahiş edirik ki, biz iş adamlarını Vaqif İbrahimov və Rəfael Niftəliyev kimi gömrük məmurlarından xilas edin.

Biz iş adamları da normal şəkildə fəaliyyət gösətərə bilək və xalqımıza, cəmiyyətimizə qulluq edək.

“Rovel Trading” şirkətinin direktoru İntiqam Həsənov

Qafqazxeber.az

Türkiyəli sürücü qardaş ölkənin Azərbaycandakı səfirindən kömək istəyir

İş adamı DGK məmurları ilə bağlı ölkə başçısına müraciət etdi

Paylaş