Xəbər verdiyimiz kimi, bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov Azərbaycanda uşaqlara uşaqpulunun verilə bilməsi ilə bağlı deyib ki, hazırda Azərbaycanda uşaqlarla bağlı ailələrə 14 növ sosial müavinət verilir:
“İl ərzində bunun üçün 494 milyon manat ayrılır. Bu müavinətlər 585 min uşağı əhatə edir. Təkcə bu il ərzində ölkədə ünvanlı sosial yardımdan 160 min uşaq faydalanıb.
Prezident İlham Əliyev də vurğulayır ki, dövlət vəsaitindən səmərəli, ünvanlı şəkildə istifadə olunmalıdır. Uşaqpulu isə ünvanlılıq prinsipinə tam cavab vermir”.
Mövzu ilə bağlı Lent.az -ın suallarını cavablayan iqtisadçı-ekspert Rəşad Həsənov bildirib ki, uşaqpulunun ünvanlılıq prinsipinə cavab verməməsi barədə fikirlər düzgün deyil:
“Çünki uşaqpulunun verilməsi həm keyfiyyətli təhsilə, həm keyfiyyətli səhiyyəyə, həm də ki, ən əsası insan kapitalına ödənişdir. Bu isə çox vacibdir. Hazırda bir sıra büdcə xərcləri var ki, onlarla müqayisədə uşaqpulu daha ünvanlı və önəmlidir.
Uşaqpulunun bərpası ilə bağlı müxtəlif mexanizmlər tətbiq edilməlidir. Məsələn, sözügedən ödəniş 18 yox, 16 yaş da daxil olmaqla, uşaqların orta təhsili bitirmələrinə qədər verilə bilər. Həmçinin ailədə doğulan ilk uşağa uşaqpulu verilməyə, iki və daha çox uşağa verilə bilər. Bununla bağlı təklifim isə ondan ibarətdir ki, ailədə doğulan birinci uşağa hər ay 50 manat, ikinci uşağa 75 manat, üçüncü uşağa görə isə 110 manat vəsait verilsin. Ödənişlər qeyd etdiyim formada olarsa, büdcəyə yük çox düşməz”.
İqtisadçı-ekspert deyib ki, yaşayış minimumu qanunvericiliklə tənzimlənir:
“Azərbaycanda yaşayış minimumu “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir. Bu qanunda da göstərildiyi kimi, yaşayış minimumunun strukturu iki hissədən ibarətdir: istehlak səbəti və icbari ödənişlər. Bu iki istiqamətdə xətlərin dəyişməsindən asılı olaraq yaşayış minimumunun dəyişməsi zərurəti ortaya çıxır. Qanunvericiliyə uyğun olaraq, tariflər və cari qiymətlər nəzərə alınmaq şərtilə ildə bir dəfə yaşayış minimumu təsdiqlənir.
Qeyd edim ki, 2019-cu il üçün yaşayış minimumu ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat məbləğində müəyyən edilib. Ancaq Azərbaycanın istehlak səbəti dövrün tələblərinə tam cavab vermir. Düşünürəm ki, ölkədə istehlak səbətinin yenilənməsinə və tələblərə uyğunlaşmasına ehtiyac böyükdür. Amma bu yenilənmə əlavə xidmət yaxud ərzaq, geyimlərin daxil edilməsi yox, aşağı keyfiyyət və ucuz məhsulların keyfiyyətli məhsullarla əvəzlənməsi ilə dəyişməlidir”.
R.Həsənov əlavə edib ki, Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibi ərzaq məhsulları, qeyri-ərzaq malları və xidmətlərə görə müəyyənləşdirilir:
“Bununla bağlı 2017-ci ildə geniş araşdırma aparmışdıq. Nəticədə isə 1 nəfər əmək qabiliyyətli əhali qrupu üçün aylıq 350 manat, əmək qabiliyyəti olmayan (uşaqlar da daxil olmaqla) əhali qrupu üçün 285 manat müəyyənləşdirmişdik. Düşünürəm ki, hazırki vəziyyətə görə, bu il üçün aylıq əmək qabiliyyəti olan əhaliyə orta hesabla 400-420 manat, digər əhali qrupuna isə 310-330 manat vəsait kifayət edə bilər”.
Xatırladaq ki, dünən mövzu ilə bağlı Milli Məclisin plenar iclasında çıxış edən deputat Vahid Əhmədov bildirib ki, uşaqpulunun verilməsi millətin tələbidir:
“Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyir ki, müəyyən təbəqədən olan insanlara təxminən uşaqpulu”verilir. Amma biz hamımız faktiki olaraq uşaqpulu ilə böyüyən adamlarıq. “Bu gün uşaqpulunun ödənilməsini təmin edə bilmərik” deməyi düzgün hesab etmirəm. Uşaqpulu verilməlidir. Demirik ki, bunu 18 yaşa kimi vermək lazımdır. Bununla bağlı da ümumi məxrəcə gəlmək lazımdır. Çünki cəmiyyət tərəfindən də bu məsələ səslənir.
Hesab edirəm ki, “uşaqpulu” məsələsinə birbaşa “yox” demək düzgün deyil. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri bununla əlaqədar müxtəlif təkliflərlə çıxış etməlidir”.