Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin Rusiyanın Həştərxan (Astarxan) vilayətində biznes şəbəkəsini genişləndirib.
Bu barədə Qlobal.az-ın əldə etdiyi məlumatda deyilir.
Məlumata görə Abdin Fərzəliyev Həştərxanda ona məxsus olan otelçilik və logistika biznesi ilə yanaşı, aqrar sektora da sərmayə yatırıb. Belə ki, icra başçısına məxsus olan istixanalarda pomidor və digər subtropik meyvələr yetişdiriləcək. İcra başçısının bu məqsədlə Azərbaycandan Həştərxana aqronomlar göndərdiyi də deyilir.
Qeyd edək ki, Abdin Fərzəliyev 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvü və YAP Siyasi Şurasının üzvü, 2005-ci ildən isə Nərimanov rayon İcra Hakimiyyətinin başçısıdır.
Xatırladaq ki, bir müddət öncə Nərimanov RİH-nin başçısı Abdin Fərzəliyevin təşkilatçılığı və rəhbərliyi ilə Azərbaycan Gözdən Əlillər Cəmiyyətinə məxsus olan Nərimanov rayonu, Faiq Yusifov, 40 ünvanında tikilən binada maxinasiya edərək ümumilikdə 8 (bəzi iddiaçılara görə 13) milyon manata yaxın vəsaitin rayon rəhbərliyi tərəfindən mənimsənildiyi deyilirdi.
Məlumatda Nərimanov RİH-nin başçısı Abdin Fərzəliyev tərəfindən dövlət məmurlarının vəzifələrindən sui-istifadə edilərək, rayon icra aparatının müvafiq qurumlarının, Nərimanov RPİ-nin, AGƏC-nin sədri Səmyar Abdullayevin və s. iştirakı ilə əsassız dövlət sənədləri hazırlandığı, bir qrup ailənin qanunsuz olaraq Nərimanov rayonu, F.X.Xoyski küçəsi, 123A ünvanında yerləşən AGƏC-yə məxsus yataqxanaya əlil kimi qeydiyyata alındığı, NRİH-nin başçısı Abdin Fərzəliyevin sərəncamları ilə əlil kimi mənzil növbəsinə götürüldüyü iddia edilirdi.
Nərimanov rayon icra hakimiyyətinin bu əməlindən zərərçəkmiş şəxs Çingiz Üzeyirov Nərimanov RİH başçısını evlərin qanunsuz satışında günahlandırırdı: “İcra Hakimiyyətinə sənəd hazırlayan adi kuryer tutulub. Bu işdə pulu alan şəxslərdən biri Rauf Hüseynovdur, amma zərərçəkən kimi tanınır. Amma İH-də sənədi əsl hazırlayanlar məsuliyyətə cəlb olunmur. Şahmar İbadov da məhkəmədə iştirak elədi. Amma boynundan atdı. Pulu alan əsas adamlardan biri Məzahir Nəsibovdur, Almaniyaya qaçaraq sığınacaq istəyib. Orada video müraciət edib, faktlar açılıb. Məlum olur ki, İH-nin maklerləri və sənədi hazırlayan Şahmar İbadovdur, sərəncamı verən isə icra başçısıdır. Onlar günahkardırlar. Həmçinin, Rasim Quliyev məsuliyyət daşıyır. O, meriyada aparat rəhbəri olub. Şahmar İbadov isə deyir ki, kimin qol çəkdiyini bilmirəm”.
Qarşı tərəf xəbərə münasibət bildirmədi.