Binəqədi sakini deyir, rayon icra hakimiyyəti onun tikdirdiyi evi sökməklə xeyli maddi zərərə salıb
“Səhər gəldim tikiliyə baş çəkim, gördüm, daş üstündə daş qalmayıb. Qonşular dedi, dünən icra hakimiyyətinin işçiləri ağır texnikalarla gəlib, tikilini söküb”.
Binəqədi sakini Kamran Ağalarov Meydan TV-yə danışır ki, martn 27-də Binəqədi Rayon İcra Hakimiyyətinin və rayon polis şöbəsinin əməkdaşları elə Binəqədi rayonu ərazisində – yaşadığı evin yaxınlığında ötən il tikməyə başladığı və yarımçıq qalmış evi uçurublar.
“Rüşvətin məbləğini 2 min manata endirdilər”
Kamran Ağalarov deyir, bu tikintiyə icra hakimiyyəti özü qeyri-rəsmi icazə veribmiş:
“Evimiz darısqal olduğu üçün oğluma ev tikmək qərarına gəldik. Ötən il icra hakimiyyətinin vəzifəli şəxsləri bildirdilər ki, əlində bələdiyyənin kağızı var, o sənədə əsasən tikintiyə başla, sonra 4 min manat verərsən, biz də tikintini sənədləşdirərik. Mən 4 min manata razılaşmadım, dedim, bu məbləğə gücüm çatmaz, məbləği 2 min manata endirdilər. Beləliklə, tikintiyə başladım. Noyabrda pulum olmadığına görə tikintini dayandırdım. Dekabrda tikintini davam etdirmək istəyəndə icra haimiyyətinin işçiləri dedilər ki, icra başçılarını həbs edirlər, vəziyyət qarışıqdır, hələlik gözlə, başçı pul götürə bilmir, tikintini saxla. Mən də dedikləri kimi etdim. Ancaq martın 28-də tikinti yerinə gələndə gördüm ki, tikilini əməlli-başlı xışlayıblar. İki iri darvazanı, hasarı da dağıdıblar. Məni xeyli zərərə salıblar”.

“Ərazidə təhlükəli vəziyyət yaradıblar”
Kamran Ağalarovun deməsinə görə, yarımtikili dağıdılarkən işıq sayğacı da qəzalı vəziyyətə salınıb:
“Aidiyyəti qurumlarla müqavilə bağlamışdım, gəlib işıq, su sayğacları quraşdırmışdılar. Tikilini dağıdarkən hasara vurulmuş işıq sayğacı da texnikanın dağıtdığı hasarla birlikdə qopub. İndi sayğac işıq dirəyindən bir naqildən asılı vəziyyətdə qalıb. İcra hakimiyyətinin işçiləri bu hərəkətləri ilə ətrafdakılar üçün təhlükə yaradıblar. Yoldan ötən bir uşaq o naqilə toxunsa, cərəyan vura bilər. Orada baş verən hər hansı hadisənin məsuliyyəti icra hakimiyyətinin üzərindədir. Çünki bu vəziyyəti onlar yaradıb”.
Kamran Ağalarov deyir, yarımtikilinin söküldüyünü görən kimi Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurub, məlumat verib. Binəqədi Rayon İcra Hakimiyyətində isə ona bildirilib ki, məsələni karantin rejimi bitəndən sonra gəlib aydınlaşdıra bilər.
“Başçı məni karantinə görə qəbul etmir”
“Dəfələrlə icra hakimiyyətinə getmişəm ki, başçıyla görüşüm, öz razılığı ilə başlanan tikintini belə vəhşiliklə sökdürməsinin səbəbini soruşum. Deyirlər, get, karantin bitəndə gələrsən. Evimi karantin vaxtı sökürlər, ancaq səbəbini öyrənmək üçün karantinin bitməsini gözləməyimi istəyirlər. Mən şəxsi maşınımla taksi xidməti göstərirəm, dövlətdən ev istəmirəm, kasıbçılıqla, qəpiyi qəpiyin üstünə qoyub oğluma ev tikirəm ki, ailəsiylə küçədə qalmasın. Bunlar papaqlarını göyə atsınlar ki, vətəndaş gəlib heç nə istəmir, istədiyi odur, şərait yarat, özünə gün ağlasın. Tikdiyini dağıtma, qanuni ev tikmək istəyəndə qarşısını kəsmə, əngəl yaratma, rüşvət istəmə ki, sonra da rüşvət almağın çətinləşəndə gəlib tikdiyini sökməyəsən. Qapılarına bir sənəd üçün gedəndə vətəndaşı illərlə süründürürlər, qəsdən bezdirirlər ki, vətəndaş ömrünün süründürməçiliklə keçməməsi üçün məcbur olub, borca-xərcə düşüb bunlara rüşvət versin, qanuni görə biləcəyi işi rüşvətlə görsün”, – şikayətçi deyir.
“Dəfələrlə xəbərdarlıq olunub”
Binəqədi Rayon İcra Hakimiyyətindən bildirilib ki, Kamran Ağalarov tikintiyə başladığı ilk günlərdən ona qeyri-qanuni tikintinin dayandırılması ilə bağlı dəfələrlə xəbərdarlıq olunub. Lakin vətəndaş tikintini davam etdirib. Ona bildirilib ki, torpaq sahəsinin çıxarışı və layihə təqdim edildikdən sonra məsələyə rayon icra hakimiyyəti tərəfindən baxıla bilər. Lakin Kamran Ağalarov bu sənədlərin heç birini quruma təqdim etməyib:
sökdürməsinin səbəbini soruşum”.
“Vətəndaşa, yaşayış evlərinin və torpaq sahələrinin müəyyən edilməsi, yaşayış evlərinin tikintisinə dair rəsmi sənədlərin mövcudluğunun müəyyənləşdirilməsi və müvafiq məlumatların toplanması məqsədilə yaradılmış Yerli Ekspert Komissiyasından qeydiyyatdan keçməsi, komissiya tərəfindən torpaq sahəsinin sənədləşməsindən sonra aidiyyəti üzrə müraciət etmələri tövsiyə edilib. Qeyd edilənlərə baxmayaraq, Kamran Ağalarov tövsiyələrə məhəl qoymadan qanunsuz şəkildə tikinti işlərini davam etdirib”.
Qanunsuz tikintinin davam etdirilməsi üçün rüşvət istənilməsi ilə bağlı deyilənləri isə qurum əsassız iddia adlandırıb.
Kamran Ağalarovun deməsinə görə, yarımtikili dağıdılarkən işıq sayğacı da qəzalı vəziyyətə salınıb.  Mənbə: Meydan TV

Paylaş