Sosial şəbəkələrdə 317 nömrəli məktəbin 1B sinfində dərs prosesi zamanı çəkildiyi deyilən görüntülər paylaşılıb.

Sözügedən videoda müəllimin uşaqlarla kobud rəftar etdiyi, onlara “tərbiyəsiz”, “gic”, “xəstə” kimi ifadələr işlətdiyi öz əksini tapıb.

İddiaya görə, video ötən ilin noyabrında çəkilib və müəllim görüntüləri səhvən valideynlərə atıb.

Valideynlər iddia edir ki, görüntüləri qeydə alan müəllim uşaqlara həm psixoloji, həm də fiziki şiddət göstərir.

Görüntülərdə lövhədə tapşırıq yazan şagirdin müəllim ona yaxınlaşarkən qorxudan özünü müdafiə etməyə çalışması diqqət çəkib.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Ölkə.Az-a bildirilib ki, əgər belə bir video varsa,  məsələ araşdırılacaq və nəticə barədə mediaya məlumat veriləcək.

Mövzu ilə əlaqədar Ölkə.Az Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə rəsmi sorğu da ünvanlayıb.

Qeyd edək ki, bir neçə gündür Azərbaycanda yerləşən bir sıra məktəblərdə baş verən xoşagəlməz hadisələr müzakirələrə səəb olub.

Bir neçə gün əvvəl Bakıda yerləşən 6 nömrəli məktəbdə azyaşlı uşaqların həmin məktəbin şagirdləri tərəfindən seksual zorakılığa məruz qaldığı iddia edilir.

Bundan əlavə, Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi Raul Rəhimov məktəbin önündə qətlə yetirilib.

Bu gün isə Paytaxtın Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 188 saylı orta məktəbdə şagirdlər arasında kütləvi dava olub. Dava 5 və 15-16 nəfərlik iki qrup arasında meydana gəldiyi, şagirdlərdən birinin üzərində bıçaq gəzdirdiyi barədə məlumatlar yayılıb.

Billurə Yunus

Paylaş