Yasamalın icra başçısı İbrahim Mehdiyevin işdən qovulması bir daha göstərdi ki, prezidentin göstərişlərinə zidd gedən məmurlar cəzasız qalmayacaq

Hacı Cavad məscidinin özbaşına söküntünə qərar verməsi, icra başçısının vəzifəsini itirməsi ilə nəticələndi. Bu faktın özü digər rayon icra hakimlərinə də bir ibrət dərsi oldu.

Bu barədə Ulus.Az-a daxil olan məlumata görə, Prezident Administrasiyası rəhbərliyi tərəfindən icra başçıları ilə bağlı yeni təlimatlar gözlənilir.

PA rəhbəri Ramiz Mehdiyevin bir müddət əvvəl olduğu kimi, icra başçılarını toplayıb onlara tapşırıqlar verəcəyi gözlənilir.

Bu, həm də yeni siyasi kursun götürülməsinə başlanğıc olacaq. Bəzi icra başçılarının isə vəzifədən gedişi prosesi sürətlənəcək.

Əldə olunan bilgilərə görə, hakimiyyətin strategiyasına adekvat olmayan fəaliyyəti ilə seçilən icra başçıları bir-bir yola salınacaq.

Bu xüsusatda Laçının icra hakimi Aqil Nəzərli, Lənkəranın icra başçısı Taleh Qaraşov, Şamaxının icra başçısı Asif Ağayev və başqaları vəzifəsi ilə vidalaşa bilər. Çünki onlardan da tez-tez şikayətlər daxil olur.

Yasamalın işdən çıxarılan icra başçısı da əhalini qıcıqlandıran, camaatın əleyhinə olan addım atmışdı. Belə ki, prezidentin tapşırığına uyğun olaraq Yasamal rayonu Şərifzadə küçəsində daha geniş, gözəl və müasir məscidin tikilməsi üçün yer və vəsait ayrılıb, müvafiq tikinti işlərinə başlanıb.

Lakin bəzi vəzifəli şəxslər cənab prezidentin tapşırığının əksinə olaraq, yeni məscid binasının tikintisi başa çatmamış “Hacı Cavad” məscidinin sökülməsi barədə özbaşına qərar qəbul ediblər.

Prezident İlham Əliyev məsələ barədə məlumat aldıqdan dərhal sonra həmin vəzifəli şəxslərin ciddi şəkildə cəzalandırılması barədə göstəriş verib.

Insanlara qarşı özbaşınalıq edən, prezidentin tapşırıqlarını yerinə yetirməyən, vətəndaşları saymayan, şikayətləri dinləməyən icra başçıları üçün “əcəl zəngi” çalınmağa başlanıb.

Məsələn, Ağcabədinin icra hakimi Şahin Məmmədov, Bərdənin icra başçısı Vidadi İsayev, Ağstafa rayon rəhbəri Məhərrəm Quliyev, Binəqədi icra başçısı Xaləddin İsgəndərov, Qaradağın icra başçısı Süleyman Mikayılov “qələmi qırılan” məmurlardır.

Rayon icra hakimiyyəti başçılarının qanunsuz əməllərindən Prezident Administrasiyasına edilən şikayətlərin monitorinqi aparılıb. Hazırda monitorinqin nəticələri ümumiləşdirilir və yaxınlarda siyasi rəhbərliyə təqdim ediləcək.

Məlumatda bildirilir ki, belə monitorinqlər vaxtaşırı aparılır və siyasi rəhbərliyə məruzə edilir. Siyasi rəhbərlik də məruzə əsasına icra başçılarını cəzalandırır, işdən çıxarır.

İmişli icra hakimiyyətinin başçısı Vilyam Hacıyev, Şirvan icra başçısı Mərdan Camalov, Nərimanov icra başçısı Abidin Fərzəliyev, Zaqatala icra başçısı Mübariz Əhmədzadə və başqa məmurlar da siyahıda yer alır. Onların mərhələli şəkildə işdən azad olunması prosesi gedir.

Adı çəkilən rayonlar həm korrupsiyanın, dövlət vəsaitlərinin ifrat dərəcədə mənimsənildiyi, iş adamlarının incidildiyi bölgələrdir.

Bu rayonları potensial “İsmayıllı” hesab etmək olar. Yeni icra başçıları ənənəvi olaraq oliqarxın nümayəndələri olmayacaq. Yenilər YAP fəalları arasından da seçiləcək.

Paylaş