Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovla kənd təsərrüfatı naziri Heydər Əsədov taxıl biznesinə girişib
Bu barədə Ulus.Az-a daxil olan məlumata görə, nazirlə komitə sədri şərikli iş qurub.
K.Həsənovun Cəlilabadda yüz hektarlarla məhsuldar torpaq sahələrini şəxsi mülkünə çevirdiyi xəbər verilir. H.Əsədovun da bu işdə ciddi payının olduğu deyilir. Hətta KTN-nin Cəlilabad idarəsinin rəisi komitə sədrinin dayısıdır.
Ona görə də bu biznesin ortaqlığı asan başa gəlib və komitə sədrinin dayısı da nazirlə bacı oğlunun işinə nəzarət edir. Lakin adı çoxsaylı əmlak qalmaqallarında hallanan Həsənov, torpaqların zəbt edilməsilə də kifayətlənməyib.
Kəndlilərin bildirdiyinə görə, məhsuldar torpaqlarını dəyər-dəyməzinə ələ keçirən Kərəm Həsənov, indi də min bir əziyyətlə əldə etdikləri kənd təsərrüfatı məhsullarına göz dikib.
Belə ki, komitə sədri hazırda pərakəndə satış nöqtələrində kilosu 45-50 qəpiyə satılan taxılın hər kq-na görə kəndlilərə maksimum 20-25 qəpik ödəyir, əldə olunan məhsulu isə özünə məxsus anbarlara yığdığdırır.
Çarəsiz kəndlilərin isə məhsulu sonraya saxlamaq, bazara çıxarmaq və daha əlverişli qiymətə satmaq kimi alternativləri yoxdur.
Kəndlilərin nazirliyə şikayət yazmasının mənası da qalmayıb. Çünki elə bu biznesdə komitə sədrinə şərikliyi olan H.Əsədovun məsələni araşdırmaqda maraqlı olmadığı söylənir.
Dövlət başçısı pambıq əkilməsi, aqrar sektorun inkişafı, heyvandarlığın artırılması istiqamətində tapşırıqlar versə də, komitə sədrinin dayısı öz “konstitusiyası” ilə fəaliyyət göstərir.
Sosial şəbəkələrdə gedən məlumatlara görə, Kənd Təsərrüfatı Nazirliyinin Cəlilabad şöbəsinin rəisi olan Rahib Kərimov komitə sədri olan bacı oğluna güvənərək aqrar sahəni darmadağın etməkdədir.
Nəticədə Cəlilabad kimi aqrar bir rayonda fermerlər, kəndlilər, subsidiya arzusunda olan sahibkarlar, pambıq və kartof əkən təsərrüfatçılar qan ağlayır.
Kəndlilər gununsesi.info-ya şikayətində çarəsizliyi belə əsaslandırırlar: “Toxumu və yanacağı nisyə götürmüşük.
Taxıl səpinində, onun biçilməsində istifadə olunan kombaynlar da bizə məxsus deyil, hər hektarın səpin və biçininə görə bəlli məbləğ ödəməli oluruq.
Nəticədə, təxminən hər hektara 150-180 manat arası xərcimiz çıxır. Təbii ki, borc verən şəxslər, texnika sahibləri gözləmir, məhsul yığımı başa çatan kimi haqlı olaraq pullarını tələb edirlər.
Biz isə 6 ay əziyyətlə becərdiyimiz məhsulu dəyər-dəyməzinə satmaq qalır. İndi hamı borclarını ödəmək üçün əldə etdiyi məhsulu satır. Alanların isə Kərəm Həsənovun yaxın adamları olduğu deyilir”.