“Saqib Məmmədov və onun dəstəsinin üzvləri ifşa edilərək ailəmizə vurulmuş zərəri ödəməsələr, küçələrdə qalmağa məcbur olacağıq. Anam uzun sürən məhkəmə proseslərində müxtəlif xəstəliklər qazanıb, atam qan təzyiqi xəstəliyinə tutulub, normal iş fəaliyyəti ilə məşğul ola bilmir”. Bu sözlər Yasamal sakini Günay Səfərlinin Yasamalın işdən qovulan icra başçısı İbrahim Mehdiyevin də adı qarışan dələduzluq əməlindən birinci vitse-prezident Mehriban Əliyevaya etdiyi şikayət məktubunda qeyd edilib. Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin 3-cü kurs tələbəsi olan G.Səfərli birinci xanıma yazdığı məktubda ailələrinin üzləşdiyi qanunsuzluqlar və dövlət qurumlarının hərəkətsizliyi detallı şəkildə qeyd edib.
Onun atası Arzu Səfərli “Yeni Müsavat”a deyib ki, uzun illər Ədliyyə Nazirliyinin əməkdaşı olub, hazırda təqaüddədir: “Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, ev 13 ünvanlı binanın 10 saylı mənzilini 83 min dollara almışam. Ev çıxarışla Həsən Novruzovun adına idi. Pul rəsmən ona ödənilsə də, biz onun qayınatası Saqib Məmmədovun təşkil etdiyi fırıldağın qurbanı olmuşuq. Belə ki, bizə satılan mənzil əvvəllər Şirzad Qəhrəmanova məxsus olub. Həmin mənzildə qaçqın düşən bir vətəndaş yaşayıb. Sonradan qaçqın oradan Saqib Məmmədov tərəfindən çıxarılıb, dələduzluq yolu ilə onun əlindən alınıb. Saqib Məmmədov uzun illər Yasamal rayon 22 saylı Mənzil İstismar Sahəsinin rəisi olub. O, Şirzad Qəhrəmanova məxsus mənzili saxta əsaslar yaratmaqla kürəkəni Həsən Novruzovun adına sənədləşdirib. Bu hərəkətlər 2004-2005-ci illərdə olub. Biz həmin mənzili 2009-cu ildə almışıq. Həmin vaxt Həsən Novruzovun əlində mənzilə dair çıxarış vardı. Bizə mənzili məhkəmə yolu ilə əldə etdiklərini deməmişdilər. 2014-cü ildə Şirzad Qəhrəmanov qaçqının mənzilindən çıxarıldığını, mənzilin bir başqa şəxsin adına keçirildiyini və satıldığını öyrənib. Həmin vaxt ailəm ilə birgə mənzildə 5 il idi ki, yaşayırdıq. Mən vicdanlı alıcıyam. Ş.Qəhrəmanov məhkəməyə müraciət edərək əmlakının ona qaytarılması iddiası ilə çıxış etdi. Məhkəmə bizim mənzildən çıxarılmağımızla bərabər 83 min dolların mənə qaytarılmasını qət etdi”.
A.Səfərli məsələnin bu həddə çatmasında Yasamal Rayon İcra Hakimiyyətinin işdən qovulan başçısı İbrahim Mehdiyevin də rolunun olduğunu deyib: “Saqib Məmmədov 2004-2005-ci illərdə saxta əsaslarla məhkəmə qərarları alıb və mənzili əldə edəndən sonra İbrahim Mehdiyevin sərəncamı ilə mənzilə order yazılıb. İbrahim Mehdiyev mənzilə yerləşdirilən qaçqının oradan çıxarılmasına faktiki olaraq göz yumub və Saqib Məmmədova şərait yaradıb ki, həmin mənzilə çıxarış alsın. İbrahim Mehdiyev vaxtında mənzildən qaçqının çıxarılmasına göz yummasaydı, yəni ona verilən səlahiyyətləri layiqincə yerinə yetirsəydi bu gün ailəmiz çox pis bir durumla üz-üzə qalmazdı. Biz vicdanlı alıcı olsaq da, 3 ildir ki məhkəmələrdəyik. Mənzilin alınması üçün ödədiyimiz 83 dolları geri ala bilmirik”.
A.Səfərli deyir ki, məhkəmə eyni zamanda qeyd edilən mənzilin sənədlərinin saxtalaşdırılması və dələduzluq əməlləri ilə bağlı xüsusi qərardad çıxarıb. Qərardad araşdırılması üçün Yasamal Rayon Prokurorluğuna göndərilib. Prokurorluqda həmin xüsusi qərardad uzun bir müddət süründürüldükdən sonra digər bir aidiyyəti olmayan materiala birləşdirilərək araşdırılmağa başlayıb: “Bundan sonra biz Prezident Administrasiyasının Hüquq Mühafizə Orqanlarını İşlərinə nəzarət Şöbəsinin müdiri Fuad Ələsgərova müraciət etdik. Bundan sonra Baş Prokurorluqda və Daxili İşlər Nazirliyində araşdırmalara başlanıldı. Hazırda araşdırma yenə də Yasamal Rayon Prokurorluğunda davam etdirilir”.
A.Səfərli qeyd edir ki, məhkəmə qətnaməsi ilə Saqib Məmmədovun kürəkəni Həsən Novruzovdan 83 min ABŞ dollarının tutularaq ona qaytarılması qət edilib. Lakin o pulu qaytarmaqdan imtina edir: “Bütün bu işlərin arxasında Saqib Məmmədovun dələduz və saxtakarlıq əməlləri dayanır. Belə ki, 2014-cü ildən indiyədək müxtəlif instansiyalarda davam edən məhkəmə araşdırmalarına cavabdeh kimi dəvət alan Həsən Novruzov və onun qaynatası Saqib Məmmədov heç bir məhkəmə iclasına gəlmədilər. İndi isə sonuncu məhkəmə qətnaməsi öz qüvvəsini alıb icraya yönəlməsindən bir müddət keçəndən sonra həmin qərardan Ali Məhkəməyə kasasiya şikayəti verdilər və bununla həmin qətnamənin icrası dayandı. Onlar müəyyən qədər vaxt qazandılar. Halbuki, cavabdehlər həmin qərardadla birgə barələrində çıxarılmış xüsusi qərardadın araşdırılması üçün Yasamal rayon prokurorluğuna dəfələrlə dəvət alıblar. Orada dindiriliblər. Yəni qətnamədən məlumatlı olmuşdular. İş mülki qaydada hazırda Bakı Apelyasiya Məhkəməsinin hakimi Xuraman Məmmədovanın icraatındadır”.
A.Səfərlinin sözlərinə görə əgər Saqib Məmmədov və onun dəstəsinin üzvləri ifşa edilərək ailəsinə vurulmuş zərəri ödəməsələr, küçələrdə qalmağa məcbur olacaqlar: “Ona görə də 1-ci vitse-prezidentdən, ədliyyə nazirindən Saqib Məmmədov və onun bu dələduzluq hərəkətlərinə köməklik etmiş şəxslərin etdikləri cinayət əməllərinə görə cavab vermələrini və mülkiyyət hüquqlarımızın bərpa olunması üçün köməklik göstərmələrini xahiş edirik”. \\musavat.com\\