Vergilər Nazirliyində yenidən ciddi kadr dəyişiklikləri aparılıb
  Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin baş direktoru Habil Məmmədov Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Departamentinin baş direktoru vəzifəsinə keçirilib.

Onun yerinə Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarəti departamentinin baş direktoru Natiq Şirinov təyin edilib.

Lokal Gəlirlər Departamentinin baş direktoru Nəsimi Cəfərov nazirliyin Daxili təhlükəsizlik departamentinin baş direktorunun müavini vəzifəsinə keçirilib.

Bakı şəhəri Kiçik sahibkarlıqla iş Departamentinin baş direktoru Sərxan Məmmədov nazirliyin 3 saylı Ərazi Vergilər İdarəsinin direktoru vəzifəsinə təyinat alıb.

3 saylı ƏVİ-nin direktoru Səməd Vəliyev isə Bakı şəhəri Kiçik sahibkarlıqla iş Departamentinin baş direktoru təyin edilib. Maraqlıdır ki, nazir tez-tez yerdəyişmələri edir, struktur və kadr dəyişikliklərinə gedir. Bunun sirri isə açıqlanmır.

Bir müddət əvvəl mətbuatda müxtəlif iddialar yer almışdı. Deyilirdi ki, Avropa oyunları ilə bağlı Vergilər Nazirliyinin üzərinə ağır yük qoyulmuşdu.

Nazirlik həm büdcə öhdəliyini yerinə yetirməli, həm də oyunlara dəstək verməli idi. Bu da ona gətirib çıxardı ki, vergi ödəyicilərinin əhəmiyyətli hissəsindən 2016-cı ilin də ”vergi borcu” alınıb.

2016-cı ilin dövlət büdcəsinə 2 milyard əlavə olunması ilə yenə də əsas güc Vergilər Nazirliyinin üzərinə düşüb. Nazirlik isə bu öhdəliyi yerinə yetirmək imkanında deyil.

Təsadüfi deyil ki, Fazil Məmmədov ötən il yığılan 6 milyard manat vergi pulunun təxminən 1 milyard manata qədərilə bağlı məhkəmə iddialarının olduğunu diqqətə çatdırmaqla, hələ 2015-ci ildə öhdəliyin yerinə yetirilməsinin xeyli çətin olduğuna işarə vurmuşdu.

Lakin nazir fərqindədir ki, hər nə olursa olsun öhdəlik yerinə yetirilməlidir. Əks təqdirdə o postu ilə vidalaşmalı olacaq.

Ona görə də kadr dəyişiklikləri etməklə, daha doğrusu kadrların yerini dəyişməklə 2015-ci ildə 2016-cı il üçün alınan “vergi borclarını” silmək istəyir. Yəni, yeni rəis ödəniş edən ticarət obyektinə “pulu mənə verməmisən” deyib 2016-cı ilin hesabını tələb edəcək. ulus.az

Paylaş