AMEA rəhbərliyi, AMEA İşlər İdarəsinin səlahiyyətli nümayəndələri və AMEA Mənzil Komissiyasının səlahiyyətli üzvləri (yerdə qalan üzvlər özlərinin müstəqil fikri olmayan, onların dediyi ilə oturub-duranlardır) ənənələrinə sadiq olaraq sənədləri məqsədlərinə uyğun şəkildə təhrif edərək oxuculara sırımaqda, qanunsuz əməllərini ört-basdır etmək üçün əllərində olan bütün təsir vasitələrindən istifadə edərək onları faktlarla ifşa edən KİV saytlarının rəhbərlərinə və müxbirlərinə təzyiq etməkdə davam edirlər. Təhrif dolu olan açıqlamalarla yeni gedişlər eden AMEA rəhbərliyi qaraya ağ, ağa qara həmləsi edərək bütün oyununu yataqxana sakinlərini Mat etməyə yönəlib.
AMEA-nin gedişlərindən,sitat: “… yataqxanada yaşayan əməkdaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə yeni yaşayış evlərinin tikintisi barədə 14 noyabr 2012-ci il tarixli müqavilə bağlanıb. Müqavilədə podratçı tərəfindən 0,66 ha torpaq sahəsində inşa ediləcək 4 girişli 16 mərtəbəli yaşayış binasından 1 girişli 16 mərtəbəli yaşayış binasının ödənişsiz əsaslarla AMEA-ya ayrılması nəzərdə tutulub.”
Müqavilənin 1.1 bəndində isə yazılıb, sitat: “… “Podratçı” Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 12 ünvanında Azərbaycan Milli Elmlər Akademiyasına məxsus yataqxanada yaşayan Akademiya əməkdaşları və sakinlər üçün həmin yataqxanaya aid olan ərazidə yaşayış binasının inşası üçün… tikintisini öz üzərinə götürür.” (yer tutmasın deyə müqavilənin bəndlərini qısaltmalarla veririk). AMEA-nın açıqlamasında isə “ və sakinlər üçün” ifadəsini gizlədərək, orada yaşayan, yataqxanaya daimi qeydiyyatı, yaşadığı mənzilə qanuni orderi olan və vaxtilə AMEA-da uzun müddət işləmiş, sonradan obyektiv və subyektiv səbəblərdən AMEA-da işləməyən yataqxana sakinlərinin hüquqlarını pozur, sənədləri saxtalaşdırır və en esası KİV vasitəsi ilə oxucuların gözlərinə yalan pərdəsi çəkərək sakinləri yalançı qələmində canlandırır.
Akademiyanın rəhbər işçiləri tərəfindən mənzillərin “güzəştli şərtlərlə” alınması məsələsi ilə bağlı gedişə gələk. Məgər AMEA-nın prezidentinin, Mənzil Komissiyasının sədrinin, Mənzil komissiyasının üzvü olan AMEA İşlər İdarəsinin müdirinin və s. evləri yox idimi? Necə olur ki, bu güzəştli şərtlərdən yalnız onlar yararlanırlar? Özü də bəziləri “güzəştli şərtlərlə” bir yox, bir neçə mənzil əldə edirlər. Məgər bu “güzəştli şərtlərlə satış”dan, özlərinin dediyi kimi, mənzilə ehtiyacı olan, kirayələrdə yaşayan AMEA əməkdaşları yararlana bilməzdimi? Bəs onda həmin insanlar onların yadına niyə düşmürdü? Qanuni haqları olan mənzilləri əllərindən alınan, aldadıldıqlaraq rəsmi idarələrin qapılarına salınan yataqxana sakinlərindən “humanizm” tələb edən komissiya funksionerləri, bəs sizlərin humanizminiz hardadır? Əgər bu mənzillər göstərilən rəhbər işçilər tərəfindən qanuni yolla alınmışdısa, onda onları nəyə görə sonradan “geri qaytarılıb”? Bu mənzillərin guya geri qaytarılması haqqında fikirlər belə uşaq başı aldatmaq deyilmi? Gedişlərin ən mümkünü bu mənzillər sadəcə etibar etdikləri adamların adına keçirilib. Mənzil komissiyasının üzvü, İşəlr İdarəsinin müdir müavini S.Əliyevin təbirincə desək, sadəcə “özgəninkiləşdirilib”. Bu mənzillərin “qaytarılma”, yəni başqalarının adına keçirilmə prosesi isə, çox güman ki, açıqlamada verildiyi kimi bir neçə il əvvəl yox, 2017-ci ilin ortalarında, yəni sakinlərin şikayət etdikləri vaxtlarda baş verib.
Bu gedişlərdə, “EvroStroy-S”, yəni Sipark tikinti şirkətinin də üzərinə çox böyük məsuliyyət düşür. AMEA Mənzil komissiyasının üzvləri, o cümlədən komissiyanın sədri akagemik İ.Quluyev şirkətin onları guya aldatdığını, lazımi qədər mənzillərin AMEA-ya verilmədiyini və s. deyirlər. Belə olduğu halda nə üçün AMEA rəhbərliyi tikinti şirkətini məhkəməyə vermir? Nəticə ortadadır, mənzillərin mənimsənilməsi şirkətlə birlikdə aparılıb.
Mənzil bölgüsü, ora kimlərin dəvət edildiyi, komissiyanın tərkibinin məlum olmayan səbəblərdən dəfələrlə dəyişdirildiyi (?!) və s. haqqında uzun-uzadı izahatlar verilib.
Komissiyanın iclaslarında iştirak etmiş İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) nümayəndəsi ilə yataqxana nümayəndəsinin görüşü zamanı bütün qanuni sənədlər və bir çox sübutlar təqdim edilmiş, sakinlərin hüquqlarının pozulması faktları sübut edilmiş (bunu özləri də təsdiq ediblər), yataqxana sakinləri üçün tikilmiş və mənimsənilmiş bütöv bir binanaın sənədləri təqdim edilmişdir. Görünür Mənzil Komisiyasına dəvət olunmuş insan haqlarını “müdafiə edən” Ombudsman nümayəndəsi və orqan nümayəndələri bir dəfə də olsun AMEA və komissiya rəhbərliyindən bu barədə soruşmayıblar. Sənədlərlə tanış olanda uşağın belə tapa biləcəyi çoxsaylı qanun pozuntularını məsul orqan nümayəndələrinin “görə bilməməsi” çox təəccüb doğurur. Yəqin hansısa “səbəblərdən” AMEA rəhbərliyinin qeyd etdiyi kimi, dəvət etdiyi (adıçəkilən orqanlar tərəfindən göndərilən yox!) nümayəndələr hadisələrin kökünə varmadan, üzdə olan işlərin guya düzgün olduğu qənaətinə gəliblər.
Gedişlərdə bütün işlərə guya qanuni olduğu donu geydirilir. Onda sual olunur:
Nə üçün müqavilənin şərtlərinə görə yataqxanada yaşayan AMEA əməkdaşları və uzun müddət AMEA-da işləmiş yataqxana sakinlərinin köçürülməsi üçün nəzərdə tutulmuş (bunu sakinlərlə görüşdə tikinti şirkətinin nümayəndələri də təsdiq edib) və inşaat pasportunda da təsdiq edilmiş, yataqxananın yanında yerləşən binadakı mənzillər (birinci mərtəbəni çıxmaq şərti ilə) mənimsənilərək, sakinlərə verilməyib (Bütün hadisələrin səbəbi də elə məhz bu amildir. Qalanları nəticədir)? Mənzil alan sakinlərə hansı əsaslarla müqavilədə nəzərdə tutulmayan başqa binadan, eləcə də Xırdalandan, Masazırdan mənzillər verilib?
AMEA İşlər İdarəsinin müdiri F.Abdullayev və “Evrostroy-S”MMC-nin direktoru R.Abbasovun imzaları ilə 08 iyul 2015-ci il tarixində tərtib edilmiş, möhürlənmiş və 09.07.2015 tarixində AMEA-nın prezidenti tərəfindən təsdiq edilərək möhürlənmiş “PODRAT MÜQAVİLƏSİNƏ ƏLAVƏLƏR PROTOKOLU” hansı məqsədlə tərtib edilmişdi? Sıra nömrəsi olmayan və hüquqi səhvlərlə, təhriflərlə dolu olan bu saxta protokolun tərtibi üçün əsas götürülmüş müddəalar niyə yeni protokolda öz əksini tapmayıb və orada göstərilən 1,026 hektar ərazi, 5 girişli yaşayış binası, 5000 kv.m. sahə haradan yaranmışdı? AMEA gedişlərinin heç birində bu haqda heç bir ifadə işlədilməmiş, yalnız ilkin müqavilədəki ərazi sahəsi və s. göstərilmişdir?
AMEA –nın Fiziologiya İnstitunun yerləşdiyi ərazisi kim tərəfindən və nə vaxt, hansı şərtlərlə “Evrostroy-S” MMC-yə verilib? Bəs axı həmin səlahiyyətli şəxslər rəhmətlik M.Kərimovu bu işdə günahkar bilərək Fiziologiya İnstitunun yerləşdiyi ərazinin onun tərəfindən verildiyini qeyd edir və bunu səriştəsizlik adlandırırdılar.
Gedişlərin birində əvvəllki illərdə yataqxanaya kənar şəxslərin qeyri-qanuni qeydiyyata alındığını iddia edən AMEA rəhbərliyi nə üçün həmin şəxsləri qeyri-qanuni qeydiyyata salmış orqan nümayəndələrini məhkəməyə verməli olduğu halda, hələ üstəlik onlardan mənzil komissiyasına üzvü belə seçmişdi.
Mənzil komissiyasına sakinlərdən də nümayəndə daxil edilməsi təklifi ilə razılaşmayan komisiya sədri, komissiyaya mənzilə iddiası olmayan insanların daxil ediləcəyini israrla bildirdirmişdir. Bəs necə oldu ki, mənzil komissiyasının üzvlərindən də mənzil alanlar oldu?
Son günlərdə uzun sürən fikirləşmələrdən sonra “mənzil komissiyası” mənzilləri əllərindən qeyri-qanuni alınaraq müqavilənin şərtlərinə görə mənzil almaq hüququ olmayan şəxslərə verilmiş (?) 0,5 ştatla işləyən əməkdaşlara tikinti şirkətinin özü üçün tikdiyi binaların mansarında “mənzillər” təklif ederək, onların başını buludlara ucaltmışdır. Maraqlıdır, onların mənzil almaq hüququ var idisə (əslində var idi), onda niyə püşk atmada verilən mənzillər əllərindən qanunsuz alınaraq başqalarına verilirdı? Və onları bir il süründürdükdən sonra “kreativ” təklif edir. İkincisi, hansı qanunda yazılıb ki binanın mansarı mənzil hüququ ilə eyni hüquqludur? ,,“Düzgün işləmiş” “mənzil komissiyasının” növbəti qanun pozuntusu, AMEA rəhbərliyinin daşınmaz əmlak sektorundakı apardığı elmi fəaliyyəti budur.
Şah yoxsa Mat.bizimyol.info

Paylaş