22 iyul Azərbaycan Milli Mətbuat Günü münasibətilə bu gün Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli, həmçinin media qrumlarının rəhbərləri Fəxri Xiyabanda mərhum prezident Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar

Sonra “Əkinçi” qəzetinin yaradıcısı, Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin məzarı önünə əklil qoyulub, xatirəsi ehtiramla anılıb.

H.Zərdabinin məzarı önündə çıxış edən Ə.Amaşov milli mətbuatımızın keçdiyi çətin və şərəfli yoldan danışıb. O qeyd edib ki, 1875-ci il iyulun 22-də maarifçi və publisist Həsən bəy Zərdabi tərəfindən nəşr olunmağa başlayan “Əkinçi” qəzeti iki ilə yaxın fəaliyyəti dövründə öz maarifçilik xüsusiyyətləri ilə seçilib. O bildirib ki, ümummilli məqsədlərin təbliği, ədəbi dilin zənginləşməsi, hadisələrin obyektiv işıqlandırılması prinsiplərini yaradıb və indiki dövrümüzə qədər gəlib çıxıb.

V.Səfərli isə çıxışında bildirib ki, Həsən bəy Zərdabinin arzuları bu gün Azərbaycanda həyata keçib: “Həsən bəy Zərdabi Azərbaycanda söz, mətbuat azadlığının olmasını arzulayırdı. Böyük mütəfəkkirin bu arzusu artıq Azərbaycanda reallığa çevrilib, ölkəmizdə medianın inkişafı, söz və mətbuat azadlığının təmin olunması istiqamətində böyük işlər görülüb.(musavat)



Korrupsiya.Az

Paylaş