Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyi (RNYTN) “Azər-Rabitə” MMC-yə olan 322 min manat borcunu vermir.
Bu barədə Yenisabah.az-a MMC-nin direktoru, rabitə mühəndisi Fikrət Fərzəliyev bildirib. Onun sözlərinə görə, 2013-cü ildə “Aztelekom” MMC-yə dəvət olunub. Qurumun texniki direktoru Zahir Vəliyev Fikrət Fərzəliyevə bildirib ki, ölkənin şəhər və rayonlarında əhalinin sosial problemlərinin həlli üçün nəzərdə tutulmuş proqrama əsasən elektron ATS-lərin (EATS) xətt qurğularının tikintisi aparılmalıdır.

“Məndən Abşeron, Füzuli, Göy-Göl, və Siyəzən rayonlarının ərazilərində tikinti-quraşdırma işlərinin aparılması xahiş edildi. İşlərin dəyərinin qəbul olunmuş qaydalara əsasən müvafiq sənədlər təqdim olunduqdan sonra ödəniləcəyi bildirildi. Direktoru olduğum “Azər-Rabitə” MMC tərəfindən adıçəkilən rayonların Telekommunikasiya Qovşaqlarında (TKQ) keçirilmiş satınalma prosedurlarından sonra podrat müqavilələri imzalandı.

Bütün texniki və maddi resurslarımı səfərbər etməklə, eyni zamanda borca getməklə üzərimə götürdüyüm öhdəlikləri vaxtında, həm də tikinti normalarına uyğun olaraq yüksək keyfiyyətlə yerinə yetirərək yuxarıda adıçəkilən TKQ-lara müvafiq aktlarla təhvil verdim”.

İş təhvil verilsə də, nazirlik MMC-yə olan borcunu ödəməyib. Fikrət Fərzəliyevin sözlərinə görə, borcun ödənilməsi məqsədilə dəfələrlə “Aztelekom” MMC-yə, RNYTN-ə, o cümlədən yuxarı dövlət orqanlarına müraciət edib. Lakin bütün hallarda müraciətlər baxılması üçün RNYTN-ə, oradan da “Aztelekom” MMC-yə göndərilib.

Rabitə mühəndisi deyir ki, aparılmış təkrar araşdırmadan sonra RNYTN-in 05.06.2015-ci il tarixli 1735 saylı məktubu ilə borcların ödənilməsinə razılıq verilib: “Lakin nazirlikdə aparılan kadr dəyişikliklərindən sonra ödəmə aparılmadı. Bütün rabitə işçiləri kimi mən də çox ümid edirdim ki, yeni rəhbərlik baş verən hadisələrdən doğru nəticə çıxararaq, daha şəffaf və daha ədalətli idarəetmə sistemi quraraq baş vermiş nöqsanları aradan qaldıracaq. Təəssüf ki, belə olmadı. Daha da pis oldu”.

Bu məsələ “Rabitə işi” çərçivəsində də araşdırılıb. “Prokurorluğun apardığı təhqiqat çərçivəsində Maliyyə Nazirliyi və “Azər-Rabitə” MMC-nin iştirakı ilə digər komissiya da yerində təkrar yoxlama apardı. Yoxlamanın nəticəsi olaraq ümumilikdə 322 min 036,89 manat borc müəyyənləşdirildi.

Bu barədə Maliyyə Nazirliyinin tərtib etdiyi 06 iyun 2016-cı il tarixli akt Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 iyul 2017-ci il tarixli hökmü ilə də təsdiq olunub. Bütün bunlara baxmayaraq, RNYTN borcu ödəmir. Mənə qarşı bu qərəzli münasibətin əsas səbəbi sözügedən nazirlikdə məmur özbaşınalığı, bürokratiya, monopoliya, azad sahibkarlıq subyektlərinin sıxışdırlması hallarının olmasıdır. Bu həm də vətəndaşlarla hakimiyyət arasında narazılıq yaratmağa hesablanmış bir addımdır”.

Məsələ ilə bağlı F. Fərzəliyev ölkə prezidenti İlham Əliyevə də müraciət edib: “Hörmətli cənab Prezident! Siz son çıxışlarınızda dəfələrlə qeyd etmisiniz ki, ölkədə baş verən əyintilər, insan hüquqlarının pozulması və digər neqativ hallar barədə Sizə məlumat verilsin.

Sizin bu çağırışınızdan sonra bir sahibkar olaraq Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən mənə qarşı edilən haqsızlıq barədə məlumat verərək bildirirəm ki, hələ 2013-cü ildə keçirilmiş Prezident seçkiləri öncəsi əhalinin sosial problemlərinin həlli istiqamətində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sifarişi ilə Füzuli, Abşeron, Göygül və Siyəzən TKQ-larında yeriə yetirdiyim tikinti-quraşdırma işlərinin vəsaitlərini (322 000 manat) ala bilmirəm.

Sizdən xahiş edirəm ki, bu nazirlikdə baş verən qanunsuzluqlara, insan haqlarının pozulmasına, bilərəkdən sahibkarlara qarşı aparılan kampaniyalara və dövlət başçısı ilə xalq arasındsa narazılıqların yaradılmasına şərait yaradanlar haqqında müvafiq tədbirlər görülməsinə göstəriş verəsiniz”.

Paylaş