Ekspert: “İcbari sığorta mexanizmində əsas iki funksiya var ki, onların heç biri işləmir, yəni biz prosesə hazır deyilik”

Milli Məclisin son plenar iclasında “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər qəbul edilib. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən (İTSDA) AYNA-ya sözügedən dəyişiklik şərh olunub.

Belə ki, dəyişikliyə əsasən, icbari tibbi sığortanın xidmətlər zərfi baza və əlavə hissələrdən ibarət olmayacaq. Zərf vahid toplu şəklində ambulator-poliklinika və stasionar şəraitdə göstərilən tibbi xidmətləri əhatə edəcək.

Qanuna görə, 2020-ci ilin yanvar ayının 1-dən etibarən, mərhələlərə bölünməklə dövlət büdcəsinin vəsaiti hesabına bütün əhali üzrə təqvim ili üçün adambaşına 90 manat icbari tibbi sığorta haqqı ayrılacaq.

Dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqı tutulacaq. Bu isə o deməkdir ki, misal üçün vətəndaş aylıq olaraq 8500 manat əməkhaqqı alırsa 8000 manatın 2%-i, qalan 500 manatın isə 0.5%-i miqdarında icbari tibbi sığorta haqqı hesablanacaq.

Qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən isə aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 1%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqı ödəniləcək. 2021-ci ildən etibarən isə sözügedən sektor üzrə işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2% miqdarında icbari tibbi sığorta haqqının tutulması müəyyən olunub.

Mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər üzrə aylıq gəlirlərinin 8000 manatadək (8000 manat da daxil olmaqla) olan hissəsinin 2%-i, 8000 manatdan yuxarı olan hissəsinin 1%-i miqdarında icbari tibbi sığorta haqqı müəyyən olunub.

Həmçinin sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, Vergi Məcəlləsinə əsasən, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri) üzrə minimum aylıq əməkhaqqının 4%-i miqdarında icbari tibbi sığorta haqqı müəyyənləşdirilib.

Qanuna əsasən, dövlət büdcəsi hesabına ödənilən icbari tibbi sığorta haqları, tütün məmulatları, alkoqollu və energetik içkilərə tətbiq edilən sığorta haqları istisna olmaqla, digər icbari tibbi sığorta haqlarının 1 aprel 2020-ci ildən toplanılması nəzərdə tutulur.

2023-cü ildən etibarən isə Qanunun 15-2.3.6-cı maddəsinə əsasən, müstəqil ödəyicilər üzrə təqvim ili üçün minimum aylıq əməkhaqqının 48%-i miqdarında icbari tibbi sığorta haqqı nəzərdə tutulub. Məsələn, hazırda ölkədə minimum aylıq əməkhaqqının məbləği 250 manatdır. Həmin məbləğin 48%-i miqdarında – təqvim ili üçün 120 manat – icbari tibbi sığorta haqqı hesablanır.

Həmçinin Qanunda “Azadolma məbləği və gözləmə müddəti” maddəsi silinərək “Müştərək maliyyələşmə məbləği” maddəsi ilə əvəz olunub. Müştərək maliyyələşmə məbləği dedikdə, sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin icbari tibbi sığorta təminatı ilə əhatə olunmayan və sığortaolunan tərəfindən ödənilən hissəsi nəzərdə tutulur. Müştərək maliyyələşmə məbləği xidmətlər zərfi ilə müəyyən olunur və tibbi xidmətləri göstərmiş tibb müəssisəsinə birbaşa ödənilir. Müştərək maliyyələşmə məbləğinin tətbiqinə də 1 aprel tarixindən başlanılacaq.

Qanuna əsasən, bütün əhali sığortaolunan hesab edilir və xidmətlər zərfində nəzərdə tutulmuş tibbi xidmətlərdən yararlanmaqda bərabər hüquqa malikdir. Qanunun əhatə dairəsinə gəldikdə isə qeyd edilməlidir ki, bu Qanun müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara, istintaq təcridxanalarında saxlanılan təqsirləndirilən şəxslərə, cəzaçəkmə müəssisələrində (məntəqə tipli cəzaçəkmə müəssisələri istisna olmaqla) cəza çəkən şəxslərə, Azərbaycanda qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasında nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istisna olmaqla, Miqrasiya Məcəlləsinə əsasən, Respublikada müvəqqəti olan, müvəqqəti və daimi yaşayan şəxslərə şamil edilmir.

Qanuna edilən dəyişikliyə görə icbari tibbi sığorta ölkənin inzibati ərazi vahidləri üzrə Agentlik tərəfindən müəyyən edilmiş ardıcıllıq nəzərə alınmaqla, 2020-ci il ərzində mərhələli şəkildə tətbiq olunacaq. Qanun ölkə rəhbəri tərəfindən imzalandıqdan sonra, 2020-ci ilin 1 yanvar tarixindən qüvvəyə minəcək.

İTSDA-nin şərhinə baxmayaraq, cəmiyyətdə bu sistemin tətbiqinin indiki vəziyyətdə qeyri-mümkün olacağını düşünənlər var. Bəs ölkədə icbari tibbi sığortanı tətbiq etməyə mane olan səbəblər hansılardır?

Sığorta eksperti Xəyal Məmmədxanlı AYNA-ya bildirib ki, ölkə üzrə icbari tibbi sığortanın (İTS) tətbiqi üçün maneələr hələ də aradan qaldırılmayıb: “Mövcud icbari sığorta mexanizmində əsas iki istiqamət, funksiya mövcuddur. Onlardan biri səhiyyənin alternativ maliyyələşdirilməsini həyat keçirmək, digəri isə əhalinin vaxtında effektiv tibbi xidmət ala bilməsinə imkan yaratmaqdır. Şəxsi araşdırma və müşahidələrimdən deyə bilərəm ki, hər iki funksiya hələ də işləmir. Başqa sözlə, biz İTS tətbiqinə hələ hazır deyilik”.

“Hələ illər əvvəl demişdim ki, Azərbaycanda bir vətəndaşın sığorta haqqı məbləği 300 manatdan aşağı olsa, işləməyəcək. Əvəzində aidiyyəti qurumlar həmin məbləği əvvəl 29 manat, daha sonra 120 manat müəyyən etdi. Burada əsas məqsəd dövlət büdcəsinə necə qənaət etməkdir, halbuki məqsəd bu sistemin effektiv işləməsini düşünmək olmalı idi. O vaxt da demişdim ki, əgər 1 milyard manat ayırıb nəticə əldə etmiriksə, ondansa 4 milyard manat sərf edib həm effektiv nəticə əldə edək, həm də əhali bu sistemdən yararlana bilsin”, – həmsöhbətimiz vurğulayıb.

X.Məmmədxanlı bir neçə mövcud problemi də qeyd edib: “Azərbaycanda 2000 transplant xəstə var, dializ üçün insanların növbələri təəssüf doğurur. O ölkələrdə İTS uğurlu işləyir ki, orada ailə həkimi institutu formalaşıb, poliklinika və ilkin tibbi xidmət yüksək səviyyədədir. Təəssüf ki, bu gün müşahidə və qarşılaşdığımız mənzərələr bizdə İTS tətbiqinin uğurlu olacağından xəbər vermir. Digər məsələ odur ki, əgər peşəkar həkimlərin özəl tibb müəsisəsində bir pasiyent üçün qəbulu 50-60 manatdırsa, belə həkimlər üçün İTS məsələsi maraqlı olmayacaq”.

Qeyd edək ki, İTS-nın tətbiqi ilə bağlı digər açıq qalan suallar arasında pasiyentlərin həkim seçimi, xəstə və həkim hüquqları, vətəndaşın qeydiyyat və iş yerlərinin fərqli və sabit olmaması kimi məsələlər də var.

Məlumat üçün deyək ki, ölkə rəhbərinin fərmanı ilə 2018-ci ildə tibbi ərazi bölümlərinin idarəetmə birliyi – TƏBİB yaradılıb və İTS xidmətinə qoşulmaq üçün 3042 müəssisə hazırlanıb.teref.az

Paylaş