Azərbaycan məmurları korrupsiya və yarıtmaz əməlləri ilə özlərini çoxdan təsdiqləmişdilərsə, indi də xüsusi karantin rejimində absurd fəaliyyətləri ilə göz deşirlər. Biri yaşı 65-dan yuxarı olan qadına küçə süpürdür, biri qapını kəsdirib işıq pulu tələb edir, biri milləti dayanacaqlarda, küçələrdə qoyur və s. ilaxır
Reportyor.info-nun xəbərinə görə, indi də Bakının Qaradağ rayon icra başçısı Süleyman Mikayılovun işçiləri “qaş düzəldən yerdə, vurub göz çıxarıblar”.
İki gündür ki, sosial medianın “topa tutduğu” Qaradağ İH nümayəndələrinin hərəkəti koronavirusun öz ayağı ilə evlərə gətirilməsi kimi qiymətləndirilir. Məlum olduğu kimi, İH əməkdaşları guya yaşlı insanlara yardım etmək üçün ev-evə gəziblər.
Fotolardan isə görünür ki, yaşlı insanları ziyarət edən icra başçısının adamları evə girərkən ayaqqabılarını da çıxarmayıblar, küçənin toz-torpağın, palçığın özləri ilə gətiriblər.
Rəsmi xəbərdə deyilir ki, İH əməkdaşları yaşı 65-dən çox olan və tənha yaşayan 125-dən artıq sakini evlərində ziyarət edib, onlara ərzaq və dərman yardımı ilə köməklik göstəriblər.
Amma koronavirusun yayıldığı, hamıya gigiyenik qaydalara əməl edilməsilə bağlı çağırışlar edildiyi bir vaxtda vəzifəli şəxslər sakinlərin evlərinə ayaqqabı ilə daxil olurlar.
Fotolardan görünür ki, özləri maskada, qoruyucu qiyafədə olduğu halda yaşlı nəslin- xüsusi risk qrupuna daxil olan insanların mənzillərinə, onların əyləşdiyi otaqlara ayaqqabı ilə giriblər.
Məsələnin ikinci tərəfi isə adət-ənənə ilə bağlıdır. Azərbaycanda evə ayaqqabı ilə daxil olmaq ədəbsizlik sayılır. Qaradağ İH isə heç bir açıqlama verməyib. Nə desinlər?
Bu hələ yaxşıdır, biz daha nələr görəcəyik…