Xaricdə Azərbaycan dilində yayımlanan «TİME TV» nəşri ciddi iddialarla çıxış edib. Nəşrin iddialarına görə, bəhs etdiyi məlumat onlara ABŞ-ın xüsusi xidmət orqanları tərəfindən ötürülüb. İddialar ciddi olduğu qədər, Azərbaycanın dövlət maraqları ilə bağlı mühüm məqamları da ehtiva edir və araşdırılmasına ehtiyac duyulur. Biz də məhz bu zərurəti nəzərə alaraq yazını olduğu kimi yayımlayırıq.
Bəri başdan qeyd etməyi vacib bilirik ki, iddiaların heç birinin Ovqat.com-a aidiyyəti yoxdur və səhihliyi barədə hər hansı fikir bildirmək səlahiyyətində deyilik. Bir mətbu orqan olaraq biz sadəcə Konstitusiyanın və Mətbuat qanunvericiliyin tanıdığı hüquqlarımıza sığınaraq bir başqa nəşrin yaydığı məlumatları dəyərli oxucularımızın diqqətinə sunuruq. Yazıda adı keçən hər kəsin və dövlət rəsmilərimizin mövqeyini işıqlandırmağa da hazırıq.
Amerika kəşfiyyatının ötürdüyü məxfi sənədi azərbaycanlı bloqqer Azərbaycan kəşfiyyatına niyə və neçəyə satıb?
Bu sənəd bizə ABŞ kəşfiyatının məxfi arayışı adı ilə təqdim edilib. Əlbəttə, biz bu sənədi ABŞ Dövlət Departamentinə də göndərmişik, amma əgər söhbət məxfi sənəddən gedirsə, demək ya cavab verməyəcəklər, ya da yazacaqlar ki, bizlik deyil. Bu materialı bizə təqdim edən mənbənin iddiasına görə, sənəd əvvəlcə Azərbaycanda yaxşı tanınan bloqerlərdən birinə verilib və sonradan məlum olub ki, həmin bloqçu sənədi dərc etmək (yaymaq) əvəzinə Azərbaycanın xüsusi xidmət orqanları ilə sövdələşməyə başlayıb. Yəni, «məndə filan mənbələrin ötürdüyü belə bir sənəd var, əgər yayılmasını istəmirsizsə, o halda pul verin». Bu versiyanın nə qədər dəqiq olduğunu sübut edə bilməyəcəyik, buna görə də söhbətin hansı bloqerdən getdiyini də açıqlamırıq. Sənədi isə təqdim edirik.
Azərbaycanı və Ermənistanı birləşdirən Hizbullah
Yaxın Şərqdə terrorizm, qaçaqmalçılıq və korrupsiya ilə bilavasitə bağlı olan uzun bir xətt aşkar edilmişdir. Bu məxfi kəşfiyyat sənədində hansı qüvvələrin Yaxın Şərqdəki münaqişələrin qızışmasında iştirak etdikləri barədə məlumatlar göstərilir. Bu sənəddə prosesdə birbaşa və ya dolayısı ilə iştirak edən oliqarxların əməllərindən bəhs olunur. Hizbullah terror qruplaşmasına İran üzərindən müxtəlif döyüş texnikası növləri, odlu silahlar, raket sistemləri daşınır. Bir sıra başqa vasitələr, o cümlədən təchizat materialları, maliyyə resursları isə Azərbaycan və Ermənistanın da iştirakı olmaqla İranın nəzarəti altında Hizbullah qruplaşmasına ötürülür. İranın, Azərbaycanın indiki və Ermənistanın keçmiş hökumətinin məmurları bu fəaliyyətləri dəstəkləyərək qanunsuz gəlirlər dövriyyəsinə böyük maya qoyublar. Azərbaycanın indiki prezidenti və vitse- prezidenti, eləcə də Ermənistanın sabiq prezidenti Serj Sarkisyan özlərinə çox yaxın olan oliqarxlar vasitəsilə bu fəaliyyətlərin içində olublar və indiki İran rejiminin oliqarxları ilə birlikdə bu əməliyyatların mərkəzində dayanıblar. Öz şəxsi maraqları naminə onlar nəhəng cinayətkar biznes şəbəkəsinin daxilində birlikdə hərəkət edirlər. İran rejimi və hərbi kəşfiyyat qruplaşmaları Hizbullah terror qruplaşmasına silah, hərbi və sair resursların çatdırılmasında əsas qarantıdır.
Cavad Mərəndi adlı zirək adam
Bütün bu əməliyyatların vasitəçilərindən və koordinatorlarından olan İran mənşəli Cavad Mərəndi müxətlif istiqamətli geniş biznes xətlərini birləşdirən əhəmiyyətli fiqurlardan biridir. O, Azərbaycan hökumətindəki oliqarxların, özəlliklə də şəxsən İlham Əliyevin biznes tranzaksiyalarını təşkil edən şəxsdir. İlham Əliyev və birinci vitse prezident Mehriban Əliyeva İranın aparıcı şəxsləri ilə funksional işgüzar əlaqələr yaradıblar. Teokratik İran İran rejimi ilə Azərbaycanın avtoritar rejimi 15 ildən artıqdır belə işgüzar əlaqələrə sahibdirlər. Cavad Mərəndinin Azərbaycan hökumətinin vəzifəli şəxsləri ilə dərin əməkdaşlığı var və yaxın şəxsi münasibətlərdədir, o, yüksək vəzifəli şəxslərin biznesini idarə edir, ticari tranzitlər və bir sıra qanunsuz idxalat-ixracat əməliyyatlarını koordinasiya edir. Bu məlumatlar bəzi maraqlı tərəflərdən əldə edilib və prosesin gedişində təsdiq edilmiş informasiyalardır. Qeyri-rəsmi və qanunsuz ticarət əməliyyatları onun fəaliyyətinin əsas hissəsini təşkil edir. Cavad Mərəndi yükləmə-daşıma, malların çatdırılması və marketinqi, gəlirlərin bölüşdürülməsi sahəsində öz üzərinə ciddi funksiyalar və əhəmiyyətli öhdəliklər götürüb. Bu əməliyyatların həyata keçirilməsi ilə bağlı informasiyalar müxtəlif mənbələrdən dəfələrlə daxil olub. Cavad Mərəndi paytaxt Bakıda və regionlarda otel biznesinin idarəçiliyində də aparıcı şəxslərdən biridir. O, Azərbaycanın hökumət məmurları və tanınmış oliqarxları ilə eyni şəbəkədədir. Bu imkanlar hesabına, o, özəl loqistika biznesi, siqaret, medikament və sair malların Azərbaycan üzərindən tranziti və satışı biznesi ilə məşğuldur. İndi o həm də daşınmaz əmlak sektoruna investisiyaları ilə məşhurdur.
Cavanşir Feyziyev kimlərlə ortaqdır?
Azərbaycanda tütün və dərman inhisarçılarından olan oliqarx deputat Cavanşir Feyziyev də Mərəndinin yaxın biznes tərəfdaşıdır. Birinci vitse- prezident Mehriban Əliyevanın etimad göstərdiyi şəxs kimi Cavanşir Feyziyev Mərəndinin biznes layihələrində tərəfdaşlardan biri kimi iştirak edir. Cavad və Cavanşir iri biznes dələduzluqlarına görə qeyri-rəsmi himayədarlıq edən şəxslər kimi məsuliyyət daşıyırlar.
Cavadın ilk fəaliyyətlərinin nəticəsi İranın indiki şiə rejimi ilə sıx ticari, iqtisadi və siyasi münasibətlərin yaradılması olub. Gerçəkdir ki, indi İran rejimi şiə baxışları adı altında özünün fars millətçilyi siyasətini gizlədir. Bu rejim şiə fanatizmindən və İrana yaxın olan ölkələrdəki şiə əksəriyyətin duyğularından sui-istifadə edir. Allahşükür Paşazadə Azərbaycandakı şiə təriqətinin təmsilçisi və Qafqaz müsəlmanlarının rəhbəri olaraq İranın şiə rejimi ilə 30 ildən artıqdır ki, yaxın münasibətlərdədir. Öz biznes şəbəkəsi ilə çoxlu sahələrə nəzarət edən Allahşükür Paşazadə də Cavad Mərəndi ilə dərin və gizli əlaqələrə malikdir. Cavad Mərəndinin rəsmi olaraq heç bir rəsmi mövqeyi və öhdəlikləri yoxdur. Buna baxmayaraq o, İranın nəzarəti altında olan hərbiləşdirilmiş terror qruplarına resursların ötürülməsində iştirak edir.
«NAB Holdinq» sirri
Bu resurslar Cavadın işgüzar kanalları ilə uzlaşdırılaraq İran vasitəsilə Hizbullaha çatdırılır. Cavad Mərəndi Hizbullahın liderlərindən olan Naim Qasım, eləcə də onun silahdaşları olan Bəhram Orobi və Omid Orobi ilə yaxın münasibətlərdədir. Aydındır ki, Cavad Mərəndinin Hizbullaha pul köçürmələri də bu xətt vasitəsilə baş verir. Bəhram Orobi İrandakı «NAB Holdinq»in sahiblərindən biridir. «NAB Holdinq» həm də Azərbaycandakı biznes şəbəkələrinə daxil olan bəzi istiqamətlər üzrə partnyordur. «NAB Holdinq”ə Nadir, Bəhram və Şəhram Monagex Orobilər rəhbərlik edir. Cavad Mərəndi bu xətti Azərbaycanda Cavanşir Feyziyevin və başqalarının vasitəsilə idarə edilən biznes xətlərinə birləşdirən fiqurdur.
Bəhram Orobi və partnyorları «NAB Holdinq”ə daxil olan banklar vasitəsilə Hizbullaha pul köçürmələrini təşkil edirlər. Hizbullah, eləcə də şiə mənşəli başqa terror qruplaşmaları Yaxın Şərqdə, İranla qonşu ölkələrdə İranın mənafeləri naminə hərbi cinayətlərdə iştirak edirlər. Uzun illər ərzində müxtəlif mənbələrdən alınan informasiyalar şəraiti məntiqi olaraq əhatə edir və bir- biri ilə uzlaşır. Aydın olur ki, İran rejiminin yüksək vəzifəli şəxsləri, dolayısı ilə Azərbaycanın indiki və Ermənistanın keçmiş hökumətlərinə daxil olan yüksək vəzifəli dövlət adamları, eləcə də Allahşükür Paşazadə, Cavanşir Feyziyev, Cavad Mərəndi, Bəhram Orobi kimi iş adamları siyasi, dini, ideoloji, iqtisadfi zəmində unikal cinayət şəbəkəsi yaratmaqla, həm də Hizbullah kimi terror təşkilatlarına maliyyə dəstəyini gizlətməyə çalışırlar. Bu şəxslərin və qrupların birgə gəlirlərinin bir hissəsi də gizli və ya açıq tranzaksiyalar yolu ilə İran rejiminin və müxtəlif terror qruplaşmalarının güclənməsinə sərf edilir. TİME TV