Bu yazı həm də möhtərəm Prezidentimiz İlham Əliyev cənablarına müraciət kimi qəbul oluna bilər…

Ötən ilin sonlarında Prezident İlham Əliyev çox mühüm bir sərəncam verdi. Həmin sərəncamla Prezidentin köməkçisi Əli Həsənov işdən azad olundu və onunla birlikdə rəhbəri olduğu şöbə də tarixə qovuşdu. Prezident Adminstrasiyasının yeni strukturunda ümumiyyətlə Əli Həsənov adının təmsil olunmaması təkcə mediada deyil, bütün cəmiyyətdə əks-səda doğurdu. Bu sərəncam mənim də ürəyimdən oldu. Çünki məhz Əli Həsənovun sayəsində Azərbaycan mediası bərbad vəziyyətə düşmüşdü. Hamı tənqid oluna bilərdi, bircə Əli Həsənov və ətrafından başqa. 2007-ci ildə ailəsinin qısa müddətdə sahib olduğu biznesə dair bir yazını isitnadla dərc etidiymə görə, Əli Həsənovun ətrafının qeyri-rəsmi “qara siyahısına” düşmüşdüm, ona görə də Əli Həsənov işdən çıxarılan günə qədər hər zaman ayrı-seçkilik hiss elədim, narazılığımı büruzə verəndə isə “siyahının guya hansısa şöbədən, yaxud KİVDF-dən gəldiyinə eyham vurulur, bunda Mətbuat Şurasının heç bir rolunun olmadığı izah olunurdu. Təsəvvür edin ki, ən adi bir tədbirə belə dəvət etmirdilər, daim təcrid etməyə çalışırdılar, hansısa saytda gedən bir yazını istinadla dərc etdikdə isə tez zəng edib çıxartmağı xahiş edirdilər.
Gün keçdi, ay oldu, illər ötdü və şükr Allaha, möhtərəm Prezidentimiz nəhayət ki, Əli Həsənovu, bu günlərdə onun adamı sayılan Vüqar Səfərlini işdən azad elədi. Ardınca da MTRŞ-da keçirilən iclasda Nuşirəvan Məhərrəmli sədr postundan getdi. Düşünmək olardı ki, bəli artıq mediada “ayrı-seçkilik”, “bizimkilər” və s. bölgülər keçmişdə qaldı, bundan sonra hər şey yeni dövrə, Prezidentin başlatdığı islahatlar kursuna uyğun olacaq. Amma görünür ki, yanılmışıq, Əli Həsənov getsə də, vaxtilə əkdiyi əkdiyi toxumlar hələ öz təsirini göstərməkdədir.
Bu gün aprelin 11-də Mətbuat Şurası onlayn bir konfrans keçirib. Həmişəki kimi bir də hardasa gözünə sataşır ki, bəh-bəh, bəs sən demə bu gün konfrans olub, özü də yeni dövrün ruhuna uyğun olaraq onlayn qaydada. Düzdür o konfransda bəzi dostlarımız da iştirak ediblər. Onları da yəqin rəngarənglik olsun deyə dəvət ediblər ki, sonra kiminsə yaradıcılıq gecəsinə dönməsin. Belə konfrans təşkil olunanda tanınmış KİV-in elektron poçt ünvanlarına ən azı bir məktub göndərilməlidir. O KİV-ə ki, tanış-bilişlərinizə aid bir yazı olan kimi xahiş xahiş dalınca edilir. Neçə dəfələrlə Mətbuat Şurasının rəhbərliyində təmsil olunanlara narazılığımı bildirsəm də nəticə yoxdur, köhnə dəyirman öz işindədir. Görünür ki, Mətbuat Şurasının da islahatlara ehtiyacı var. Bəlkə ondan sonra ögey-doğmalıq, ayrı-seçkilik halları ictimai-siyasi şöbə kimi tarixə qovuşar və Azərbaycan mediası dərindən bir nəfəs alar. Yenə də ümid Prezidentədir. Ümid edirəm ki, tezliklə ölkədəki islahat ab-havası Mətbuat Şurasının divarları arasında daha dərindən hiss olunar və mediaya dövrün tələblərinə uyğun yeni nəfəs, yeni RUH gələr…
Sonda zəruri bir qeyd: Mətbuat Şurasının saytında onlayn konfransla bağlı xəbərdə başlığa düzəliş edin.

Paylaş