Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkiminin qanunsuz əməllərinin ifşa edilməsi barədə məlumat vermişdik. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkimi Ağayev İmran Əli Ağa oğlunun qeyri-rəsmi olaraq köməkçiləri olan həmin müəssisənin qeydiyyatçıları Orucov Qulu İlqar oğlu və İmanlı Taleh Mövlamerdi oğlu ilə qabaqcadan əlbir olub koronavirus xəstələrinin rəhbəri olduğu tibb müəssisəsində yerləşdirilməsi barədə məlumat daxil olub.

Bildirilir ki, İ.Ağayev müalicə alan xəstələrin daha yüksək səviyyəli tibbi və sair təminatla təchiz edilmələri müqabilində müxtəlif məbləğlərdə pul vəsaitinin rüşvət qismində yığılaraq sonradan öz aralarında bölünməsinə dair əvvəlcədən qarşılıqlı şəkildə ümumi razılıq əldə edib, həmin razılaşmaya uyğun olaraq xəstələrin həmin hospitala salınması, hospitalın “VİP korpus”u hesab edilən 15-ci korpusunda qəbul edilməklə yerləşdirilməsi və digər bu kimi üstünlüklər əldə etmələrinə görə hər xəstədən sonuncular vasitəsilə müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində alıb. Sonra bu pulu aralarında bölüblər.

Qeyd edək ki, bir ay öncə Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalında çalışmış bir qrup şəxs xəstəxananın qarşısına toplaşaraq əməkhaqlarının verilməməsindən şikayətçi olublar. Həmçinin onlar qanunsuz olaraq işdən çıxarıldıqlarını və istirahət günlərində çalışdıqlarını da deyiblər. Əməkdaşlar aylardır əməkhaqlarını ala bilmədiklərini də qeyd etmişdilər. “Müqavilədə həftədə 40 saat işləmək nəzərdə tutulduğu halda, bizi istirahətsiz 64 saat işləməyə məcbur ediblər, bunun müqabilində əməkhaqqı ala bilməmişik. Burada haqsızlıq baş alıb gedir. İşçiləri xəbərdarlıqsız işdən çıxarırlar. Xəstəxanada şərtlər çox ağırdır, nahar etməyə və sanitar qovşağıdan istifadə etməyə belə icazə vermirlər. Necə ola bilər ki, sanitar qovşağıdan istifadə edilməyə icazə verilməsin?! Biz məsul şəxslərlə görüş tələb edirik, onlar isə qarşımıza çıxmaq istəmirlər”, – aksiya iştirakçılarından biri qeyd edib.

“Hürriyyət”in əldə etdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalının mühafizə xidmətinin rəisi Elçin adlı şəxs və qəbula cavabdeh olan xəstəxanın həkimi Rəhim adlı şəxs hələ də məsuliyyətə cəlb edilməyib. Məlumata görə, xəstələrdən rüşvət qismində pulların alınması birbaşa mühafizə xidmətinin rəisi Elçin adlı şəxsin vasitəsilə həyata keçirilib. Digər bir məlumatda isə Modul Tipli Hospitalda FHN-in mühafizə xidmətinin qeyri-rəsmi olduğu iddia edilir. Burdan maraqlı bir sual yaranır. Görəsən, xəstəxanada iki mühafizə xidməti kimə və nəyə lazım idi? Maraqlısı budur ki, sözügedən şəxslər hələ də azadlıqdadır və məsuliyyətə cəlb edilməyib.

Paylaş