Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) güzəştli mənzillərin növbəti onlayn satışını həyata keçirib. 
Satışdan öncə iddiaçıların onlayn satış prosesini  test etməsi üçün  bir ay müddətində demo versiya aktiv olub. Lakin bu gün baş tutan onlayn satışın yekunu ilə bağlı sosial mediada müəyyən  narazılıqlar müşahidə olunur.
Sfera.az-ın məlumatına görə, şikayətlərdə qeyd olunur ki, MİDA-nın satışa çıxardığı mənzillər 4-5 saniyəyə satılıb və bu da şübhələrin yaranmasına səbəb olub. Bununla bağlı Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz deyib ki, bəzi iddiaçıların xüsusi proqram təminatlarından istifadə etdiyi bildirilir:
“Onlayn satış prosesini xeyli sayda dövlət qurumları və beynəlxalq qurum izləyir. Əvvəllər mən də bir neçə dəfə müşahidəçi olaraq bu prosesi izləmişəm.  Prosesin təkmilləşdirilməsi və şəffaflığın artırılması üçün təkliflər təqdim etmişik. Bu gün baş tutan onlayn satışa müşahidəçi olaraq dəvət edilməmişik. Ümid edirəm, MİDA bu gün baş tutan satış, narazılıqlar haqqında ətraflı məlumat verəcək”.
Bu günkü satışda iştirak edən Cavanşir Şirinov adlı şəxs artıq 10-cu saniyədə heç bir evin siyahıda çıxmadığını deyib:
“Bu o deməkdir ki, bu müddət ərzində evlər seçilib və elektron imza ilə imzalanaraq təsdiq olunub. Bu isə, heç bir halda ağlabatan deyil. 450-yə yaxın mənzildən heç olmasa, 5-10 mənzil siyahıda çıxmalı idi. Eybi yox, seçəndə yazılsın ki, baxılmadadır. MİDA-nın bu yolla ev satışını təşkil etməsi haqsızlıqdan əlavə, hansısa proqramçıların bazarının genişləndirilməsinə xidmət edir.

Digər iştirakçı Ceyhun Fikrətoğlu bir aydır məşq etdiyini deyib:
“Hətta tanıdığım insanlar var ki, 8 saniyəyə mənzil siyahısını görə bilməyib. Hüquqda yaxşı bir anlayış var: ağlabatan. 6 saniyə belə edənlər yazırlar ki, ala bilməyiblər. Deməli, mən nə qədər məşq eləsəm də, 6 saniyədən aşağı düşə bilmərəm. Nəticənin insan təfindən əldə edilməsi ağlabatan deyil. Açıqlamalarda beynəlxalq konsaltinq şirkətlərinin nə deyəcəyi maraqlıdır”.
Qeyd edək ki, mənzil seçimi elektron qaydada həyata keçirilir. İddialara görə, bəzi şəxslər mənzil seçimi üçün ayrıca olaraq ödəniş müqabilində İT mütəxəssis tuturlar. “Haker”in haqqı 6-7 min manat arası dəyişir. Maklerlərin “sosial evlər”i biznesə çevirməsi də iddialar sırasındadır. Onların xüsusi yollarla evləri udaraq 10-15 min baha satdıqları bildirilir.
Sfera.az
Paylaş