Azərbaycanda dövlət vəsaiti hesabına keçirilən satınalmalardakı problemlər həmişə cəmiyyətin diqqət mərkəzindədir. Bu problemlərin uzun illər boyu həll olunmamış qalması nəticəsində milyard manatlarla dövlət vəsaiti mənimsənilib, onların yönləndirilməli olduğu layihələrin dəyəri qat-qat şişirdilib, son nəticədə ortaya keyfiyyətli bir iş də qoyulmayıb.

Son həftələrdə dövlət satınalmaları üçün tenderlərin keçirilməsi prosesində vəsaitlərin hansı yollarla mənimsənildiyini bir məhkəmə prosesindən daha aydın görmək olur. Xarici İşlər Nazirliyinin (XİN) İşlər İdarəsinin keçmiş müdiri Fərhad Mollazadə və bu idarənin tabeliyindəki Təsərrüfat şöbəsinin müdiri olmuş Səlim Əlizadənin məhkəməsində aparılan son dindirmələrdən məlum olur ki, ev təmiri ilə məşğul olan ustanın, mühasibin, heç bir iş-gücü olmayan şəxslərin də adlarına şirkətlər yaradılıb, həmin şirkətlər tenderlərin qalibi edilib, onların hesabına pul köçürülüb. Buna görə sənədlərdə adı şirkət rəhbəri kimi keçən şəxslərə köçürülmüş məbləğin 1-2 faizi, yaxud da aylıq 200-300 manat pul verilib.

Bu mexanizmin necə işlədiyini həmin şirkətlərin “rəhbər”lərindən birinin dedikləri ilə müəyyənləşdirmək mümkündür. Həmin şirkət “rəhbəri” Çingiz Abışov deyir ki, işi-gücü yox idi, pula da ehtiyacı vardı. Ona görə Rövşən (“Əmrahbank”ın əməkdaşı Rövşən Məmmədov – red.) adına şirkət yaradılmasını təklif edəndə dərhal razılaşıb: “Mənə dedi ki, adına şirkətlər yaradaq, sən də pul qazan. Həmin vaxt işləmirdim, ona görə dərhal razılaşdım. Hər dəfə hesaba pul gələndə gedib çıxarıb Asif adlı adama verirdim”. Bu üsulla 2 ilə yaxın iş gördüyünü və ayda da 300 manat aldığını deyən şahid məhkəmədə deməsə də, DTX-da istintaqa ifadəsində bildirib ki, həmin Asif XİN-in əməkdaşı idi: “Asif deyirdi ki, pulu aparıb Səlim Əlizadəyə çatdırır”.

Qeyd edək ki, proseslərin bir çoxunda vasitəçi kimi “Əmrahbank”ın əməkdaşı Rövşən Məmmədovun adı hallanır. Xatırladaq ki, bundan əvvəlki məhkəmə iclaslarında da bazarda göyərti satan, taksi fəaliyyəti ilə məşğul olan şəxslərin adlarına şirkətlər açılıb ora külli miqdarda vəsait köçürüldüyü üzə çıxmışdı.

Beləliklə, sabiq XİN rəsmilərinin timsalında biz Azərbaycanda 10 manatlıq şirkətlərin çoxminlik, milyonluq tenderlərdə hansı məqsədlə qalib çıxarıldıqlarını faktlar üzrə öyrənmiş oluruq. Maraqlıdır ki, qanunvericilikdə belə şirkətlərin tenderlərə buraxılmasını əngəlləyəcək müddəalar yoxdur.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin şöbə müdiri Əhməd Həsənov deyir ki, Azərbaycan qanunvericiliyi yeni yaradılan sahibkarlıq subyektlərinin qeydiyyatı üçün məbləğ məhdudiyyəti qoymur: “Son zamanlar KİV-də yeni yaranmış və nizamnamə kapitalı az olan sahibkarlıq subyektlərinin (məsələn; 10 manat, 100 manat və s.) irihəcmli tenderlərdə iştirakı məsələsi tez-tez gündəmə gətirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində məhdud məsuliyyətli cəmiyyət (MMC) və səhmdar cəmiyyətlərin (SC) qeydiyyata alınması üçün konkret minimum məbləğ tələbi müəyyən edilməyib”.

Ə.Həsənovun sözlərinə görə, dövlət satınalmalarını tənzimləyən qanunvericilikdə MMC və SC-lərin satınalma prosedurlarında iddiaçı qismində iştirakı üçün də belə tələb yoxdur. O, yeni yaranmış sahibkarlıq subyektlərinin tenderdə iştirakı məsələsinə də toxunub: “Dövlət satınalmaları haqqında” Qanunda şirkətin yaranma tarixindən asılı olaraq tenderdə iştirak etmək üçün hər hansı məhdudiyyət nəzərdə tutulmayıb”.

Şöbə müdiri bildirir ki, Azərbaycanda mikro, kiçik və orta sahibkarlarlıq subyektlərinin dövlət qurumlarının tenderlərində iştirakı stimullaşdırılır: “Mikro, kiçik və orta sahibkarlarlıq subyektlərinin tenderdə iştirakına şərait yaradılması məsələsinə gəlincə isə, həmin qanunun 50-1-ci maddəsində ehtimal olunan qiyməti 3 milyon ABŞ dollarının manat ekvivalentində və ya ondan aşağı olan malların (işlərin, xidmətlərin) satın alınması yalnız mikro, kiçik və orta sahibkarlıq subyektlərinin iştirakı ilə, açıq tender və ya kotirovka sorğusu üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə keçirilir”.

O, borcu olan şirkətin tenderin qalibi elan edilməsi ilə bağlı məsələdən danışıb: “Qalib elan edilə bilər. Burada əsas tələb qalib şirkətin ”Dövlət satınalmaları haqında” Qanunun 6.2.5-ci maddəsinə əsasən, Azərbaycanda vergilərə və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəliklərinin olmamasıdır. Sahibkarlıq subyektlərində cari borcların olması tenderdə iştirak və qalib elan olunmaq üçün məhdudiyyət yaratmır”.

Onu da bildirək ki, Hesablama Palatası bir qayda olaraq tender prosesləri, onlara nəzarətin vəziyyəti ilə bağlı araşdırmalar aparır. 2020-ci ildə Palatanın Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin təqdim etdiyi illik hesabat əsasında apardığı araşdırma dövlət satınalmaları sahəsində uzun illərdir mövcud olan kəskin problemlərin olduğu kimi qaldığını üzə çıxarıb. Ümumilikdə, Hesablama Palatası dövlət satınalmaları sahəsində rast gəlinən nöqsanlar sırasında satınalmanı həyata keçirən qurumlar tərəfindən illik və rüblük satınalma planlarının hazırlanmamasını, şəffaflıq və səmərəlilik prinsiplərinə əməl edilməməsini, dövlət satınalmalarında ehtimal olunan qiymətin düzgün hesablanmamasını və ya ümumiyyətlə hesablanmamasını, satınalmaların qurumun məhsullara, işlərə və xidmətlərə olan tələbatı nəzərə alınmadan və konkretləşdirilmədən planlaşdırılmasını, satınalmaların keçirilməsi üçün təsdiq olunmuş smeta deyil, maliyyələşmənin əsas kimi qəbul edilməsini xüsusilə vurğulayır.

Palatanın araşdırmaları göstərir ki, əksər satınalma keçirilən qurumlarda hər bir mərhələdə müxtəlif pozuntu halları mövcuddur. Məsələn, satınalmaların planlaşdırılması mərhələsi ilə bağlı problem büdcə istifadəçiləri tərəfindən satınalma planının təsdiq edilməməsi, yaxud bunun formal mərhələ kimi qəbul edilməsidir: “Belə ki, bu yanaşma zamanı dövlət ehtiyacları üçün malların miqdar və həcminin tələbata uyğunluğu, hər hansı bir metodla keçirilən satınalmaların məqsədəuyğunluğu araşdırılmır. Nəticədə isə bu nöqsanlar büdcə vəsaitlərinin təyinatı üzrə istifadə olunmamasına və sonradan uzunmüddətli saxlanmaya uyğun olmayan qalıqların yaradılmasına, həmçinin satınalma metodlarının icazəli və ya icazəsiz dəyişdirilməsinə səbəb olur”.

Satınalmaların keçirilməsi zamanı yol verilən uyğunsuzluqların təhlili göstərir ki, satınalma subyektləri büdcə vəsaitlərindən istifadə edərkən mövcud vaxt çərçivəsinə uyğunlaşmaq, həmçinin dövlət satınalmaları prosedurlarının həyata keçirilməsi zamanı rəqabət üsullarının istifadəsindən yayınmaq üçün qanunvericiliyin tələblərini pozurlar. Çox maraqlıdır ki, Hesablama Palatasının araşdırmaları, məsələn, XİN rəsmilərinin məhkəməsi zamanı üzə çıxan qanunsuzluqları üzə çıxarmayıb. Hər halda, açıqlanan hesabatlarda belə faktlar əksini tapmayıb. Bir çox mütəxəssislər əslində Palatanın dövlət satınalmaları prosesindəki bütün qanunsuzluqları aşkarladığını, lakin onları açıqlamadığını bildirirlər.

Dünya Bankının bu ildən dayandırılan “Doing Business” hesabatında Azərbaycanın dövlət satınalmaları sahəsində həyata keçirdiyi bir sıra tədbirlər müsbət islahat kimi qəbul edilib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Doing Business-2020″ hesabatında Azərbaycanın mövqeyi ilə bağlı hazırladığı təqdimatdan aydın olur ki, son illərdə Azərbaycanda dövlət satınalmaları sahəsində bir sıra islahatlar həyata keçirilib: Dövlət satınalmalarının vahid internet portalı və elektron satınalma institutu yaradılıb. Elektron satınalma ilə bağlı bütün prosedurlar və qarşılıqlı informasiya mübadiləsi vahid internet portal vasitəsilə onlayn həyata keçirilir. Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin dövlət satınalmalarında iştirakı stimullaşdırılıb. Tender təklifinin təminatının 1-5 faizi səviyyəsindən 1 faizi səviyyəsinə endirilib. Dövlət satınalmaları üzrə şəffaflıq və səmərəlilik artırılıb, şikayətlərə baxılması müddəti 20 bank günündən 10 bank gününə və qərar elektron qaydada təqdim olunmaqla müddət 3 bank günündən 1 bank gününədək azaldılıb. İslahatlar nəticəsində satınalma prosesinin müddəti 53 gündən 31-ə endirilib.

Həyata keçirilən tədbirlər dövlət satınalmaları sahəsindəki problemləri nə qədər aradan qaldıra bilib? Bu sahədə hansısa müsbət tendensiya varmı?

Sualları cavablandıran iqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, tenderlər Azərbaycanda ən böyük korrupsiya mexanizmlərindən birinə çevrilib: “Bir qayda olaraq tenderlərdə məmurlara bağlı şirkətlərin önə çıxarılması, əksər tenderlərin qaliblərinin məmurlar olması adət halını alıb. Düşünmürəm ki, həyata keçirilən kosmetik xarakterli dəyişikliklər bu sahədə vəziyyətin köklü şəkildə dəyişməsi üçün yetərlidir. Bu günün özündə də bir neçə həftə əvvəl yaradılan şirkətlərin irihəcmli tenderdə qalib gəlməsi halları geniş yayılıb. Halbuki ölkə qanunvericiliyində tenderdə iştirak edən şirkətlərin ixtisaslaşması ilə bağlı xeyli tələblər var. Bu vəziyyəti aradan qaldırmaq üçün prosesin mərkəzləşdirilməsinə ciddi ehtiyac var. Hazırda Azərbaycanda icra hakimiyyətlərindən tutmuş, nazirlik, komitə və agentliklərə qədər minlərlə qurumun tender elan etmək hüququ var. Belə pərakəndəlik həmin icra hakimiyyətləri, dövlət komitələri, dövlət qurumlarının əl-qolunu açır, onlar müxtəlif mexanizmlərlə öz adamlarını tenderlərdən qalib çıxara bilirlər. Ona görə də bu prosesin mərkəzləşdirilməsi, tam şəffaflaşdırılması, bütün prosesin elektronlaşdırılması təmin edilməlidir”.

Ekspert qeyd edir ki, tenderdə iştirak haqqı 1,5 faizdən 1 faizə endirilsə də, 1 faizin özü də böyük məbləğdir: “Bu, tenderdə iştirakçılığı məhdudlaşdıran amillərdən biridir. İrihəcmli alqı-satqılarda tenderdə iştirak haqqı min manat və ondan yuxarı olur ki, şirkətlər indiki qeyri-sağlam rəqabət şəraitində həmin məbləği itirmək istəmirlər. Buna görə də iştirak haqqının daha da azaldılması zəruridir”.
“Yeni Müsavat”

Paylaş